ABŞ strateqlərini təşvişə salan siyasət: “Yeni Böyük Türkiyə” xəritəsi hansı əraziləri əhatə edir? (Bizim şərh)

ABŞ strateqlərini təşvişə salan siyasət: “Yeni Böyük Türkiyə” xəritəsi hansı əraziləri əhatə edir? (Bizim şərh)

ABŞ strateqləri Ankaranın müstəqil oyunçuya çevrilməsindən ehtiyat edir. Vaşinqtonlu ekspertlər belə hesab edirlər ki, Rusiyanın Cənubi Qafqazdan gedəcəyi təqdirdə, türklər bundan istifadə edərək, müasir Türkiyənin sərhədlərini genişləndirməyə cəhd göstərəcəklər.

İrəvanda da hesab edirlər ki, türk siyasi dairələrində Ermənistan “Yeni Böyük Türkiyə”nin tərkib hissəsi kimi qəbul olunur. Amerikalı ekspertlərin qənaətinə görə, ilk mərhələdə türklər ictimai rəydə uğur əldə etmək, sonra isə konkret addımlar atmaq niyyətindədirlər. Onların fikrincə, “Yeni Böyük Türkiyə” xəritəsi hazırkı Türkiyə ərazilərinin sərhədlərini aşır.

Bu ideya Kiprin, Suriyanın və İraqın şimal ərazilərinin, Yunanıstanın bir hissəsi, Azərbaycan və Gürcüstanın müəyyən ərazilərindən ibarət Osmanlı imperiyası sərhədlərində yeni, qüdrətli bir dövlətin yaradılmasını ehtiva edir. Yunanıstan bütün cəbhələrdə məğlubiyyətə düçar olub və heç bir tarixi perspektivə malik deyil.

Təhlilçilərin gəldiyi qənaətə görə, nə Yunanıstan, nə də ki Kipr Egey dənizindəki neft və qaz yataqlarının istismarı və işlənməsinə qadirdir. Bu amil həmin ölkələri Türkiyədən asılı vəziyyətə salır. Araşdırmaçılar hesab edirlər ki, məhz türklərlə əməkdaşlıq yunanlara Aralıq dənizindəki sərvətdən pay almaq ümidi yarada bilər. Osmanlının yenidən bərpa edilməsi ilə bağlı deyilənləri həddən ziyadə şişirdilmiş hesab etmək olar. Lakin bir fakt da inkar edilməzdir ki, Türkiyə son illər ərzində bölgədə elə bir mühüm oyunçuya çevrilib ki, Ankaranın iştirakı olmadan regional problemlərin həlli imkansız görünür.

Türkiyənin maraqlarına qarşı çıxan bölgədəki kiçik oyunçular asanlıqla sıradan çıxarıla bilər. O da təkzibolunmazdır ki, Ankara bölgədə zəifləməkdə olan Rusiyanın yerini tutmağa cəhd edir. Suriya, İraq, Gürcüstan, Azərbaycan məsələlərində Ankara söz sahibidir.

Hazırkı mərhələdə Rusiya ilə əməkdaşlıq edən Türkiyə üçün perspektivdə Ermənistanı Rusiyanın caynağından almaq, ərəb ölkələrində əsas söz sahiblərindən birinə çevrilmək, Avropadakı mövqelərini gücləndirmək prioritet məsələlərdəndir. Coğrafi mövqeyinin yaratdığı üstünlüklərdən faydalanan Ankara Qərbə belə bir mesaj verir ki, Rusiyanın enerji şantajına qarşı alternativ də var. Bu alternativ türkdilli dövlətlərin təbii ehtiyatlarıdır.

Türk dövlətləri olan Azərbaycanın, Qazaxıstanın, Türkmənistanın neft və qaz ehtiyatları Türkiyə ərazisi vasitəsilə Qərbə ötürülərsə, bunun üzərində işləmək lazımdır və daha sərfəlidir. “Türk OPEK”i də bu məqsədlə yaranır. Və nəhayət, üçüncü addım Qərb üçün Rusiyadan da, İrandan da yan keçən, Avropanı Yaponiya və Çinlə birləşdirən Bakı-Tiflis-Axalkələki- Qars dəmiryolu ola bilər. Bu da Qərbin o qədər də isti münasibət bəsləmədiyi, ancaq ona təklif olunan sərfəli variantdır.

Qərbə anladılır ki, Türkiyə ilə nəticəsi bəri başdan bəlli olmayan müharibəyə başlamaqdansa, regionu qeyri-sabitliyə aparmadan alternativ variantlar üzərində düşünmək lazımdır. Bir sözlə, Türkiyə real güc sahibinə çevrilməkdədir. Bu istiqamətdə Ankara Bakı ilə əməkdaşlıqda maraqlıdır. Elə Azərbaycanın da təhlükəsizliyi Türkiyə ilə daha sıx əməkdaşlıqdan keçir…

Avropa.info-nun ekspert qrupu

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər