Cənubi Qafqaz uğrunda savaş qızışır: Türkiyənin bölgədə rolu genişlənir (Bizim şərh)

Cənubi Qafqaz uğrunda savaş qızışır: Türkiyənin bölgədə rolu genişlənir (Bizim şərh)

ABŞ və Rusiya son dövrlərdə yenidən Cənubi Qafqaz uğrunda mübarizəyə başlayıb. Ermənistanın Rusiyanın forpostluğunda qalmaq cəhdləri fonunda Azərbaycan və Gürcüstanı NATO-ya daha açıq ölkələr kimi səciyyələndirirlər. Lakin bölgədə elə proseslər baş verir ki, siyasi müstəvidə kimin hansı gedişləri edəcəyini təxmin etmək qəlizləşir.

Rusiya və Qərb tərəfindən təzyiqlərlə üzləşdirilən Azərbaycan yeni “xilas kəməri” axtarmaqdadır. Son vaxtlar bu missiyanı qonşu Türkiyə oynamağa başlayıb. Türkiyə bölgədə möhkəmlənmək üçün Cənubi Qafqaza nəzarəti ələ keçirmək istəyir. Gürcüstanla münasibətlər baxımından ciddi bir böhran yaşamayan Ankara İrəvan ilə “Sürix protokolları” çərçivəsində əməkdaşlığı inkişaf etdirmək istəyir. Lakin bu məsələdə Bakının da maraqlarını nəzərə alan Türkiyə bölgədə əməkdaşlığın əsas vektorunun Türkiyə-Azərbaycan, Türkiyə-Gürcüstan münasibətləri olduğunu da yaxşı anlayır. Cənubi Qafqazdakı etnik münaqişələr SSRİ-nin dağılmasına səbəb olub. Odur ki, bölgə dünya üçün önəmli bir məkana çevrilib. Regionun mühüm oyunçusu kimi Türkiyə proseslərə daha fəal müdaxilə etmək niyyətini gizlətmir. Adi deyil ki, Türkiyənin Cənubi Qafqazda rolu xeyli artıb. Həm Türkiyə ərazisində hərbi təlim və təkrar təlim komponentindən, həm də Azərbaycan və Gürcüstanın hərbi təhsil sisteminin NATO standartlarına uyğunlaşdırılmasından ibarət olan hərbi kadr hazırlığında Ankaranın fəallığını xüsusilə qeyd etmək lazım gəlir.

Ankaranın bu fəallığı Türkiyənin bölgədə güc mərkəzinə çevrilməsinə imkan verir. Ankara güc mərkəzinə çevrilir. Həmçinin, formalaşan hərbi alyansın postsovet məkanında öz maraqlarının müdafiəsi üçün açıq-aşkar hərbi alətdən istifadə edən Rusiyaya qarşı yönəldiyini də hesab edənlər az deyil. Sanksiyalar kəskinləşdikcə və onların Rusiyaya qarşı təsiri artıqca Moskva özünün nüfuz məkanı hesab etdiyi ərazilərin resursları hesabına ayaqda qalmağa çalışacağını ehtimal etmək olar.

Lakin bunun da uzun müddət davam edəcəyi inandırıcı deyil. Qərb Rusiya ilə kökə vasitəsilə danışmağa cəhd göstərdi, Kreml əzələlərini möhkəmləndirdi və ətrafını əzməyə başladı. İndi zopa vasitəsilə danışmağa çalışır. Rusiya isə eyni davranışları sərgiləyir. Bu isə sübuta yetirir ki, Rusiya ilə hansı dildə danışırsansa danış, o, yenə rus dilində danışacaq. Buna görə də təzyiqlərin getdikcə artacağını və Rusiya ətrafındakı həlqənin daha da daralacağını düşünürəm.

ABŞ-Rusiya qarşıdurması dünyaya uzunmüddətli gərginlikdən başqa heç nə vəd etmir. Lakin bu proses artıq qarşısıalınmaz məcraya daxil olub. SSRİ süquta uğradığı zaman Qərb Rusiyanı qorumağa çalışdı. Çünki Rusiyanın parçalanması həmin dövrdə həlli mümkün olmayan problemlərə yol aça bilərdi. Parçalanmış SSRİ-nin yerində 15 yeni dövlət yaranmışdı. Bura Şərqi Avropadakı sosialist məkanına daxil olan dövlətləri də daxil etsək, prosesin ağırlığını müəyyənləşdirə bilərik. Şərqi Avropadakı dövlətlə hələ tam şəkildə Avropanın hüquqi dəyərlər sisteminə daxil ola bilməyiblər, post SSRİ məkanındakı vəziyyət də göz qabağındadır. Təsəvvür edin, eyni vəziyyət çoxsaylı federal təsisatlardan ibarət Rusiyada baş versəydi, Avropa hansı təhlükələrlə qarşılaşardı. İndi isə vəziyyət qismən də olsa dəyişib. Postsovet məkanındakı ölkələrin əhəmiyyətli hissəsi ayaq üstə dayana, müqavimət göstərə bilirlər. Bu səbəbdən də postsovet məkanında yeni mərhələ başlayıb. Rusiya postsovet respublikalarını öz müdafiə xəttinə, Qərb isə bufer zonasına çevirməyə çalışır.

Türkiyənin bölgədə oynadığı rola, Qərb və Rusiyanın Ankaranın bölgədəki nüfuz uğrunda mübarizəsinə yanaşmasına gəldikdə isə onu vurğulamaq lazım gəlir ki, Türkiyənin Cənubi Qafqazdakı tərəfdaşları ilə inkişaf etməkdə olan hərbi əməkdaşlığına, Bakı və Tiflisin NATO ilə genişlənməkdə olan münasibətlərinə Qərb və Rusiya neytral izləyici timsalında yanaşırlar. Çünki NATO-nun planları bir sıra hallarda Türkiyə ilə ziddiyyət təşkil edir. Odur ki, bu mərhələdə Ankaranın rolu NATO-nun rəqibi olan Moskvanı qane etməyə bilməz. Rusiyanın cənub sərhədlərində Ankara və Moskva əməkdaşlığı da aktuallığını artırıb. Moskvanın səssiz razılığı olmadan Türkiyə-Azərbaycan-Gürcüstan arasında üçtərəfli hərbi format yaratmaq imkansız olardı.

Digər tərəfdən, Rusiya və NATO-nun regionda status-kvosunun müvəqqəti xarakter daşıması və gələcəkdə gərginliyə gətirib çıxara biləcəyi ehtimalı azdır. Rusiyanın İranın nüvə proqramı üzrə danışıqlarda konstruktiv iştirakı, marşrutların diversifikasiyası vasitəsilə Avropanın enerji təhlükəsizliyi sisteminin formalaşdırılması və neft qiymətlərinin ucuzlaşmasından irəli gələrək, Rusiyanın qlobal iqtisadiyyata cəlb olunması prosesinin sürətləndirilməsi, xarici kapitalın geniş iştirakı ilə daxili islahatlara hazırlıq təhlükəsizlik sahəsində Kremlin Qərblə əməkdaşlığını vacib edir.

Qərb siyasi dairələrində belə hesab edirlər ki, Azərbaycan coğrafi mövqeyinə görə, Rusiya və İranla normal münasibətlər qurmaq məcburiyyətindədir. Azərbaycanın Qərblə də münasibətləri də inkişaf edir. Bu baxımdan, Bakının öz diplomatiyasında balans siyasətinə üstünlük verməsi Azərbaycanı beynəlxalq təhdidlərdən qoruyur…

Avropa.info-nun ekspert qrupu

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər