“Azəriqaz”ın limit müəmması – Sayğacların qərardan niyə “xəbəri” yoxdur?

“Azəriqaz”ın limit müəmması – Sayğacların qərardan niyə “xəbəri” yoxdur?

Noyabrın 28-də Tarif Şurası təbii qazın və elektrik enerjisinin qiymətlərinin differensiallaşdırılması barədə qərar qəbul etdi. Təbii qazın differensial tarifi 2017-ci ilin yanvar ayının 1-dən qüvvəyə minəcək.

Nəzərə alsaq ki, yeni sayğaclarda qazın ödənişi əvvəlcədən aparılır, vaxtdan səmərəli istifadə etməyə qərar vermiş istifadəçilər kütləvi şəkildə sayğaclarına kub metrlər yükləməyə başladılar. İstifadəçiləri başa düşmək asandır: yanvar ayına qədər mövcud 10 qəpik tarifi ilə mümkün qədər çox qaz alıb, gələn il baha qiymətə qaz almaqdan can qurtarmaq istəyirlər.

Lakin bundan duyuq düşən “Azəriqaz” dekabrın əvvəlində belə bir qərar verdi ki, yanvar ayının 1-ə qədər təbii qazı hər dəfə 100 manat olmaqla cəmi 2 dəfə almaq olar. Başqa sözlə, 200 manatdan artıq sayğaca təbii qaz həcmi yükləmək qadağan edildi.

Virtualaz.org-un əməkdaşı qoyulan limiti təcrübədə sınaqdan keçirmək qərarına gəlib. Əvvəlcə, normal olaraq iki dəfə hər dəfəsində 100 manat olmaqla qaz kartına yükləyib və sayğaca cəmi 2000 kub metr qaz həcmi əlavə edib. “Azəriqaz”ın məntiqi ilə bundan sonra karta yeni həcm yükləmək mümkün olmamalı idi.

Bu gün səhər eyni əməkdaşımız eyni “Azəriqaz” kartı ilə eyni “MilliÖn” terminalından daha 2 manatlıq qaz alıb! Faktiki olaraq, limiti aşaraq, dekabr ayı ərzində 202 manatlıq qaz yükləyib.

Məsələyə aydınlıq gətirmək üçün “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayevə müraciət etdik. Əməkdaşımızın sualına cavab verən İ.Kərbalayev bildirdi ki, limit tətbiq edilib və bunu aşmaq olmaz. Limiti artıq aşdığımızı və heç bir problemlə qarşılaşmadığımızı bildirdikdə, məmur cavab verdi ki, karta əlavə həcm yüklənsə də, sayğac bunu qəbul etməyəcək və bloklanacaq.

Bu yerdə hörmətli mətbuat xidmətinin rəhbərinin və oxucuların diqqətinə çatdırmaq istəyirik ki, sayğaclar ağıllı cihaz hesab edilmir, başqa sözlə, onlar proqramlaşdırıldığı kimi işləyir və yeni qərarlardan bixəbərdirlər. Onların tətbiq olunan yeni tariflərdən və limitlərdən xəbəri yoxdur. Sadəcə, kartla yüklənən qədər qaz həcmini (məbləği deyil) qəbul edir və istifadəçiyə o qədər də qaz buraxırlar.

Yəni, əgər noyabr ayında siz sayğaca lap 500 manatlıq da qaz yükləyə bilirdinizsə, dekabrda da sayğac eyni mexanizm üzrə işləyir və ona xaricdən müdaxilə edilməyənə qədər iş prinsipini dəyişmir.

Əslində, limit kartlara tətbiq edilməli idi. Yəni bizim əməkdaş bu gün kartına əlavə qaz həcmi yükləməyə cəhd etdiyi zaman “MilliÖn” terminalı bildirməli idi ki, limit dolub və artıq həcm yükləmək mümkün deyil. Bu baş vermədi və sayğacdan intellekt gözləmək yersizdir.

“Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevə bu arqumentləri sadaladıqdan sonra cavabı qısa oldu: “Onda yükləyin”…

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər