Nərgiz Paşayevanın qızının pullarını kim oğurlayıb? – Sensasion araşdırma

Nərgiz Paşayevanın qızının pullarını kim oğurlayıb? – Sensasion araşdırma

Bir sıra müxalifət nəşrləri ölkədə yeni qalmaqalla bağlı məlumat yayıblar və baş verənlərin mərkəzi fiquru oxucularımıza yaxşı tanış olan korrupsiyaya bulanmış surət – Bakı Dövlət Universitetinin prorektoru İbad İbadovdur.

Bir neçə həftə öncə jurnalist araşdırmamızın gedişində kifayət qədər maraqlı fakt üzə çıxıb: fırtınalı 90-ların – vəhşi cəbhə dövrünün məmurlarından biri İbad İbadov hansısa yollarla BDU-nun rektoru və hakim elitanın aparıcı üzvlərindən olan alim Abel Məhərrəmovun etimadını qazanmış insanlar çevrəsinə daxil olub. Bu azmış kimi, məlum olub ki, məhz İbad İbadov vasitəsilə A.Məhərrəmov müxalifətə böyük məbləğdə pul vəsaiti ötürüb. Bu barədə virtualaz.org hələ ilin əvvəlində bəhs etmişdi.

Budur, yeni qalmaqal. İ.İbadovun kürəkəni – həm də Kamran Hüseynov kimi tanınan Aqil Əziz oğlu Hüseynov həbs olunub. Aqil və Kamran – ikiüzlü fırıldaqçı Yanus – Azərbaycan Cinayət Məcəlləsinin pis qoxulu 178-ci maddəsi üzrə ağır cinayətlərdə ittiham olunur.

İbad İbadov

Aqil Hüseynov həbs edilənə kimi “UR Style” MMC-nin icraçı direktoru vəzifəsini tutub. Şirkət konsert və teatr tədbirlərinə biletlərin mərkəzləşdirilmiş satışı ilə məşğul olub. Şirkətin sahibi isə Azərbaycanın birinci vitse-prezidentinin bacısı Nərgiz Paşayevanın qızı Ülviyyə Mahmudovadır. Paşayevanın qızının şəxsi biznesi var – o, nəşriyyat evi, restoran, marketinq şirkəti sahibəsidir və dövlətin xəzinəsinə buna görə mütəmadi olaraq vergi ödəyir, başqa sözlə, ölkə qanunlarına tam müvafiq olaraq, leqal və şəffaf sahibkarlıqla məşğuldur. O, xeyriyyəçiliklə də məşğul olur və bunu reklam etməyi xoşlamır. Burada sensasion və kriminal heç nə yoxdur. Şirkətin icraçı direktorunun – Aqilin, eyni zamanda da Kamranın vəzifələrinə isə konsert və tamaşalara biletlərin satışına müvafiq nəzarəti həyata keçirmək daxil idi.

Ötən payız şirkətin maliyyə departamentində xoşagəlməz hallar aşkarlanıb və Aqil Hüseynovun fəaliyyətinin yoxlanılması barədə qərar qəbul edilib. Tezliklə şübhələr özünü doğruldub: Aqil həyasızcasına şirkətin gəlirindən xeyli məbləği mənimsəyib, şirkətin nizamnaməsində nəzərdə tutulmayan qeyri-qanuni sövdələşmələrə imza atıb. Son  zamanlar kifayət qədər yayılmış və görünür ki, tüğyan edən iqtisadi böhran və sosial bəlalarla izah edilən hal – dələduzluq göz qabağındadır.

Şirkətin rəhbərinə maliyyə çatışmazlığı və oğurluq barədə məlumat verilib. Ülviyyə Mahmudova necə hərəkət edib? Bir zamanlar Aqil Hüseynovu şirkətdə işə BDU-nun tədris hissə müdiri İbad İbadovun xahişi ilə götürmüşdülər. Buna görə də, tam məntiqə uyğundur ki, şirkət sahibi ilk növbədə baş vermiş hadisə ilə bağlı BDU rektoru A.Məhərrəmovu məlumatlandırıb. Öz növbəsində, rektor müavini – həmin o İbad İbadovu qəbuluna çağıraraq kürəkəninin törətdiyi işlər barədə məlumat verib. Xəzinədə 263 min 940 manat çatmır. Oğurlanan pulları qaytarmaq lazımdır!

İbadov dayağının ayaqlarına yıxılır və əfv diləyir, eyni zamanda pulları qəpiyinə qədər qaytaracağını deyir. Görünə bilər ki, bununla da iş bitir. İbadov kürəkəni ilə birlikdə oğurlanan pulları qaytaracaqlar və tərəflər əmin-amanlıqla geri çəkiləcək. Lakin belə olmur. Sentyabrın 19-da İbadov kürəkəninin kabinetində peyda olur və şirkətin meneceri Fuad Rəhimovla baş mühasib Fuad Xayimova sövdələşmə təklif edir – maliyyə sənədlərinin saxtalaşdırılmasını. Arxadan vurulan daha bir xain zərbə! Lakin şirkətin əməkdaşları dərhal İbadovla kürəkəninin cinayətkar fikirləri barədə xəbər verirlər.

Cinayətkarlar şirkətin sahibinə başqa çıxış yolu qoymurlar və o, hüquq-mühafizə orqanlarına müraciət edir. Ü.Mahmudova ərizə ilə Vergilər Nazirliyinə müraciət edir, menecerlə baş mühasib isə istintaqa verdikləri ifadələrində kürəkənlə qayınatanın cinayətkar hərəkətləri barədə məlumatı təsdiq edirlər.

Ülviyyə Mahmudova – Nərgiz Paşayevanın qızı

Ədalətin cəza qılıncını boyunlarında hiss edən fırıldaqçılar əsəbiləşirlər və sentyabrın 21-də İbadovun qardaşı – Ceyhun İbadov şirkətin xəzinəsinə 50 min manat keçirir. Fəqət bütün məbləğ qaytarılmayıb – 213 min 940 manat açıqdır. Sonradan istintaqda həm İbadov, həm də qardaşı Ceyhun həm borcun özünün mövcudluğunu, həm də həmin 50 min manatın verilməsi faktını danacaqdılar.

Vergilər Nazirliyində istintaqın başlamasından bir neçə gün sonra Aqil Hüseynov qaçmağa üz qoyur. İbad İbadov isə oğlu Telmanın köməyi ilə uydurulmuş diaqnozla xəstəxanalardan birinə yatırılır. Vergilər Nazirliyi hər dəfə İbadovu ifadə verməyə dəvət etdikdə xəstəxanada olduğunu bəhanə gətirən “xəstə” istintaq tədbirlərindən yayınır. Gizlənməyin mənası qalmayanda isə prorektor, təbii ki, formal olaraq, kağız üzərində qızının qaçmış cinayətkarla nikahını pozur.

Təxminən 3 ay hüquq-mühafizə orqanları qaçmış cinayətkarı axtarmağa “cəhd edirlər”, lakin heç nə alınmır. İbadovun oğlu – Yelman İbadov kürəkəni İsmayıllı rayonunda qoyun sürülərinin arasında örüşdə gizlədir. Məsum bir quzu kimi!

Nəhayət, yanvarda işə Dövlət Təhlükəsizlik Xidməti qoşulur. Və yanvarın 6-da səhər erkən DTX əməkdaşları Aqili İsmayıllıda azmış qoyunların arasında aşkarlayırlar. Cinayətkar həbs edilib! Belə görünə bilər ki, qisas alınacaq və cəza dələduzdan yan keçməyəcək.

Lakin istintaqın gedişində A.Hüseynovun başqa cinayətləri də üzə çıxıb. Sən demə, şirkətin Nərgiz Paşayevanın qızına məxsus olmasından istifadə edərək, fırıldaqçı həm də sahibkarlardan guya ki, MDU-nun Bakı filialının ehtiyacları üçün pul alıb. 2016-cı ilin yayında Aqil aldatma yolu ilə Elxan Rafailoviç Peysaxovdan 90 min dollar alıb. Həmin pullar da bu günə kimi qaytarılmayıb. Bu günahsız quzunun toruna daha neçə qurban düşüb? Şübhəsiz ki, istintaq bu suala cavab verəcək. Lakin məlum olub ki, hələ bu da hamısı deyil və bu işdə nöqtə qoyulmayıb.

Birdən-birə müxalifətin siyasi məhbuslar siyahısında daha bir şəxsin adı peyda olur – müxalifət adi dələduzluq və oğurluğu səs-küylü siyasi iş miqyasına qədər şişirdir. Sosial şəbəkələrdə Aqilin 16 yaşlı məktəbli qızının videomüraciəti yayımlanır. Qızcığaz göz yaşları içində onun atasını – Nərgiz Paşayevanın şirkətində gözətçi işləyən şəxsi (bu da bu! Şirkətin direktorunu nəyə görəsə, yəqin ki, oxucularda təəssüf hissi doğurmaq üçün gözətçi kimi təqdim edirlər) danlamış böyük xalaları və əmiləri lənətləyir. Məktəbli qız Avropa deputatlarına və hətta “Amnesty International”a müraciət edəcəyi ilə hədələyir. YouTube-dakı bütün bu komediya lirik musiqi ilə müşayiət olunur, bütün bu “tamaşa”nın maestro-rejissoru isə həmin kadrları ütü masalı kasıb bir mətbəxdə lentə alır.

İctimaiyyət biabırçı teatr tamaşasının şahidinə çevrilir: məktəbli yeniyetmə qız Qərbin hüquq müdafiəçilərinin missiyası barədə xeyli məlumatlıdır? “Əlaçı qız” “siyasi məhbus” termininin siyasi-hüquqi anlamını dərk edir? Anlayır, amma mətni yaxşı əzbərləməyi və Avroparlamentin institutlarının adlarını düzgün tələffüz etməyi bacarmayıb. Şübhəsiz ki, kurator-suflyorların və N.Paşayevanın yüksək ictimai nüfuzunun yuxusuna haram qatmış şəxslərin bacarıqsızlığı göz qabağındadır. Amma bu iş müxalifətə xoş gəlir və dərhal daha bir siyasi məhbus işi hazır olur.

Burada məni maraqlandıran bəzi suallara hələ də aydınlaşdırılmamış cavablardır. Necə olur ki, üç ay ərzində Aqil Hüseynov qoyun dərisində İsmayıllıda gizlənə bilir? Hüquq-mühafizə orqanları hara baxırdılar və onu necə axtarırdılar? Məgər bu operativ-axtarış işinin yarıtmazlığı deyil? Yaxşı ki, bu halda söhbət adi fırıldaqçıdan, Bakı istehsalı xırda oğrudan gedir. Bəs birdən sabah daha sanballı cinayətkarı, tutaq ki, seriya qətllər törətmiş cinayətkarı axtarmaq lazım gəlsə? O da örüşlərdə gizlənə biləcək? Nəyə görə bu cinayətin daha bir iştirakçısı olan İbad İbadov hələ də məsuliyyətə cəlb olunmayıb? Əlbəttə, Abel Məhərrəmovun belə müavindən xilas olmaqdan başqa çarəsi qalmamışdı. Onu işdən azad ediblər. Lakin o, uzun müddət cinayətkara havadarlıq edib. İbadovun qardaşı – yalan ifadə vermiş Ceyhun necə olacaq?

O ki qaldı oğula – Telman İbadova, sən demə, o da axtarışda imiş, lakin başqa bir ittihamla – zorlamaya görə. Bax, belə bir möhtəşəm ailə portreti! Və bu klanın başçısı ölkənin əsas tədris müəssisəsində tədris-tərbiyə işlərinə görə məsuliyyət daşıyırmış! Ayıbdır. Artıq neçənci dəfə!

Eynulla Fətullayev

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər