Şəkiyə gələn turistlərin sayı son beş ildə 7 dəfədən çox artıb

Şəkiyə gələn turistlərin sayı son beş ildə 7 dəfədən çox artıb

Bu ilin doqquz ayında Şəki rayonunda faktiki qiymətlərlə 279 milyon 786 min manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. İstehsal olunan məhsulun 9 faizi dövlət mülkiyyətinin, 91 faizi isə özəl bölmənin payına düşür. Hesabat dövründə rayonda əmtəə dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq 303 milyon 405 min manat təşkil edib. Doqquz ayda rayonda 2 min 636 yeni, daimi iş yeri açılıb.

Avropa.info xəbər verir ki, bu faktlar 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı oktyabrın 12-də Şəki Şəhər İcra Hakimiyyətində keçirilən yığıncaqda səsləndirilib.

Bildirilib ki, respublikamızın ən iri aqrar rayonlarından olan Şəkidə hesabat dövründə məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, rayonun iqtisadiyyatında mühüm yer tutan taxılçılığın, həmçinin ənənəvi sahələrdən olan baramaçılığın, tütünçülüyün inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. 2017-ci ilin məhsulu üçün payızlıq taxıl əkilmiş 66 min 634 hektar sahədən 214 min ton məhsul əldə olunub. Taxıl istehsalı əvvəlki illə müqayisədə 21 min ton artıb. Gələn ilin məhsulu üçün 65,5 min hektar sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır. Artıq təsərrüfatlarda taxıl səpininə başlanılıb.

Diqqətə çatdırılıb ki, 2015-ci ildə rayonda cəmi 200 kiloqram barama istehsal edildiyi halda, 2017-ci ildə yaş barama istehsalının həcmi 18 tona çatıb. Dövlətimizin başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün 2018-ci ildə rayonda barama istehsalının 70 tona çatdırılması nəzərdə tutulub.

Hesabatda, həmçinin bildirilib ki, cari ildə rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 58 hektar artırılaraq 843 hektara çatdırılıb. Hazırda rayonun 11 kəndində 2 minə yaxın sakin tütünçülüklə məşğul olur. Cari ildə rayonda 2 min 600 ton quru tütün istehsalı proqnozlaşdırılır. İndiyədək təsərrüfatlarda 2 min 238 ton quru tütün istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 164 ton çoxdur. Hazırda təsərrüfatlarda tütün yığımı davam edir.

İxracyönümlü məhsullardan olan fındıqçılığı inkişaf etdirmək məqsədi ilə cari ilin yaz mövsümündə Şəkidə 58,5 hektar sahədə yeni fındıq bağları salınaraq bağların ümumi sahəsi 1761,5 hektara çatdırılıb. Bu ilin sonunadək əlavə olaraq 700 hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulur.

Bildirilib ki, Azərbaycan Prezidentinin iri fermer təsərrüfatlarının, aqroparkların yaradılması ilə bağlı verdiyi tapşırığın icrası çərçivəsində rayonda meyvə-tərəvəz, istixana təsərrüfatı, povloniya və qoz ağaclarının yetişdirilməsi, orqanik gübrə istehsalı ilə məşğul olan “Sənaye-Aqropark” yaradılıb. Hazırda burada 200 nəfər işlə təmin olunub. Bu il sahələrdən 500 tona yaxın məhsul yığılıb və satış üçün yerli bazara çıxarılıb. Gələn ildən məhsulun xarici bazarlara çıxarılması üçün məqsədyönlü iş aparılır.

Hesabat məruzəsində 2017-ci ilin ötən dövründə rayonun mədəni həyatında baş verən yeniliklərdən ətraflı bəhs edilib. Bildirilib ki, ənənəvi olaraq keçirilən beynəlxalq festivallar xalqımızın malik olduğu mədəni irsin qorunub saxlanması və təbliğində, eyni zamanda, şəhərin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynayır. Həyata keçirilən tədbirlər nəticəsində Şəki turistlər üçün cəlbedici məkana çevrilib. Son 5 ildə rayona gələn turistlərin sayı yeddi dəfədən çox artaraq 150 min nəfərə çatıb.

Yığıncaqda, həmçinin cari ilin doqquz ayında rayonda aparılan abadlıq-quruculuq işləri, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil edilib, qarşıda duran vəzifələrdən bəhs olunub.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər