Türkiyənin “yaşayan tarixi” – Beypazarından REPORTAJ, FOTOLAR

Türkiyənin “yaşayan tarixi” – Beypazarından REPORTAJ, FOTOLAR

Türkiyədə ən azı 200-300 il öncəyə qayıtmaq istəyirsənsə, Beypazarı deyilən yerə getməlisən. Təsadüfü deyil ki, bura həm də yaşayan tarix deyirlər. Səbəbi isə odur ki, 21-ci əsr olmasına baxmayaraq bu məkanda hər şey bir neçə əsrdə olduğu kimi, qorunub-saxlanılıb.

Musavat.com-un əməkdaşı olaraq biz də Beypazarında olub, gördüklərimizi qələmə almaq qərarına gəldik.

Beypazarı paytaxt Ankaranın mərkəzindən təxminən 190 kilometr məsafədə yerləşir. Bura, Hitit, Frigiya, Galat, Roma, Bizans, Səlcuqlu və nəhayət Osmanlıların hakim olduğu tarixi İpək Yolu üzərində yerləşən yaşayış məntəqələrindən biridir.

Tarixi mənbələrə görə, Beypazarının ilk adı “Lagania” (qaya zirvəsi ölkəsi) olub. Bu gün olduğu kimi keçmişdə də ətrafdakı şəhərlərin maraq mərkəzində olan bu ərazidə böyük bazar fəaliyyət göstərib. Ətraf ərazidə yaşayanlar bu bazara gəlib, alış-veriş edirlərmiş. Elə bu səbəbdən də getdikcə ərazi “Beypazarı” kimi adlandırılıb.

Bazara keçməzdən öncə onu qeyd edək ki, burada xeyli sayda tarixi evlər var. Hələ Evliya Çələbi öz yazısında bu məkandan bəhs edərək bildiribmiş ki, burada çoxsaylı hündür evlər tikilib. O, evlərdən bəhs edən zaman yazıb:

“Burada 3 mərtəbəli bina var. Evlərin əsasında odun dayanır, ancaq bu odunların da üzəri palçıqla suvanır. Yerlilərə xas olan bu material otaqlarda nəmi və çirkli havanı aradan qaldırır. Beypazarının evləri çox fərqlənir. Bu evlərin  girişində dəmir-örtüklü zirzəmilər var, yer döşəmələri daşdan, qalan hissəsi ağacdan hazırlanır”.

Qeyd olunur ki,  tarix boyunca ərazidə bir neçə dəfə yanğın baş versə də evlərin tikilmə qaydası  qiymətli əşyaların saxlanmasına və yanğından qorunmasına yardımçı olub.

Beypazarında evlərin arasında yerləşən küçələrdə mövcud olan bazarın 600 illik yaşı olduğu bildirilir. Burada tarixi əşyalarla bərabər, Türkiyə mətbəxinə xas olan yeməklərə, şirniyyatlara da rast gəlmək olur.

Orada olduğumuz zaman müşahidə etdik ki, ərazi xüsusilə də turistlərin diqqətini cəlb edir. Beypazarına demək olar ki, dünyanın hər yerindən turistlər gəlib, buradakı tarixlə tanış olurlar. Azərbaycanla müqayisə etsək, ərazini Lahıca bənzətmək olar. Burada da dəmirçilər, qalayçılar işləyib, müxtəlif əşyalar hazırlayıb evlərinin önündəki bazarda satırlar. Ancaq onu da qeyd edək ki, Beypazarında satıcılar heç də turist gördüyü zaman qiymət artırmağa çalışmırlar. Əksinə, turistə güzəştlər edib, qiymətləri endirirlər. Bir sözlə orada yaşayan insanlarda insanlıq çox yüksək səviyyədədir.

İnsanlıq demişkən, burada yas və toy adətləri də fərqlidir. Biz orada olduğumuz zaman Beypazarında bir nəfər dünyasını dəyişmişdi. Məsciddə bununla bağlı ard-arda çağırışlar edilib, mərhumun saat neçədə, harada dəfn olunacağı elan edilirdi. Bir şey də diqqətimizi çəkdi ki, axund mərhumun adını söylədikdən sonra onun 10-a yaxın qohumunun da adını çəkirdi. Öyrəndik ki, bu, Beypazarında köhnədən qalan adətdir. Məqsəd də odur ki, mərhumu tanımayanlar onun qohumlarını tanıyırsa, bilsin ki, həmin adamın yaxını dünyasını dəyişib və dəfndə iştirak etsin. Söylədilər ki, bu, bir növ birliyin çağırışıdır.

Buranın özünə xas yeməkləri də var.  Beypazarı, dolması, güvəçi, lokumu, paxlavası ilə məşhurdur. Bəzək əşyalarına gəlincə isə burada gümüşdən demək olar ki, bütün növ bəzək əşyaları hazırlanır. Öyrəndik ki, Beypazarında gümüş mədəni yoxdur. Digər yerlərdən gətirilən gümüş  ustalar tərəfindən böyük səbir və qayğı ilə işlənir və xarici ölkələrə, xüsusilə Türkiyənin digər bölgələrinə göndərilir.

Bildirildi ki, rayonun əhalisinin təxminən 67 faizi kənd təsərrüfatı ilə məşğuldur. Bura həmçinin Türkiyənin yer kökü ehtiyacının 60 faizini ödəyir. Elə Beypazarına girişdə də yer kökü abidəsi qoyulub.  Ümumilikdə isə Ankaranın meyvə və tərəvəz məhsullarına olan tələbatını Beypazarı ödəyir.  Həmçinin buranın camaatı heyvandarlıqla xüsusilə də keçi saxlamaqla məşğuldur.

Vilayətdə ən böyük sənaye şirkəti Beypi də buradadır (Beypazarı Kənd Təsərrüfatı İstehsalı Sənayesi və Ticarəti). 1992-ci ildə qurulan bu təşkilat Türkiyənin ilk 500 sənaye müəssisəsindən biridir.

Ustalar söylədilər ki, Beypazarında qızıl, gümüş, mis və toxuma işi əvvəllər daha qabarıq və indikindən çox idi.

Beypazarının Trona mədən (soda külü) ehtiyatı 237 milyon tondur və dünyanın ən böyük ikinci ehtiyatıdır. Yüksək texnologiya sayəsində qazma üsulu ilə yuyulur və çıxarılır.

Bütün bu zənginliklərlə bərabər Beypazarında mədəniyyət və tarix muzeyi də fəaliyyət göstərir ki, bu muzeydə də Osmanlı dönəminin əşyaları, əsərləri saxlanılır. Həmçinin bu muzeydə Roma, Bizans dönəminə aid əsərlər də qorunur.

Elə buna görə də yuxarıda da qeyd etdiyimiz kimi, Beypazarı həm də “yaşayan tarix” kimi adlandırılır.

 

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər