Sanksiyalara qarşı dik duruş sərgiləyən, hər yeri Ərdoğanın şəkilləri ilə bəzədilən, Azərbaycanla yeni iqtisadi münasibətlərə qədəm qoyan Qətər – Avropa.info-nun əməkdaşı Dohadan yazır (Fotolar)

Sanksiyalara qarşı dik duruş sərgiləyən, hər yeri Ərdoğanın şəkilləri ilə bəzədilən, Azərbaycanla yeni iqtisadi münasibətlərə qədəm qoyan Qətər – Avropa.info-nun əməkdaşı Dohadan yazır (Fotolar)

Son günlər Yaxın Şərqdə dünyanın diqqəti Qətərə dikilib. Bu Körfəz ölkəsinin yaşadığı siyasi vəziyyət, regionda baş verən proseslər bu ölkənin böhrandan necə çıxacağı sualını ortaya qoyur. Bu qədər gərgin proseslər yaşadığı zamanda  Avropa.info əməkdaşının Qətərə səfəri baş tutub.

Daha öncə də bir neçə ərəb ölkəsində olmağıma, yaşamağıma baxmayaraq, tamamilə fərqli bir ölkə ilə qarşılaşdım. Gördüklərim olduqca təəccüblənməyimə səbəb oldu. Həqiqi mənada gördüklərimlə qarşılaşacağıma ümid etmir və Qətərin də sıradan Körfəz ölkələri kimi olacağını düşünürdüm.

Səhər saat 6-da radələrində Qətərin paytaxtı Dohada yerləşən beynəlxalq hava limanında təyyarədən endik. Burada ilk olaraq müşahidə etdiyimiz havanın hərarətinin 37 dərəcə olması idi. Daha sonra isə bu rəqəm 50 dərəcəyə qədər qalxacaqdı.

Ümumiyyətlə onu deyim ki, Dohada olduğumuz on iki gün ərzində, necə deyərlər, canımız qızmadı. Çünki burada nəinki evləri, obyektləri, hətta həyatı belə kondisionersiz təsəvvür etmək mümkün deyil.

İlk olaraq onu qeyd edim ki, Qətərdə qanunlar olduqca sərt, cərimələr də yüksəkdir. Amma bütün bunlar Qətər əhalisinin rahat həyatına heç bir maneə törətmir. Çünki insanlar qanunlara olduqca normal yanaşır və onlara əməl edirlər. Misal üçün, burada svetoforun qırmızı işığından keçən şəxslər 6000 Qətər riyalı miqdarında (təxminən 2900 manat) cərimə olunurlar. Avtomobili içkili olaraq idarə edənlər isə bir aydan üç ilə qədər həbs olunur, onları on min riyaldan (4800 AZN) əlli min riyala (24000 AZN) qədər cərimə gözləyir. Amma bütün bunlara baxmayaraq, əgər siz yol hərəkəti haqqında qanunun tələblərini pozmusunuz və sizə cərimə yazılıbsa, bir ay ərzində bu cəriməni ödəyəcəyiniz təqdirdə, ancaq bu cərimənin yarısını ödəmək şansı əldə edirsiniz.

Yol hərəkəti haqqında qanunda cərimələrin bu qədər sərt olmasına baxmayaraq, şəhər küçələrində çox nadir hallarda yol-patrul xidmətinin avtomobillərinə rast gəlmək olur. Onu da qeyd edim ki, Qətərin dörd zolaqlı yollarında bizim yollardakı kimi səkkiz cərgə avtomobil olduğunu görməzsiz. Diqqətimizi cəlb edən ən maraqlı məqam isə sol sürət zolağı ilə sürətlə hərəkət etdiyiniz zaman qarşınızdakı nəqliyyat vasitəsinin sizdən heç bir xəbərdarlıq almadan yerini dəyişərək, sağ zolağa keçməsi oldu. Bəli, bu əsl yol mədəniyyətidir.

Paytaxt Dohanın demək olar ki, hər tərəfində yenidənqurma işləri görülür. Belə ki, Doha var qüvvəsi ilə 2022-ci ildə ev sahibliyi edəcəyi futbol üzrə dünya çempionatına hazırlaşır. Çempionat üçün burada yeni stadionlar tikilir, olan stadionlar yenidən bərpa olunur, yeni magistral yollar və dəmir yolları salınır.

Artıq bir müddətdir ki, “Qətər böhranı” kimi xəbərlərdə tez-tez eşitməyə alışdığımız ifadə isə ölkə əhalisi üçün tamamilə yad bir frazadır. Çünki ölkədə heç bir böhrandan əsər-əlamət yoxdur. Yerli sakinlərlə bu mövzuda bir az söhbət etdik. “Ölkənin hər tərəfdən blokadaya alınması nələrə səbəb oldu?” sualımıza isə olduqca qəribə bir cavab aldıq: “Mağazalarda iki gün süd məhsulları olmadı”. Hər şey bu qədər sadə. Qətərə süd məhsulları Səudiyyə Ərəbistanından gətirildiyi üçün bu ölkənin əlaqələri qəfil dayandırması iki gün süd məhsullarının qıtlığına səbəb olub. Daha sonra isə bu məhsullara olan tələbat Türkiyədən və Omandan idxal olunan məhsullarla öz yerini doldurub.

Təxminən yüz əlli min dollar miqdarında olan adambaşına düşən milli gəlirə görə artıq uzun illərdir ki, Qətər dünya ölkələrinə liderlik edir. Burada həyat şəraiti olduqca yüksəkdir. Əgər Qətərə səfər edəcəksinizsə, buradan nəsə almağı heç ağlınıza belə gətirməyin. Çünki mağazaya girərkən cəmi bir neçə qutu xurma üçün əlli dollardan çox pul ödəməli olacaqsınız.

Qətər üçün prioritet öz vətəndaşlarının rifahını yaxşılaşdırmaqdır. Buna görə də qanunların çoxunun məhz vətəndaşların lehinə olduğunu, onların rahatlığını təmin etdiyini görərsiniz. Misal üçün qeyd edə bilərəm ki, bu ölkənin magistral yollarında quraşdırılan radarlar nəqliyyat vasitələrini öndən deyil, arxadan çəkir. Əgər siz həmin yolda müəyyən olunmuş sürət limitini keçmisinizsə radarı gördüyünüz zaman avtomobilin sürətini aşağı salmağa kifayət qədər vaxtınız olur. Üstəlik burada radarlar uzaqdan yaxşı seçilmək üçün xüsusi qırmızı və sarı rənglərlə rənglənir.

Qətərdə şəhərə çıxarkən üzərinizdə şəxsiyyəti təsdiq edən sənədin olması o qədər də önəmli deyil. Yanınızda bir qətərlinin və ya Körfəz ölkəsi vətəndaşının olması sizin əmin-amanlıqda olmağınız üçün kifayət edər. Çünki burada dövlətlə vətəndaş arasında bir yaxınlıq var və dövlət öz vətəndaşına etibar edir.

Qətərdə yeni ailə quran şəxslərə dövlət tərəfindən on iki sot torpaq hədiyyə olunur. Üstəlik torpaq sahəsi ayrıldıqdan sonra isə dövlət həmin şəxsə fərdi yaşayış evinin tikintisi üçün uzunmüddətli ipoteka krediti verir. Burada boşanmaq isə necə deyərlər, məharət tələb edən işlərdəndir. Çünki Qətərdə ərin arvadını boşaması üçün əvvəlcə onu ayrıca evlə təmin etməsi tələb olunur. Ərin övladları üçün aliment ödəməsi məsələsinə nəzarəti isə dövlət öz üzərinə götürür, aztəminatlı ailələrə dövlət sosial yardım ayırır.

Bu ölkədə kasıb insanlara rast gəlmək çox nadir bir haldır. Kasıbların kasıb olma səbəbləri isə ya ailə başçısının dünyasını dəyişməsi zamanı ailəni təmin edəcək heç bir kəsin olmaması, ya da insanın israfçılıq edərək, pulunu yerli-yersiz xərcləməsidir.

Ümumiyyətlə, əcnəbilərin sayı yerli əhalinin sayından qat-qat çox olduğu üçün yerli əhaliyə rast gəlmək “böyük xoşbəxtlik” sayılır. Burada satıcısından, sürücüsünə, menecerindən xadiməsinə kimi, xidmət sahəsində olan bütün işləri əcnəbilər görür. Dünyanın zəngin ölkələrinin siyahısında yer alan Qətər özündən başqa Hindistan, Pakistan, Nepal, Banqladeş, İndoneziya və digər ərəb ölkələri başda olmaqa bir çox ölkədən on minlərlə xarici vətəndaşı da işlə təmin edir. Burada işləməyin əsas müsbət tərəflərindən biri isə çalışdığın yerin səni mənzil və qida ilə təmin etməsidir.

Türkiyə, türk xalqı və xüsusilə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qətər xalqının qəlbində xüsusi yeri var. Çünki bu ölkəyə qarşı embarqoların tətbiq olunduğu ilk günlərdən etibarən Türkiyə Qətərə öz yardımlarını əsirgəməmiş və bütün imkanlarını səfərbər edərək, Qətər xalqının yanında olmuşdu. Elə indi də mağazalarda Türkiyədən gələn mallar xüsusi yazılarla insanlara təqdim olunur.

İnsanlarla söhbətimiz və apardığımız müşahidələr yerli əhalinin ölkə başçısı Təmim ibn Həmədə xüsusi sevgisi olduğunu göstərir. Çünki onun hakimiyyətə gəlməsi ilə ölkədə bir sıra müsbət islahatlara start verilib və bu islahatlar hazırda da məqsədyönlü şəkildə davam etdirilir. Burada demək olar ki, hər iki nəqliyyat vasitəsindən birinin üzərində Qətər əmirinin şəklini əks etdirən plyonkalar yapışdırılıb, evlərin divarları ölkə başçısının şəkilləri və bayraqlarla bəzədilib. Maşınların üzərində Ərdoğanın də şəkilləri görmək mümkündür.

Qətəri başqa ərəb ölkələrindən fərqləndirən ən əsas cəhət isə burada elmə, elm əhlinə və mütəxəssislərə verilən dəyərdir. Xüsusilə də Təmim ibn Həmədin hakimiyyətə gəlməsindən sonra ölkədə yerli mütəxəssislərin yetişdirilməsi üçün ciddi addımlar atılır. Burada universiteti bitirən hər bir vətəndaş dərhal işlə təmin edilir.

Qətər əmirliyinin şüarlarından biri də ətraf mühitin qorunması və təmiz saxlanılmasıdır. Bunun üçün də xüsusi tədbirlər görülür və böyük ölçüdə cərimələr tətbiq olunur. Çöl heyvanlarının mühafizəsi üçün isə avto-magistrallar boyunca qoruyucu hasarlar çəkilib ki, bu da onların yola çıxmasının və ya insanların qoruqlara daxil olmasının qarşısını almaq üçündür.

Qətərdə ən çox əziyyət çəkən “avtoşlar”dır. Burada “avtoşlar” öz həvəslərini öldürmək üçün bir çox hallarda şəhərdən onlarla kilometr uzaqlaşmalı olurlar. Gecə vaxtı yolun kənarında dayanan və əlində ratsiya olan adamlar görmək mümkündür. Onlar həmin yerdən bir neçə kilometr qarşıda “avtoşluq” edən şəxslərin mühafizəsini təşkil etmək üçün orada dayanaraq, qarovul çəkirlər. Bu qarovullar avtoşların öz məharətlərini göstərdikləri yerdən hər iki istiqamətdə bir neçə kilometr məsafədə olurlar.

Qətərdə Azərbaycanla iqtisadi, siyasi əlaqələrə xüsusi önəm verilir. Söhbət etdiyimiz rəsmilər və iş adamları Azərbaycana yatırım qoymağa, eyni zamanda da azərbaycanlıların Qətərdə iş qurmasına müsbət yanaşdıqlarını söyləyirdilər. Qətər krizindən sonra, artıq bəzi azərbaycanlı mütəxəssislərin də bu ölkəyə dəvət olunduğunu öyrəndik. Bununla yanaşı Qətərdə xeyli sayda iş yerləri də var ki, həmvətənlərimiz asanlıqla burada çalışa bilərlər. Həmçinin Qətər Azərbaycanla daha yaxından iqtisadi əlaqələr qurmaq üçün vizanı ləğv edib.

Son olaraq, Dohada İslam İncəsənət Muzeyinə getdik. Bu müzeydə Hindistan, Əfqanıstan, İran, Türkiyə, Suriya, İraq kimi ölkələrdən gətirilmiş və orta əsrlərdən iyirminci əsrin əvvəllərinə qədər olan bir zaman periodunu əhatə edən dəyərli incəsənət əsərlərini görmək mümkündür. Muzeydə müqəddəs Qurani-Kərimin qədim nüsxələri, çini qablar, müxtəlif silahlar, xalçalar, İslam alimlərinin qədimdə istifadə etdikləri qədim cihazlar və bəzək əşyaları nümayiş etdirilir.

    

 

Vüsal ƏLİYEV

Bakı-Doha-Bakı

Avropa.info

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər