İnsan hüquqları və azadlıqlarının təmin olunmasının Konstitusiya əsasları

İnsan hüquqları və azadlıqlarının təmin olunmasının Konstitusiya əsasları

İnsan hüquqları ideyası öz kökü etibarilə qədimlərə, antik dövrlərə gedib çıxsa da, bu ideyanın müasir fəlsəfi-siyasi əsasları XVII-XVIII əsrlərdə böyük maarifçilik dövründə “təbii hüquq” nəzəriyyəsi kimi formalaşmışdır. Eyni zamanda bu nəzəriyyənin əsas müddəalarının siyasi və hüquqi əhəmiyyət kəsb edən sənədlərdə təsbit olunması prosesi başlanmışdır.

1776-cı ildə qəbul olunmuş Virciniyanın Hüquqlar Bəyannaməsində, elə həmin il qəbul edilmiş ABŞ-nın İstiqlal Bəyannaməsində, Fransanın 1789-cu ildə qəbul edilmiş İnsan və vətəndaş hüquqları Bəyannaməsində bütün insanların təbiət etibarilə bərabər, azad və müstəqil olması, yaşamaq hüququ, mülkiyyət azadlığı, xoşbəxtliyə və təhlükəsizliyə can atmaq və nail olmaq hüququ kimi anadangəlmə hüquqlara malik olması qeyd olunurdu.

Konstitusiya – hüquqi yanaşma baxımından insan hüquqları və azadlıqları haqqında normalar ilk dəfə 1776-cı ildə Virciniya ştatının Konstitusiyasında, daha sonra isə 1791-ci ildə ABŞ Konstitusiyasına “Hüquqlar haqqında Bill” adlı ilk on düzəlişdə təsbit edilmişdir. Bu sənədlər sonralar dünyanın bir çox ölkələrinin siyasi və hüquqi inkişafına əhəmiyyətli təsir göstərmişdir.

İnsan hüquq və azadlıqlarına hörmət edilməsi beynəlxalq hüququn əsas prinsirlərindən biri kimi

İkinci Dünya müharibəsindən sonra insan hüquqları məsələsi beynəlxalq xarakter daşımağa başlayır. 26 iyun 1945-ci ildə imzalanmış Birləşmiş Millətlər Təşkllatının Nizamnaməsində insan hüquqlarına və əsas azadlıqlarına hörmət edilməsi beynəlxalq hüququn əsas prinsirlərindən biri kimi təsbit edilir.

BMT Baş Məclisinin 10 dekabr 1948-ci ildə qəbul etdiyi “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə” insan hüquqları sahəsində beynəlxalq standartlar müəyyən edən ilk sənəddir. Lakin Bəyannamə tövsiyyə xarakterli sənəd olduğundan BMT-nin üzvü olan dövlətlər üçün məcburi öhdəliklər müəyyən etmir.1966-cı ilin dekabr ayının 16-da BMT Baş Məclisinin qəbul etdiyi 2 mühüm sənəd – “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt” və “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt” insan hüquqları sahəsində dövlətlər üçün məcburi öhdəliklər və standartlar müəyyən edir.

Azərbaycan Respublikası 1991-ci il oktyabr ayının 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nda “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”yə və hamılıqla qəbul edilmiş başqa beynəlxalq hüquq sənədlərinə qoşulduğunu bəyan etmiş, onlarda nəzərdə tutulan bütün hüquq və azadlıqlara vətəndaşların cinsindən, irqindən və milli mənsubiyyətindən, dini etiqadından, sosial mənşəyindən, siyasi əqidəsindən və başqa hallardan asılı olmayaraq əməl edilməsini, bu hüquq və azadlıqların maneəsiz həyata keçirilməsinin təmin olunmasını öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası 21 iyul 1992-ci ildə “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt” və “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”a, 2001-ci ilin dekabr ayının 25-də isə “Əsas hüquqların və azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuşdur.

Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqları

Hazırda Azərbaycan Respublikası insan hüquqları və azadlıqlarına dair  BMT-nin, ATƏT-in və Avropa Şurasının əksər sənədlərinə qoşulmuşdur. İnsan hüquqları və azadlıqlarına dair həmin sənədlərdə nəzərdə tutulan norma və standartlarin mütləq əksəriyyəti artıq Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə implentasiya olunmuşdur.

İnsan hüquqları və azadlıqlarının təsbit olunması, təmin edilməsi və həyata keçirilməsi üçün şərait və hüquqi mexanizm yaradılması ilə əlaqədar məsələlər ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasında öz əksini tapır.

Azərbaycan Respublikasının 1995-ci il noyabr ayının 12-də qəbul edilmiş Konstitusiyası insan hüquqları və azadlıqlarına dair milli qanunvericiliyin formalaşması və inkişafının əsasını təşkil edir. Konstitusiya hər şeydən əvvəl, insan hüquqları və azadlıqlarının əsas prinsiplərini ən yüksək səviyyədə təsbit  edir, insan və vətəndaş hüquqları və azadlıqlarının geniş dairəsini nəzərdə tutur və onların müdafiə mexanizmini müəyyən edir.

İnsan hüquq və azadlıqlarının Konstitusiya ilə təsbit olunmuş  prinsiplərinə hüquq və azadlıqların universallığı, toxunulmazlığı, pozulmazlığı və ayrılmazlığı, insan hüquqları və azadlıqlarına dair beynəlxalq hüquq normalarının üstünlüyü, hüquq və azadlıqların təminatlı olması, hüquq və azadlıqların birbaşa qüvvəsi aiddir.

Hüquq və azadlıqların universal xarakteri onların yaranmasının mexanizmini və əsaslarını ifadə edir. Belə ki, Konstitusiyaya uyğun olaraq insan anadangəlmə, yəni doğulduğu vaxtdan etibarən Konstitusiya və qanunlarla elan olunmuş hüquq azadlıqlara malik olur, onların daşıyıcısına çevrilir.

Hüquq və azadlıqların toxunulmazlığı onlara hər cür qanunsuz və özbaşına qəsdin yolverilməzliyini ifadsə edir.  Hüquq və azadlıqların pozulmazlığı insan hüquqları və azadlıqlarının aliliyini, oların hər hansı normativ akt və ya vəzifəli şəxs tərəfindən iəğv olunmasının, yaxud özbaşına məhdudlaşdırılmasının yolverilməzliyini müəyyən edir. Ayrılmazlıq hüquq və azadldıqların insan iradəsindən asılı olmayraq mövcud olduğunu, ictimai varlıq kimi insanın təbiətindən irəli gəldiyini, onun zəruri atributu olduğunu ifadə edir.

Hüquq və azadlıqların universallığı, toxunulmazlığı, pozulmazlığı və ayrılmazlığı bütövlükdə onu onu ifadə edir ki, dövlət heç vaxt insanı onun hüquqlarından və azadlıqlarından məhrum edə bilməz.

İnsan hüquq və azadlıqların universallığı, toxunulmazlığı, pozulmazlığı və ayrılmazlığı bir prinsip kimi Azərbaycan Respublikası Konstitusiyanın 24-cü maddəsində təsbit olunur. Həmin maddədə müəyyən edilir ki, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.

Hüquq və azadlıqların toxunulmazılığı, pozulmazlığı və ayrılmazlığı Konstitusiyanın 155-ci maddəsinin belə bir müddəası ilə də təmin olununur ki, Konstitusiyanın insan hüquqları və azadlıqlarını nəzərdə tutan müddəalarının məhdudlaşdırılması haqqında təkliflər Konstitusiya dəyişikliyinin predmeti ola və referenduma çıxarıla bilməz.

İnsan hüquq və azadlıqlarının məhdudlaşdırılması

Lakin qeyd etmək lazımdır ki, insan hüquqları və azadlıqlarının universallığı, toxunulmaz, pozulmaz və ayrılmazlığı hüquq və azadlıqların mütləq, qeyri məhdud xarakter daşıdığını ifadə etmir. Konstitusiyanın 71-ci maddəsi müəyyən edir ki, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.

Bu, o deməkdir ki, dövlət müəyyən şərtlər daxilində insan hüquqları və azadlıqlarını məhdudlaşdıra bilər. Lakin belə məhdudlaşdırmalar yalnız Konstitusiya və qanunlar əsasında həyata keçirilə bilər. İnsan hüquqları və azadlıqları həmçinin digər şəxslərin hüquqları və azadlıqları ilə məhdudlaşır. Bu, o deməkdir ki,  şəxsin öz hüquqlarını və azadlıqlarını həyata keçirməsi, digər şəxslərin hüquqlarını və azadlıqlarını  məhdudlaşdırmamalı və onlara heç bir ziyan vurmamalıdır.

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” 24 dekabr 2002-ci il tarixli Konstitusiya Qanununa əsasən insan hüquqları və azadlıqlarının məhdudlaşdırıla bilməsinin aşağıdakı şərtlərini müəyyən edir:

1) Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər;

2) İnsan hüquqlarını və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir;

3) İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir;

4) İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və həmin Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

Qeyd etmək lazımdır ki, bu Konstitusiya Qanunu Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına uyğunlaşdırmaq məqsədi ilə qəbul edilmişdir və həmin Konvensiyaya tamamilə uyğundur.

İnsan hüquq və azadlıqlarının  Konstitusiya və qanunlar əsasında, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşdırılması  ümumi və daimi xarakter daşıyır, konkret hallardan asılı olmayaraq müəyyənləşdirilir.

Bundan başqa, beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının Konstitusiyası müəyyən edir ki, dovlət və cəmiyyət həyatının ayrı-ayrı konkret vəziyyətlərində insan hüquqları və azadlıqlarnın həyata keçirilməsi müvəqqəti məhdudlaşdıra bilər.  “Mülki və siyasi hüquqlar haqqında  Beynəlxalq Pakt”ın 4-cü maddəsində nəzərdə tutulur ki, millətin taleyini təhlükədə qoyan və mövcudluğu rəsmi surətdə elan edilən fövqəladə vəziyyət yarandıqda dövlət aşağıdakı şərtlərə riayət etməklə  insan hüquqları və azadlıqlarının həyata keçirilməsini məhdudlaşdıra bilər:

– hüquq və azadlıqların məhdudlaşdırılması vəziyyətin kəskinliyinin tələb etdiyi həddə olmalıdır;

–  belə məhdudlaşdırmalar dövlətin beynəlxalq  hüquqa  dair digər öhdəliklərinə zidd olmamalıdır;

– məhdudiyyətlər irq, dərinin rəngi, cins, dil, din, yaxud sosial mənşəyə görə ayrı- seçkiliyə (diskriminasiyaya) səbəb olmamalıdır.

Qeyd etmək lazımdır ki, həmin Beynəlxalq Pakta görə bəzi hüquq və azadlıqların məhdudlaşdırılması ümumiyyətlə yolverilməz hesab olunur. Belə ki, yaşamaq hüququ, qəddar, insanlıqdan kənar işgəncələrə, insan ləyaqətini alçaldan davranışa və cəzaya məruz qalmamaq, köləlikdə və asılı vəziyyətdə saxlanılmamaq, müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməzlik, törədildiyi vaxt cinayət sayılmayan əmələ görə məsuliyyətdən azad olmaq, hüquq subyekti kimi qəbul edilmək hüquqları, fikir, vicdan və din azadlığı heç bir halda, o cümlədən fövqəladə vəziyyət dövründə məhdudlaşdırıla bilməz.

Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin üçüncü hissəsində müəyyən olunur ki, müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasınm beynəlxalq öhdəliklərini nəzərə almaq şərtilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir.

İnsan hüquq və azadlıqlarının təminatlı olması

İnsan hüquq və azadlıqlarının Konstitusiya ilə təsbit olunmuş prinsiplərindən biri də hüquq və azadlıqların təminatlı olmasıdır. İnsan hüquq və azadlıqların təminatlı olması hər bir insana öz əsas hüquqlarından və azdlıqlarından istifadə üçün imkan yaradılmasını ifadə edir.  Başqa sözlə, dövlət insan hüquqları və azadlıqlarının bütün mümkün vasitələrlə real surətdə həyata keçirilməsini təmin etməyə borcludur.

İnsan hüquqları və azdalıqlarının təminatlı olması “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 2-ci maddəsində təsbit olunmuşdur. Həmin maddədə nəzərdə tutulur ki, hər bir dövlət aşağıdakıları öhdəsinə götürür:

a) elan olunmuş hüquq və azadlaqları pozulmuş hər hansı şəxsi, əgər həmin pozuntu rəsmi səviyyədə fəaliyyət göstərən şəxs tərəfindən törədilmiş olsa da, təsirli hüquqi müdafiə vasitələri ilə təmin etmək;

b) belə müdafiəyə ehtiyacı olan hər bir şəxsin hüquqi müdafiə hüququnun səlahiyyətli məhkəmə, inzibati, yaxud qanunvericilik hakimiyyəti orqanları, yaxud dövlətin hüquq sisteminin nəzərdə tutduğu digər səlahiyyətli orqan tərəfindən bərqərar olmasını təmin etmək və məhkəmə tərəfindən müdafiənin imkanlarını inkişaf etdirmək;

c) nəzərdə tutulduğu hallarda, səlahiyyətli hakimiyyət orqanlarının hüquqi müdafiə vasitələrinin tətbiq olunmasını təmin etmək.

Beynəlxalq Paktın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiyasının  12-ci maddəsinin birinci hissəsində insan hüquqlarının və azadlıqlarının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədlərindən biri kimi elan edilir. Konstitusiyanın  26-cı maddəsində təsbit olunur ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.  Konstitusiyanın 71-ci   maddənin birinci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını   gözləmək   və   qorumaq   qanunvericilik,   icra   və məhkəmə  hakimiyyəti   orqanlarının   borcudur.

İnsan hüquq və azadlıqlarının təminatlı olması dövlət tərəfindən həmin hüquq və azadlıqların həyata keçirilməsinin və müdafiəsinin səmərəli hüquqi mexanizmlərinin və zəruri qanunvericilik bazasının yaradılmasıını nəzərdə tutur.

Belə hüquqi mexanizm kimi ilk növbədə məhkəmələr çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər  kəsin   hüquq  və  azadlıqlarının   məhkəmədə  müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddənin yeddinci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.

Məhkəmələr tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi, onların pozulması ilə əlaqədar mübahisələrin həlli əsasən inzibati məhkəmə icraatı, mülki məhkəmə icraatı, konstitusiya məhkəmə icraatı və cinayət məhkəmə icraatı çərçıvəsində həyata keçirilir.

İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) institutu

İnsan hüquq və azadlıqlarının müdafiəsinin Konstitusiya ilə nəzərdə tutulmuş digər mühüm vasitəsi insan hüquqları üzrə Müvəkkildir (Ombudsmandır). İnsan hüquqları üzrə müvəkkilin yeganə və əsas funksiyası Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsidir. Azərbaycan Respublikasının istənilən vətəndaşı, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxs dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulduğu güman edilən hüquqlarının və azadlıqlarının bərpası üçün ombudsmana müraciət edə bilər.

İnsan hüquq və azadlıqlarının müdafiəsinin Konstitusiya ilə nəzərdə tutulmuş digər mühüm vasitələrindən biri də vətəndaşların müraciətləridir. Konstitusiyanın 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Vətəndaşların dövlət orqanlarına müraciəti müxtəlif məsələlərə, o cümlədən onlara məxsus subyektiv hüquq və azadlıqların həyata keçirilməsinə və pozulmuş hüquqların bərpasına aid ola bilər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxılmalı və müraciət edən şəxsə yazılı cavab verilməlidir.

Konstitusiyaya görə Azərbaycan Respublikasında insan hüquqları və azadlıqları birbaşa qüvvədədir (71-ci maddənin altıncı hissəsi). Bu müddəanı belə başa düşmək lazımdır ki, bir tərəfdən məhkəmələr və digər dövlət orqanları, vəzifəli şəxslər insan hüquqları və azadlıqları ilə bağlı hər hansı məsələyə baxarkən Konstitusiyanın normalarını birbaşa tətbiq edə bilərlər; digər tərəfdən isə, insanlar birbaşa Konstitusiya normalarına istinad edərək öz hüquq və azadlıqlarını həyata keçirə və müdafiə edə bilərlər. Başqa sözlə, Konstitusiyada elan olunmuş insan hüquqları və azadlıqlarının həyata keçirilməsi, təmini və müdafiəsi onlara dair müvafiq qanunvericilik aktlarının olub-olmamasından asılı deyildir.

Bütün bunlarla yanaşı, insan hüquqları və azadlıqlarına dair cari qanunvericilik  aktlarının rolunu qiymətləndirməmək olmaz. Bu qanunvericilik aktlarında Konstitusiya ilə elan olunan insan hüquqları və azadlıqlarının həyata keçirilməsi və müdafiəsi üçün hüquqi mexanizm müəyyən edilir. Cari qanunvericilik aktları bir tərəfdən Respublika Konstitusiyasının normalarına, digər tərəfdən isə Azərbaycanın iştirakçısı olduğu beynəlxalq müqavilələrə uyğun olmalıdır.

1992-ci ilin martın 2-dən BMT-nin, 2001-ci ilin yanvarın 25-dən isə Avropa Şurasının üzvü olmuş Azərbaycan 220-dən artıq beynəlxalq müqavilənin iştirakçısıdır ki, bunların da təxminən yarısı bilavasitə və ya dolayısı ilə insan hüquq və azadlıqları ilə bağlıdır.

Bu gün Azərbaycan Respublikasında insan hüquqları və azadlıqları hüquqi cəhətdən həm Konstitusiya və həm də qanunvericilik aktları səviyyəsində təmin olunur. Konstitusiyanın “Əsas insan hüquqları və azadlıqları” adlanan və 48 maddədən ibarət olan III fəsli insan hüquqları və azadlıqlarının geniş dairəsini nəzərdə tutur. Konstitusiyada təsbit edilən bəzi hüquq və azadlıqlar ümumiyyətlə beynəlxalq hüquq normalarda nəzərdə tutulmamışdır. Başqa sözlə, Azərbaycan Respublikasının Konstitusiyası beynəlxalq hüquq normalarında nəzərdə tutulanlardan daha çox insan hüquqları və azadlıqlarına təminat verir.

Bütövlükdə, Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi insan hüquq və azadlıqlarına dair beynəlxalq standartlara əsasən uyğundur və insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün təminatlı qanunvericilik bazası yaradır.

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını  həyata keçirir və bu məqalənin hazırlanması və dərc edilməsi də həmin layihə çərçivəsindədir. Layihənin icrası isə Azərbaycan “Free Person” İnsan Hüquqlarını Müdafiə İB-nin eksperti Qadir İbrahimli ilə Avrasiya Əməkdaşlıq Fondu  arasında bağlanmış “Demokratiya və insan hüquqlarının onlayn təşviqi”  adlı xidmət çərçivəsində həyata keçirilir.

Strateq.az

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər