“Pulları xaricdə müxtəlif hesablarda gizlədirdilər…” – Prezident İlham Əliyev

“Pulları xaricdə müxtəlif hesablarda gizlədirdilər…” – Prezident İlham Əliyev

“Biz indi xalçaçılığı geniş təbliğ edirik. Bu, bizim qədim sənətimizdir. “Azərxalça” yaradılıbdır, 13 şəhərdə yeni xalça kombinatları yaradılır. Onlardan birinin açılışında mən özüm olmuşam – Füzuli rayonunda. Qalan xalça fabrikləri bu il istifadəyə veriləcək. Bu, minlərlə iş yerinin yaradılması deməkdir və bu, bizim gözəl ixrac potensialımızdır”.

Avropa.info  xəbər verir ki, bu sözləri prezident İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində bildirib.

Onun sözlərinə görə, yun tədarükü məsələlərinə əvvəlki illərdə o qədər də böyük diqqət göstərilmirdi:

“Məndə olan məlumata görə, bizim cəmi bir fərli-başlı tədarük məntəqəmiz olub. Bizim bütün bölgələrimizdə yun tədarükü təşkil edilməlidir. Vaxt gəlib çatıb ki, Azərbaycanda böyük yun fabriki də yaradılsın. Bu sahəyə də çox ciddi diqqət göstərilməlidir. Bu, fermerlərə əlavə qazanc mənbəyi olacaq, ölkəyə isə valyuta gətirəcək.

Biz indi az da olsa ət və toyuq ətinin ixracına başlamışıq. Hələ ki, biz özümüzü toyuq əti ilə təmin edə bilmirik. Ancaq ixrac da artıq başlanıb və bu, yaxşı haldır. Ümid edirəm ki, yaxın zamanlarda özümüzü tam şəkildə təmin edəcəyik və ixrac potensialı daha da artacaq.

Heyvandarlığın inkişafı gedir, cins mal-qara gətirilir, Süni Mayalanma Mərkəzi yaradılıb. Biz bir neçə il ərzində böyük potensial yaratmalıyıq ki, özümüzü həm süd və həm də ət məhsulları ilə tam şəkildə təmin edək. Cins mal-qaranın gətirilməsi və cinsin yaxşılaşdırılması prosesi daha da geniş vüsət almalıdır. Yeni fermalar yaradılmalıdır. Sahibkarlar buna daha böyük diqqət göstərməlidirlər. Biz süd məhsulları ilə özümüzü təxminən 80 faiz səviyyəsində təmin edirik. Bir neçə il ərzində tam təmin edə bilərik.

Dünən mən Varvara balıqartırma müəssisəsinin açılışında olmuşam. Balıqçılığın da çox böyük perspektivləri var. Əfsuslar olsun ki, əvvəlki illərdə bu sahəyə də lazımi diqqət göstərilmirdi. Bizim həm çaylarımızda, həm Xəzər dənizində bol balıq var. Biz balıqları artırırıq, yetişdiririk və Azərbaycanda çox böyük balıqçılıq sənayesi yaradıla bilər. Bununla həm daxili bazar tam təmin edilər, həm də bunun böyük ixrac potensialı ola bilər.

Mineral sular sahəsi də inkişaf edir. Artıq ixraca da başlamışıq, ancaq az miqdarda. Bizim təbii bulaqlarımız var. Keyfiyyətli mineral sular istehsal və ixrac etmək, öz brendimizlə xaricə çıxmaq üçün çox gözəl imkanlar var. Bu sahəyə də mütləq diqqət göstərilməlidir.

Emal müəssisələri yaradılmalıdır, indi planlar haqqında məlumat verildi. Dövriyyəyə cəlb ediləcək minlərlə, on minlərlə hektar torpaq da bəllidir. Aydındır ki, orada yeni məhsullar yetişdiriləcək və yeni konserv zavodlarının yaranmasına ehtiyac var. İndi bizdə konserv zavodları fəaliyyət göstərir, ancaq onların sayı kifayət qədər deyil. Yeni emal müəssisələrinin yaradılması nəzərdə tutulmalıdır. Əlbəttə ki, ixrac edilən malların satışından sonra əldə edilən gəlir də tam şəkildə ölkəmizə gəlməlidir. Bunun üçün indi nəzarət mexanizmləri tətbiq olunur. Ona görə ki, əvvəlki illərdə, məndə olan məlumata görə, göndərilən malların dəyərinin təxminən 30 faizi ölkəmizə qayıtmırdı, orada-burada gizlədirdilər. Xaricdə müxtəlif hesablarda gizlədirdilər. Buna yol vermək olmaz. Valyuta tam şəkildə gəlməlidir və əlbəttə ki, indi yeni mexanizm işə düşüb. Əgər hansısa şirkət investisiya və ixrac təşviqini almaq istəyirsə, mütləq bu qaydalara riayət etməlidir.

Mən bir məsələyə də diqqət yetirmək istəyirəm. Çünki bunun da çox böyük əhəmiyyəti var. Bu da nəqliyyat sektoru ilə bağlıdır. Biz indi ixracı böyük dərəcədə artıracağıq. Biz ixracı nəqliyyat vasitəsilə xarici bazarlara ötürürük. Ona görə bizim vaqon parkımıza baxmalıyıq. Biz indi yeni elektrovozlar, vaqonlar alırıq. İndi vaqonların sayı, həcmi ixrac ediləcək məhsullarla üst-üstə düşməlidir. Dəmir yolunun reabilitasiyası, sürətin artırılması, bütün bunlar da ixraca, tranzitə hesablanmış məsələlərdir”.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər