Ankarada böyük tədbir – Azərbaycandan professor İlham Rəhimov da iştirak edir – Fotolar

Ankarada böyük tədbir – Azərbaycandan professor İlham Rəhimov da iştirak edir – Fotolar

Noyabrın 9-da Türk dili Danışan və Əqrəba Ölkələrin Vəkillər Birliyi ( TüRK –AV) və Türkiyə Barolar Birliyinin (TBB) təşkilatçılığı ilə Ankarada tədbir keçirilib. 

Musavat.com xəbər verir ki, tədbirdə Türk-AV-nin təmsilçiləri, türkdilli ölkələrdən, o cümlədən də Azərbaycandan olan hüquqşünaslar iştirak ediblər.

İlk olaraq çıxış edən TBB-nin başqanı Mətin Feyzioğlu gələn qonaqları salamlayaraq bildirib ki, tədbirin keçirilməsində məqsəd həm də qazi Mustafa Kamal Paşanı anmaqdır:

“Onun aramızdan ayrılmasının 79-cu ili tamam olur. Bizim niyyətimiz bütün dost və qardaş ölkələrin hüquqşünas təşkilatlarını bir arada birləşdirməkdir. Bu istək, hakim peşəsini daha da inkişaf etdirmək səbəbindən irəli gəlib. Biz eyni zamanda qardaş ölkələr arasında insan hüquqlarını, demokratiyanı qorumaq marağındayıq. Ölkələrimizin xoşbəxt gələcəyinə inanırıq. Xoşbəxtik ki, bu xəyalı qurub yola çıxdığımız zaman yalnız deyilmişik. İki il müddət ərzində davam edən hazırlıqların nəticəsində 2016-cı ildə Türk-AV elə bu salonda quruldu”.

M. Feyzioğlu bildirib ki, bizimlə birlikdə burada Monqolustan, Gürcüstandan, Azərbaycan, Qazaxıstan,Qırğızıstandan, Kosova, Moldova, Rusiya, Tatarıstandan və digər yerlərdən olan vəkillər birliyinin üzvləri, həmçinin Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının yer almaqdadırlar:

“Onların hər birini salamlayıram və burada iştirak etdikləri üçün təşəkkürümü bildirirəm”.

Daha sonra çıxış edən Hakimlər və Prokurorlar Yüksək Qurumunun təmsilçisi Məhmət Yılmaz da bütün dost və qardaş ölkələrin nümayəndələrini salamlayıb:

“Dəyərli həmkarlarım, cəmiyyətlərin həm daxili həm də beynəlxalq münasibətlərində əsas ortaq nöqtə hüquq və ədalətdir. Cəmiyyətlər, insanlar, xüsusilə də dövlətlər bu ali məqsəd uğrunda birləşərsə bir-birilərini baş düşməkdə, bir-birilərinin varlıqlarına hörmət etməkdə problem yaşamazlar, haqsızlığa, ədalətsizliyə meydan verməzlər. Hüquq və ədalətin bütün növ problemlərin həllində ən böyük və yeganə alət olduğunu zaldakı dəyərli hüquqşünaslar və bizlər çox yaxşı bilirik. Bu gerçəkliyi ağlınızdan çıxarmayın. Bir-birimizin təcrübələrindən öyrənəcəyimiz çox şey var və biz, bu cür şansı əldən vermək istəmirik”.

Çıxış edən Türkiyənin Baş prokuroru Məhmət Akarca da qonaqları salamlayaraq tədbirin önəmindən danışıb:

“Müstəqil məhkəmənin ən önəmli təməl ünsürlərindən olan vəkillik peşəsi müstəqil məhkəmənin təminatı olduğu kimi demokratiyanın, hüquqi dövlətin də ən böyük özülüdür. Buna ürəkdən inanırıq. Türk Vəkillər Birliyini quran ölkələrin və ümumilikdə, bu işdə əməyi keçən bütün insanları hörmətlə salamlayıram”.

Yuxarıda da qeyd etdiyimiz kimi tədbirdə azərbaycanlı hüquqşünaslar da iştirak edirdilər. Daha sonra söz Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, professor İlham Rəhimova verildi. İ. Rəhimov çıxış edərək bildirdi ki, onun Ankaraya gəlməsinin üç əsas səbəbi olub:

“Hörmətli qonaqlar və hörmətli ev sahibləri. Mənim Ankaraya gəlməyimin üç səbəbi var. Birincisi, dahi Atatürkün çoxdan arzuladığım movzaleyinə gedib, baş əyməkdir. İkincisi, Azərbaycan Demokratik Cümhuriyyətinin əsasını qoyan Məhəmməd Əmin Rəsulzadənin qəbrini ziyarət edib, baş əymək və üçüncüsü isə bu toplantıda iştirak etməkdir. Allahın köməkliyi ilə birinci arzuma bu gün nail oldum. Elə hava limanından birbaşa Böyük Atatürkün movzaleyinə gedib, baş əydim. Sabah isə digər iki arzuma da nail olacağam. Bütün türkiyə hüquqşünaslarına minnətdarlığımı bildirib, sizlərə xoş arzularımı çatdırıram”.

Tədbirdə qonaq qismində isə Azərbaycan Vəkillər Kollegiyasının üzvləri Şahmar Məmmədov, İlhamə Həsənova, Dilarə Əfrasiyabova iştirak edirdilər. Azərbaycanlı nümayəndələr 9 noyabr tarixində ölkəmizdə Bayraq günü bayramının qeyd olunduğunu nəzərə alıb, türkiyəli hüquqşünaslara bayraqlarımızı payladılar. Onlar isə öz növbəsində Azərbaycan xalqını bu gün münasibətilə təbrik etdilər. Sonda isə iştirakçılar türk xalqlarının musiqilərinin sədaları altında, Türkiyə milli mətbəxi ilə tanış oldular.

Əli Rais, 
Musavat.com
Ankara

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər