Milli Məclisdə bank faizləri, israfçılıq, bahalıq müzakirələri – Deputlardan etiraz

Milli Məclisdə bank faizləri, israfçılıq, bahalıq müzakirələri – Deputlardan etiraz

“2016- ci ildə yaranmış vəziyyətdən çıxmaq üçün bir sıra tədbirlər görülüb. Beynəlxalq Valyuta Fondu ötən il iqtisadiyyatımızda 2,5 faiz artım olacağını proqnozlaşdırmışdı. Ancaq hökumət bu rəqəmi 1,8 faiz olacağını vurğulamışdı. Amma təəssüf ki, ötən il artım əvəzinə 3,1 faiz enmə müşahidə olunub. İlk növbədə islahatlar xalqa çatdırılmalı və onlar tərəfindən dəstəklənməlidir. Bunun üçün İTV-də Rusiyada olan biznes kanalı formasında olan bir blok yaradılsın və əhali iqtisadi proseslərlə bağlı məlumatlandırılsın. Rayonlarda yeni iş yerlərinin açılması istiqamətində işlər görülməlidir”. Bu fikirləri parlamentdəki müzakirələr zamanı deputat Əli Məsimli söylədi.

Deputat Fərəc Quliyev isə xərclənmələrə həssas yanaşmağı zəruri saydı: “Elə nazirliklər var ki, təmir işlərinə on milyonlarla vəsait sərf edirlər. Hansı ki, bu qədər vəsaitə üç kənd salmaq olar. Xahiş edirəm vəsaitlərin qənaətlə xərclənməsi məsələsinə ciddi diqqət yetirilsin. Biz müharibə aparan dövlətik”.

Deputat Fəzail Ağamalı isə hökumətin diqqətini bazarlardakı bahalığa çəkməyə çalışdı: “Bazarlar od tutub yanır. Ətin, tərəvəz məhsullarının, digər ərzaq mallarının qiyməti durmadan qalxır. Mövcud problemlərin həlli üçün təcili tədbirlər görülməlidir. Unutmayaq ki, sahibkarlıq “qızıl təbəqə” adlandırılır. Bəzi möhtəkirlər vəziyyətdən sui-istifadə edirlər. Bunlar barədə sərt tədbirlər görülməlidir. Ölkədə maliyyə çətinlikləri var”. Deputat ardınca dedi ki, “Sovetski” ərazisində yollar təmir adı altında dağıdılıb: “Hörmətli baş nazir, xahiş edirəm, səlahiyyətlərinizdən istifadə edib, o ərazilərdə yolların bərpa edilməsinə kömək edəsiniz”.

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov dedi ki, Nazirlər Kabinetinin fəaliyyəti qənaətbəxşdir: “Dünyada böhran baş verir, Azərbaycanda isə xeyli iş görülüb. Qiymət artımı digər ölkələrdə də var. Qiymətlər artır, bu, təbiidir, amma süni şəkildə artımın qarşısını almalıyıq”.

Daha sonra S.Novruzov problelmlərdən bəhs etdi: “Vətəndaşların əziyyət çəkməməsi üçün süni qiymət artımının qarşısı alınmalıdır. Məsələn, banklar dollar depozitini 3 faizlə götürür, vətəndaşa 24 faizlə verirlər. Vətəndaşın bu kreditləri qaytarması çətindir. Onlar hansısa əsasla bunu edirlər. Vətəndaşı soymaq olmaz, belə olanda vətəndaş hüquq-mühafizə orqanları ilə qarşı-qarşıya qalır. Prezident İlham Əliyevin dediyi kimi, hər şey vətəndaş üçün olmalıdır. Vətəndaşı niyə qorumamalıyıq”. S.Novruzov digər vacib məsələyə də toxundu: “Özəl sektorda çalışan insanlar ixtisara salınır, maaşları azaldılır. Bunun qarşısı alınmalıdır. Biz əvvəlcə həmin şirkətlərin vergi sisteminə baxmalıyıq, ona şərait yaratmalıyıq. Sonra da soruşmalıyıq ki, vətəndaş niyə ixtisara düşür, əvvəllər aldığı maaşı niyə ala bilmir?. Bu məsələyə ciddi diqqət yetirmək lazımdır və məsələlər tələb formasında qoyulmalıdır”.

Musavat.com

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər