Eldar Mahmudov üçün həyəcanlı həftə: qandallanacağı gözlənilir

Eldar Mahmudov üçün həyəcanlı həftə: qandallanacağı gözlənilir

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 2 il “MTN işi”ndən kənarda, daha doğrusu azadlıqda qalsa da, noyabrın ilk həftəsində istintaqa cəlb olundu. Oktyabrın son günlərində E.Mahmudovun əmisi oğlu Vüqar Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağırılıb və həbs olunub.

V.Mahmudovun həbsindən sonra Eldar Mahmudov üçün də həyəcanlı günlər başlayıb. Noyabrın 10-da sabiq naziri artıq 3-cü dəfə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırıblar. Mahmudov hər dəfə istintaqa çağırılmazdan əvvəl mətbuatda onun saxlanılacağı haqda xəbərlər yayılıb. Sabiq nazir vaxtilə müxtəlif zümrələrdən olan şəxsləri, nazirləri, generalları MTN-in istintaq idarəsinə çağırarkən də belə olurdu. Mətbuat səhifələrində “filan məmuru və ya generalı MTN-ə çağırıblar” başlığı peyda olurdu. Sonra da xəbər gəlirdi ki, həmin şəxsi dəfələrlə dindirib sərbəst buraxıblar. Dindirəndə qabağına çay qoyub 3-5 saat yorucu suallarla vaxtını alıb, yeri gələndə təzyiq göstərib, saatlara qapılarda gözlədib, “get dediyimiz vaxt gələrsən” kimi əmrlər alanlar da olurdu. Elə də olurdu ki, istintaqa çağırılanlara E.Mahmudovun müstəntiqləri vətəndaşa deyirdilər ki, həftənin filan günü filan saatda yenidən istintaq idarəsində ol. Eldar Mahmudovun özünü də son 20 gündə beləcə istintaqa çağırıblar və yola salıblar. Gələn məlumatlar onu deməyə əsas verir ki, bu həftə də sabiq naziri çox narahat, həyəcanlı günlər gözləyir.

Maraqlıdır ki, E.Mahmudov vəzifədən çıxarılandan sonra ləğv olunmuş MTN-in xeyli vəzifəli şəxslərini həbs etdilər. Onların ağır cinayətlər törətdiyi rəsmən elan edildi. E.Mahmudovun özünü isə bu işlərin başında durduğu şübhə doğurmasa da, istintaqa çağırmırdılar. Onun əmisi oğlu və şəxsi tapşırıqlarını yerinə yetirən, “qara kassası” olan Vüqar Mahmudovu da həbs etmirdilər. İndi isə vəziyyət xeyli dəyişib. İki həftə öncə “MTN işi” üzrə məhkum olunmuş şəxslərin bir çoxunun cəzası apelyasıya qaydasında azaldıldı. Əvəzində isə Mahmudovlar istintaqa cəlb edildilər.

Belə ehtimal var ki, artıq E.Mahmudovun özünün həbsi üçün əsaslar kifayət qədər toplanıb. O, hər dəfə istintaqa çağırılanda vəzifədə olduğu illərdə mal-mülkünü əllərindən aldırdığı, özlərini xəstə, yaxınları qəbiristanlıq etdiyi şəxslər sabiq nazirin qarşısını kəsir və üzünə lənət oxuyurlar. Eldar Mahmudov vəzifədən çıxarılandan sonra bunca çətin günlər bələ də yaşamamışdı. Ümumilikdə sabiq nazir pis günlərini qudası, Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevi uzun-uzadı istintaqa çağırıb sorğu-sual edilərkən saymaq məcburiyətində qoyulmuşdu. C.Hacıyevi çağırır, dindirir və yola salırdılar. İş o yerə çatmışdı ki, Mahmudovun qudası yaxın ətrafına tezliklə bu fəlakətdən qurtulması üçün var-yoxundan keçməyə hazır olduğunu demişdi. Uzun intizardan sonra Cahangir Hacıyev qandallandı və hazırda 15 illik həbs həyatını yaşamaqdadır.

İndi növbə Eldar Mahmudovundur. Eldar Mahmudov bu gün yaşadıqlarına 11 illik nazirliyi dövründə əməlləri ilə haqq edir. Qanunsuz, heç bir əndazəyə sığmayan həbslər onun razılığı, tapşırığı ilə baş tutub. “Yeni Müsavat”ın diqqətli oxucuları “Karvansaray” ticarət mərkəzinin sahiblərindən olan Elşən Kərəm oğlunun MTN-də onlara yaşadılan məşəqqətlər haqda fikirlərini, yəqin ki, unutmayıblar. Müsahibimiz deyirdi ki, onların rəhbərlərini günlərlə, aylarla MTN-ə çağırıb gözlədib, heç bir əhəmiyyət daşımayan sorğu-suala çəkiblər. Yayda havanın hərarəti 35-40 dərəcəyə çatdığı günlərdə də bu mənasız, üzücü proses davam edib. Tələb də bu olub ki, ticarət mərkəzi E.Mahmudova təhvil verilməlidir. Günlərin birində isə “Karvansaray” sahibini otaqlardan birinə salıb kondisioneri maksimal istilik rejiminə keçiriblər. Qapını çöldən bağlayıb yaşlı adamı içəridə qoymuşdular. 8 aylıq dəhşətlərdən sonra “Karvansaray” MMC-nin təsisçilik hüququ Eldar Mahmudovun yaxın qohumu Dilrübə Məhəmməd qızı İmranovanın adına keçirilib. Bildirlib ki, Dilrübə İmranova Eldar Mahmudovun həyat yoldaşının əmisi qızıdır. Ticarət Mərkəzinin payçıları arasında ürək, insult xəstəlikləri olmayanlar yoxdur.

İndi bu məşəqqətləri Mahmudov özü yaşayır.

Mümkündür ki, bu həftə də onu həbs etməsinlər, dindirib müvəqqəti buraxsınlar. Ancaq bu get-gəlin sonunda həbs qərarı veriləcəyi də şübhə doğurmur.

Xatırladaq ki, sabiq nazir ləğv olunmuş MTN-in 7 vəzifəli şəxsinə qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyələrini aşma) və 302.2 (Əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma) maddələri ilə başlanmış cinayət işi üzrə dindirilir. Bundan əlavə MTN istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesində yekun qərar verilərkən E.Mahmudov və qurumun istintaq idarəsinin rəisi Mövlam Şıxəliyev haqda da xüsusi qərardad çıxarılıb. Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə V. Ələkbərovun polkovnik rütbəsindən məhrum edilməsi ilə bağlı da xüsusi qərardad çıxarıb. Məhkəmənin hökmü ilə V. Ələkbərovun əmlakı müsadirə edilərək, zərərçəkmiş iş adamı Akif Qurbanova verilib. Digər zərərçəkmiş şəxslərin isə mülki iddiası təmin edilməyib.

Məhkəmə Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlam Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərib.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər