Bakı Ali Neft Məktəbində Layihələrin idarə edilməsi məktəbi açıldı

Bakı Ali Neft Məktəbində Layihələrin idarə edilməsi məktəbi açıldı

Bakı Ali Neft Məktəbində (BANM) Layihələrin idarə edilməsi məktəbinin  (SPM) rəsmi açılış mərasimi keçirildi.

Avropa.info xəbər verir ki, bu Məktəb, BANM, BP və onun  tərəfdaşları, o cümlədən layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim  şirkəti olan “TwentyEighty Strategy Execution” tərəfindən təşkil olunub.

Tədbirdə SOCAR və BP-nin rəhbər heyəti, ölkəmizin bir sıra ali təhsil  müəssisələrin və beynəlxalq şirkətlərin təmsilçiləri, həmçinin SPM-in  iştirakçıları qatılıb. SPM-in iyirmi altı tələbələri sırasında SOCAR, BP,  ATLANTIC WASTE SOLUTIONS, “PAŞA Həyat Sığorta” ASC, Pasha  Holding, Gilan Tekstil Parkı, Bakı Şəhər Halqası şirkətlərin və Avropa  İttifaqının Azərbaycan nümayəndəliyinin əməkdaşları iştirak edirlər.

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov çıxışında SPM-in Azərbaycan  üçün çox önəmli məktəb olmasından, yerli insan resurslarına və ümumilikdə,  layihələrin idarə edilməsi üzrə bacarıqların inkişafına verəcəyi töhfədən bəhs  etdi.

Rektor, layihənin beynəlxalq səviyyəli mütəxəssislər yetişdirməkdə  əhəmiyyətli rolu olacağını xüsusi olaraq vurğuladı.  SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti  Xalik Məmmədov çıxış edərək bildirdi ki, SPM ölkənin elmi və təhsil  potensialının inkişafına kömək etmək məqsədilə yaradılıb.

X.Məmmədov qeyd  etdi ki, bu proqram vasitəsilə iqtisadiyyatın bütün sahələrindən orta və yüksək  səviyyəli menecerlərə layihələrin idarə edilməsi sahəsində öz bacarıqlarını və  biliklərini inkişaf etdirməyə kömək edə biləcək.

BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda əlaqələr, xarici işlər və  strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli öz çıxışında qeyd etdi ki,  bu layihə indiyədək BP-nin öz tərəfdaşları ilə birlikdə maliyyələşdirdiyi ən  uğurlu ixtisasartırma və yerli potensialın yaradılmasına dəstək təşəbbüslərindən  biridir.

O, bildirdi ki, artıq bu məktəb yerli potensialı inkişaf etdirən beynəlxalq  məzmunlu davamlı bir təlim müəssisəsinə çevrilmişdir.  SPM-in açılış mərasimində çıxış edən SOCAR-ın Geologiya və geofizika  məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov və SOCAR-ın Yataqların  işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Layihələrin idarə edilməsi  məktəbinin tələbələrinə uğurlar arzulayaraq, bu təlim proqramın iştirakçıları  üçün onların gələcək karyeralarında uğur qazanmaqlarına birbaşa təsir  edəcəyini bildiriblər.

“TwentyEighty Strategy Execution” şirkətinin əməkdaşı, biznes inzibatçılığı  üzrə magistrı, SPM-in təlimçisi Didye Estibal BANM-də iştirakçılar üçün  yaradılan şərait və imkanların yüksək səviyyədə olmasından və SPM-də iştirak  edən hər bir mütəxəssisin layihələrin idarə edilməsi, planlaşdırma və büdcəyə  nəzarət, risklərin idarə edilməsi, layihələrdə liderlik və keyfiyyət kimi aspektləri  daha dərindən öyrənmək imkanı əldə edəcəyini vurğuladı.  Bildirildi ki, layihənin məqsədi həm də yerli təlim müəssisəsinin bacarıqlarını  artırmaqdır.

Buna görə də ilkin mərhələdə kurslar ingilis dilində keçiriləcək və  2-3 il keçdikdən sonra proqramı Azərbaycan dilində tədris etmək üçün yerli  mütəxəssislər hazırlanacaq.

Qeyd edək ki, SPM proqramı 2011-ci ildə BP və onun partnyorları tərəfindən  layihələrin beynəlxalq standartlar əsasında idarə olunması ilə bağlı yerli tələbi  ödəmək məqsədi ilə təsis edilib. “TwentyEighty” şirkətinin texniki dəstəyi və  yerli tərəfdaşla birgə həyata keçirilən proqram 7 moduldan (10 ay) ibarətdir və  yekunda ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatının verilməsi  nəzərdə tutulur.

Başlandığı gündən etibarən proqramda 98 müxtəlif qurumu  təmsil edən 300-dən artıq mütəxəssis iştirak etmişdir. BANM-in dəstəyi ilə  proqramın 4-cü mərhələsinin həyata keçirilməsinə başlanılıb. Bu mərhələdən  sonra BANM proqramı müstəqil olaraq tədris etmək səlahiyyətini əldə  edəcəkdir.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər