Bakıda ABŞ və Rusiya ordusunun baş qərərgah rəislərinin görüşünə hazırlıqlar gedir : Baş qərərgah rəisləri Azərbaycan rəsmiləri ilə görüşdülər (Yenilənir)

Bakıda ABŞ və Rusiya ordusunun baş qərərgah rəislərinin görüşünə hazırlıqlar gedir : Baş qərərgah rəisləri Azərbaycan rəsmiləri ilə görüşdülər (Yenilənir)

Fevralın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danfordun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Avropa.info Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Zakir Həsənov iki ölkə arasında hərbi əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək, Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, o cümlədən Silahlı Qüvvələrimizin NATO proqramları çərçivəsində fəaliyyəti, Əfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verilən töhfə haqqında ətraflı danışıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

 

Qarşılıqlı maraq doğuran görüşdə Xəzər dənizində təhlükəsizlik məsələləri, kütləvi qırğın silahlarının yayılmaması, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əlaqələrin genişləndirilməsi, treninqlərin keçirilməsi və hərbi təhsil məsələləri müzakirə olunub.

Azərbaycana ilk dəfə səfər etməsindən məmnun olduğunu bildirən qonaq Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə ikitərəfli görüşün Bakıda keçirilməsi üçün göstərilən səylərə və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

***

Fevralın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.

Müdafiə Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, qonaqları salamlayan Müdafiə naziri iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin regional sabitliyə əsas təhlükə yaratdığını və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Ordu generalı V.Gerasimov da əlaqələrimizin tarixi köklərə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edərək yüksək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini bir daha qeyd edib.

“Beynəlxalq Ordu Oyunları – 2017” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku – 2017” müsabiqəsinin təşkilində və bilavasitə iştiraka görə Azərbaycana təşəkkürünü bildirən qonaq, bu cür tədbirlərin keçirilməsinin iştirakçı ölkələrin silahlı qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması, təcrübə mübadiləsi və hərbi qulluqçular arasında dostluq münasibətlərinin yaranmasına xidmət etdiyini diqqətə çatdırıb.

Sonra tərəflər hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivlərini müzakirə edib və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Sonda ordu generalı V.Gerasimov ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri general Cozef Danford ilə ikitərəfli görüşün Bakıda təşkil edilməsi və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danfordun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Avropa.info xəbər verir ki, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin hərbi, siyasi, iqtisadi, enerji təhlükəsizliyi, müdafiə, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi vurğulanıb.ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirib, ölkəmizin Əfqanıstana yük daşımalarına önəmli töhfə verdiyinə görə təşəkkürünü bildirib.Söhbət zamanı ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsi sədrinin Azərbaycana səfərinin müdafiə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub, ölkələrimiz arasında dostluq əlaqələrinin bundan sonra da inkişaf edəcəyi bildirilib.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər