Dərslər başlayır, küçə itləri real təhlükəyə çevrilir

Dərslər başlayır, küçə itləri real təhlükəyə çevrilir

Son vaxtlar təkcə Bakıda deyil, bölgələrdə də sahibsiz itlər vətəndaşlar üçün real təhlükəyə çevrilib. Sentyabrın 10-da Bərdənin Güloğlular kəndində 13 yaşlı oğlan, Zaqatalada 5 yaşlı qız sahibsiz itin hücumuna məruz qalıb. Son 10 gündə Bərdədə 21, Zaqatalada 30 nəfəri it dişləyib.

Paytaxt Bakıda da it dişləmələri ilə bağlı xəbərlərin ardı-arası kəsilmir. Üstəlik yalnız Bakıətrafı kənd və qəsəbələr deyil, paytaxtın mərkəzi küçələri də itlərin oylağına çevrilib. Günün günorta çağı, əhalinin sıx olduğu yerlərdə sürü ilə gəzən itlər vahimə yaradır.

Sahibsiz it problem Nazirlər Kabinetini də hərəkətə gətirdi. Avqustun 23-də sahibsiz heyvanlarla mübarizəyə və görüləcək profilaktik tədbirlərə dair müşavirə keçirildi. Müşavirədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə, Kənd Təsərrüfatı Nazirliyinə, eləcə də sahibsiz heyvanlarla mübarizə ilə bilavasitə məşğul olan Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıqlar verildi. İtlərin vaksin olunması, sığınacaqların yaradılması qərara alındı. Amma bəlli oldu ki, tədbirlər planı hazırlamaq, sığınacaqlar yaratmaq bir ayın və ya bir ilin işi deyil, mərhələlərlə həyata keçiriləcək tədbirlərin nəticəsini ən tezi gələn ilin ortalarında hiss edəcəyik. Hələlik isə vətəndaş sahibsiz itlərin hücumundan qorunmaq üçün mübarizə yolları axtarır.

“Səhər-axşam itlər sürü ilə gəzir, qorxudan çölə çıxa bilmirik. Məktəb açılandan sonra təhlükə daha da artacaq”, – Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yaşayan Könül Musayeva virtualaz.org saytına şikayətində deyir. Onun sözlərinə görə, oğlu metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığa yerləşən 10 saylı məktəbdə oxuyur. Məktəbə gedən yolun üstündə isə piştaxtalar düzülüb. Sahibsiz itlər sallaqxanalarının, meyvə-tərəvəz qalırlarının ətrafına toplanır.

Metronun “Əhmədli”, “Həzi Aslanov”, “Nəsimi” stansiyalarının yaxınlığında, həmçinin Suraxanı rayonu Zığ, Hövsan, Bülbülə, Yeni Suraxanı, Yeni Günəşli, eləcə də Keşlə, NZS qəsəbəsində yaşayan sakinlər tərəfindən də redaksiyamıza xeyli şikayət daxil olub.

Sakinlər deyirlər ki, gecə səhərə qədər itlərin səsindən yatmaq olmur. Səhər isə küçəyə çıxmaqla itlərin ətrafda toplanması bir olur. Göz açıb yumunca it cumur. “Bir çarə düşünmək lazımdır. Tədris mövsümü başlayır, məktəblərin ətrafında itlər sürü ilə gəzir. Uşaq nə bilsin ki, hansı it quduzdur, hansı yox”, – Hövsan qəsəbə sakini Nahid Süleymanov sayta şikayətində söyləyib.

Ötən tədris mövsümündə Hövsanda dərsə gedən azyaşlı elə məktəbin qarşısında itin hücumuna məruz qalmışdı, it azyaşlının ayağından dişləmişdi. Buna görə də dərslərin başlamasına az qalmış valideynlərin narahatçılığı daha da artıb. Bir çoxları uşaqların həyatını təhlükəyə atmaqdansa itlərin güllələnməsinin tərəfdarıdır. “İtin həyatı quduzluqdan ölənlərin həyatından qiymətli deyil. Kim heyvanları çox sevir aparıb evində saxlasın”, – Nihad əlavə edir.

Avropa Konvensiyasına zidd olduğundan, sahibsiz heyvanların güllələnməsi qadağan edilib. Son məlumatlara görə, bu qərardan sonra təkcə paytaxtda sahibsiz itlərin sayı 1 milyona yüksəlib. Hazırda yeganə üsul itlərin vaksinasiyası və sterilizasiyasıdır.

Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli virtualaz.org saytına bildirib ki, Avropa İttifaqının layihəsi çərçivəsində sahibsiz itlərin vaksinasiyası nəzərdə tutulub. “İndiyədək olunmayıb. Yalnız qeydiyyatda olan, yəni sahibli heyvanlar vaksin olunurlar. Amma Avropa İttifaqının layihəsi var, sahibsiz itlərin quduzluğa qarşı peyvəndinə başlanılacaq. Layihə artıq hazırdır, gələn ildən vaksinasiyaya başlanılacaq”, – Y.Xanvəli bildirib.

Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsindən isə deyiblər ki, Nazirlər Kabinetinin iclasından dərhal sonra sahibsiz itlərin zərərsizləşdirilməsinə başlanılıb. Hələlik itlərin çox olduğu ərazilərə baxış keçirilir və ya şikayətlər əsasında heyvanlar yığılaraq idarənin sığınacağına yerləşdirilir. Amma sığınacaqda yerlər məhdud olduğundan küçə itlərinin hamısını ora aparmaq mümkün deyil. “Yəqin ki, sığınacaqların sayı artırılacaq. Çünki bununla bağlı təkliflər var. Amma onu deyə bilərik ki, mərhələlərlə itlər peyvənd olunacaq, rəqəmlənəcək və sonra küçəyə buraxılacaq”, – idarədən əlavə ediblər.

Hazırda idarənin sığınacağına heyvansevərlər nəzarət edirlər. Sosial şəbəkədə itlərin yemlənməsinə köməklik göstərilməsi üçün müraciətlərə tez-tez rast gəlirik. Sahibsiz itlərdən danışmışkən, bu yaxınlarda sığınacaq uğrunda heyvansevərlər arasında mübahisənin əlbəyaxa davaya çevrildiyini əks etdirən görüntülər sosial şəbəkədə yayılmışdı. Tərəflər bir-birini itlərə yardım adı ilə yığılan pulları, yemləri mənimsəməkdə günahlandırdı. Belə göründü ki, sahibsiz itlərin çoxalması həm də heyvansevərlərin işinə yarayırmış.

Həftə sonu məktəblər açılır, valideynlərin haqlı narahatlıqları həllini tapmalıdır. İtin öldürülməsinin tərafdarı olmasaq da, istənilən halda insanın həyatı itin həyatından daha vacib, daha üstündür.

virtualaz.org

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər