Bölgədə yeni geosiyasi maraqlar: Regiondakı dondurulmuş münaqişələrin gələcəyi necə olacaq? (Bizim şərh)

Bölgədə yeni geosiyasi maraqlar: Regiondakı dondurulmuş münaqişələrin gələcəyi necə olacaq? (Bizim şərh)

Rusiya Ermənistanla daha sıx hərbi əməkdaşlığa başlayır. Sözügedən hərbi ittifaq Bakının maraqlarına cavab vermir. Buna baxmayaraq, Azərbaycan geosiyasi baxımdan önəmli fiqura çevrilir. Bakıdan konkret təkliflərə münasibət bildirmək tələb edilir. Azərbaycan isə “açıq qapı” siyasətinə üstünlük verir. Bəzi Qərb araşdırmaçılarının qənaətinə görə, ABŞ-ın Azərbaycanda hərbi bazalara sahib olmasını zəruri edən planlar mövcuddur. Onu da unutmaq olmaz ki, ABŞ Azərbaycana çoxmilyonlu yatırımlar qoyub, ölkə Vaşinqtonun enerji layihələrində iştirak edir, geosiyasi amillərlə yanaşı, bu iqtisadi faktor da təhlükəsizliyin zəmanətçisi kimi, ABŞ qoşunlarının Azərbaycanda mövcudluğunu zəruri edən amillər sırasındadır.

Lakin bu məsələdə rəsmi Bakının razılığının alınması problematik görünür. ABŞ üçün əsas maraq enerji daşıyıcılarına sahib çıxmaq, Suriya və Yaxın Şərqə nəzarəti ələ keçirməkdir.

Azərbaycan İrəvan tərəfindən Qarabağ cəbhəsində müharibəyə sövq edilir. Müharibə isə Qərbin maraqlarına cavab vermir. Ən azı, enerji daşıyıcılarının təhlükəsizliyi baxımından Qərb buna razı olmaz. İrimiqyaslı hərbi əməliyyatlardan söhbət gedə bilməz. Lakin Qarabağ probleminin həll edilməməsi də bölgə üçün əngəllər yaradır.

Qərb və ABŞ o qənaətə gəlib ki, regiondakı dondurulmuş münaqişələr onların geostrateji maraqları üçün böyük təhlükədir. Onlar istənilən vəziyyətdə dondurulmuş haldan çıxarıla bilər və Qərbin regiondakı maraqları təhlükə altında qalar. Ona görə də ABŞ başda olmaqla, Qərb bu münaqişələrin həllini birinci vəzifə kimi qarşıya qoydu. Danışıqlar prosesindən məlumatı olan insanlar bilirlər ki, prinsipcə Bakı və İrəvanın müzakirə edəcəyi elə bir məsələ qalmayıb. Yəni danışıqların getdiyi 20 ildən çox müddət ərzində bütün mümkün olan variantların hamısı müzakirə olunub. Bütün variantlar araşdırılıb. Söhbət onların hansısa birinin üzərində durub onun müzakirəsindən gedə bilər.

Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasından da prosesin taleyi asılı ola bilər. Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması Azərbaycanın maraqlarına cavab vermir. Azərbaycanın maraqlarına əks-proses cavab verə bilərdi. Yəni, Qarabağla bağlı həll planından sonra Türkiyə-Ermənistan münasibətlərinin inkişafı mümkündür.

Ermənistan çalışır ki, Qarabağ münaqişəsinin həllində əlavə dividendlər əldə etsin. Bu, sözsüz ki, danışıqlar prosesinə təsir göstərir. Ermənistan-Türkiyə protokolları imzalandıqdan sonra Azərbaycan rəsmiləri bəyan etdilər ki, Ermənistanın mövqeyi daha da kəskinləşməyə başladı. Bir sözlə, Qarabağ münaqişəsindəki mövqeyi Ermənistanın özünü çətin duruma salır. Faktiki olaraq, İrəvan özünün qazdığı quyuya düşüb.

Bu gün bölgədə yeni oyunlar gedir. İran və Rusiyanın Türkiyə ilə münasibətlərinin yaxşılaşdırılması barədə də çox danışılır. Bu əməkdaşlıq regionun problemlərinin həlli istiqamətində müəyyən irəliləyiş yarada bilər. Amma əgər hansısa format çərçivəsində hansısa addımlar atılacaqsa belə, bu, uzunmüddətli strateji müttəfiqlik olmayacaq. Çünki tərəflərin maraqları tam müxtəlifdir.

Söhbət təkcə Qafqazın problemlərindən, regional maraqlardan getmir. Həm də tərəflərin bir geosiyasi oyunçu kimi yerlərindən gedir. Maraqlar tamamilə müxtəlifdir. Məsələn, İranla Rusiya ənənəvi olaraq Cənubi Qafqazda bir-biri ilə rəqabət aparır. Digər tərəfdən, bir-biri ilə bölüşməyə, razılaşmaya da meyillidirlər. Bunun bir çox səbəbi var. Səbəblərdən biri də budur ki, hər iki tərəf Cənubi Qafqazın regiondankənar qüvvələrin təsiri altına keçməsini istəmir.

Digər tərəfdən, İran bütün hallarda Azərbaycanın güclü dövlətə çevrilməsini istəmir. Çünki bu, İranın özünün daxilində ciddi problemlər yarada bilər. Regionu çox ciddi nəzarət altında saxlamaq, Azərbaycanın təsir imkanlarının genişlənməsinə yol verməmək hər iki tərəfin maraqlarına cavab verir. Türkiyənin regionda Azərbaycanın müttəfiqi kimi söz sahibi olması da İranın maraqlarına cavab vermir. Onu da nəzərə almaq lazımdır ki, İran və Rusiya bir çox sahələrdə, xüsusilə də enerji sahəsində rəqabət aparır. Yaxınlarda bu rəqabət kifayət qədər genişlənəcək. Çünki İran dünya bazarına çıxmağa hazırlaşır. Eyni zamanda, öz qazını Avropa bazarına çıxardığı üçün Rusiyanın rəqibinə çevrilir. Bu yaxınlaşmadan Qərblə öz oyunlarında istifadə etmək istəyirlər.

Bundan əlavə, Rusiya ilə Türkiyə arasında Suriya, kürd problemləri var. Bu problemlərlə əlaqədar tərəflərin ümumi dil tapacağına ümidlər azdır. Digər tərəfdən, iqtisadi sahəyə baxanda tərəflər əməkdaşlığa məhkumdur. Çünki Türkiyə enerji istehlakçısıdır, Rusiya isə həm enerji ixrac edir, həm də Türkiyə ərazisindən tranzit kimi istifadə etmək istəyir. Siyasi şərhçilər bu amilə çox diqqət yetirirlər. Amma digər amili nəzərə almırlar ki, Türkiyənin iqtisadiyyatı daha çox Qərbə inteqrasiya olunub və Qərbdən aldıqları Rusiyadan aldıqlarından dəfələrlə çoxdur. Yəni söhbət Avropa İttifaqı ilə gömrük və ticarət sazişindən gedir. Türkiyənin həmin sazişlərdən qazandıqları Rusiyadan ala biləcəklərindən dəfələrlə çoxdur.

Bu mənada ehtimal etmək ki, Türkiyə Qərbdən aldığı iqtisadi üstünlüklərdən imtina edəcək, bu, sadəlövhlük olardı. Türkiyənin ticarət balansına, hara, nə satdığına baxmaq kifayətdir. Rusiya isə enerji daşıyıcılarını satmağa məhkumdur. Türkiyə bazarı da bundan imtina etsə, ziyan çəkəcək. Hətta münasibətlərin ən kəskin dövründə belə, Rusiya Türkiyəyə qaz satmaqda davam edirdi.

Bundan başqa, Türkiyənin regiondakı nüfuzu da onun NATO üzvlüyünə bağlıdır. Əgər regionda Ankara ilə hesablaşırlarsa və azdan-çoxdan Türkiyəni eşidirlərsə, bu, daha çox Türkiyənin Alyansın cənub cinahının əsas həlqəsi olması ilə bağlıdır. Yəni indiki bu yaxınlaşma taktiki xarakter daşıyır.

Bu gün Rusiya, İran və Türkiyə müxtəlif səbəblərdən zəif vəziyyətdədir. Daxili vəziyyətlə bağlı problemlərin olması ilə yanaşı, Qərblə də ciddi problemlər var. Bu mənada taktiki yaxınlaşma Qərblə geopolitik oyunda bir təsir vasitəsi kimi istifadə olunur, lakin Moskvanın İrəvanla hərbi əməkdaşlığı bölgə üçün ciddi problem yaradır…

Avropa.info-nun ekspert qrupu

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər