Azərbaycanda evlərə zirzəmidən soxulub insanları sağalmaz dərdə düçar edən nədir…

Azərbaycanda evlərə zirzəmidən soxulub insanları sağalmaz dərdə düçar edən nədir…

Bu günlərdə AMEA-nın Geologiya və Geofizika İnstitutu ölkənin dağlıq bölgələrində radon qazının normadan artıq olduğunu, aparılmış tədqiqatların nəticəsi olaraq belə rayonların xəritəsinin hazırlandığını açıqlamışdı. Radon qazı siqaretdən sonra dünyada ağ ciyər xərçənginin ikinci əsas səbəbi hesab edilir. 

Bu baxımdan İnstitutun apardığı tədqiqatlar və rodon qazının səviyyəsinin yüksək olduğu bölgələrin müəyyən edilməsi Azərbaycanda əhalinin sağlamlığı baxımından kifayət qədər mühüm əhəmiyyət daşıya bilər. Çünki indiyədək radon qazı təhlükəsi barədə ümumi danışılıb. Elə indi də İnstitut hansı bölgələrdə radon qazının səviyyəsinin yüksək olduğunu dəqiqləşdirməmişdi və ümumi məzmunlu açıqlama ilə kifayətlənmişdi.

Virtualaz.org bu məsələnin izinə düşüb, radon qazı təhlükəsi və bu təhlükənin hansı ərazilərdə yüksək olduğunu həmin institutun mütəxəssisləri ilə dəqiqləşdirməyə çalışıb. Məlum olub ki, Şamaxı-İsmayılı, Masallı-Lənkəran və Gəncə-Qazax bölgələrində radon qazının sıxlığı normadan yüksəkdir.

AMEA Geologiya və Geofizika İnstitutunun Geoloji mühitin qamma-spektrometriyası şöbəsinin müdiri Çingiz Əliyev virtualaz.org-a açıqlamasında deyib ki, “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı” çərçivəsində Azərbaycanın Radon Paylama Xəritəsinin ilkin variantı artıq hazırdır.

“Azərbaycanda radon qazının norması köhnə binalarda 200 bk/kubmetr, yeni evlərdə isə 100 bk/kubmetrdir. Bəzi ərazilərdə bu qazın miqdarı normadan artıqdır. Bu da geoloji amillərdən asılıdır. Həmin ərazilər, əsasən, Böyük Qafqazın mərkəzi hissəsi, Xəzəryanı Quba, talış, Gəncə-Qazax zonalarındır. Həmin ərazilərdə aktiv qırılmalar olduğundan bir sıra qazlar, o cümlədən radon qazı da çıxır. Bununla əlaqədar tədqiqatlar aparılmalıdır. Qalan ərazilərdə isə qazın miqdarı əsasən norma daxilindədir”, – deyə şöbə müdiri bildirir.

Mütəxəssis deyir ki, Kür çökəkliyi, Kürdəmir, Yevlax, Sabirabad, Salyan, Ağcabədi, İmişli, Bərdə və digər düzənlikdə yerləşən rayonlarda radon qazı təhlükəsi yoxdur.

Azərbaycanda radon qazının yayılması ilə bağlı ilk dəfə olaraq İsveçrənin Milli Elm Fondunun (SNSF) dəstəyi ilə 2010-2012-ci illərdə tədqiqata başlanılıb və nəticədə radon təhlükəsi olan ərazilərin xəritəsi tərtib edilib.

“İlk dəfə biz Şamaxının Cabanı kəndində eksperiment apardıq. Zirzəmilərdə xüsusi qurğu qoyuldu və radonun qatılığının yüksək olduğu məlum oldu. Daha sonra Bakıda, digər şəhər və yaşayış məntəqələrində “Gammadata” markalı 2500 radon detektoru quruldu. Bu kiçik cihazdan təcrübə aparılan evlərdə iki ay istifadə olunurdu. Sonra həmin cihazdakı informasiyanı emal edib ortaq məxrəcə gəlirdik. Hazırda isə bizim yeni cihazlarımız var. Bir həftə və ya on gün ərzində onlardan istifadə etməklə müəyyən edirik ki, radon qazının havanın tərkibində sıxlığı nə qədərdir”, – həmsöhbətimiz deyir.

Ç.Əliyev deyir ki, bu təcrübə qış aylarında aparılmalıdır. Çünki həmin vaxt xüsusən rayonlarda ailələr bir otağa yığışır və qapını bağlayırlar. Otağın havası dəyişdirilmədiyindən orada daha real qiymət almaq olur.

Zirzəmilərdə sərinkeş quraşdırmaqla evdə bu qazın miqdarını normaya gətirmək mümkündür. O, daim işlədikdə radon qazını sovurur və azaldır. Mütəxəssis deyir ki, binalarda xüsusi bacalar olmalıdır ki, qazlar çıxıb getsin.

Hazırda radon təhlükəsinin öyrənilməsi ilə bağlı proqram Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirilir. Proqram bitdikdən sona birgə təkliflər hazırlanacaq və ictimaiyyətə təqdim olunacaq.

Mütəxəssis izahatına belə davam edir: “Radon qazı yeraltı qazlarla çıxır. Qırılma zonalarında yeraltı çatlar vasitəsilə Yerin səthinə çıxır və əsasən evlərin zirzəmilərinə, birinci mərtəbələrə yığılır. Radon həm də radioaktiv elementlərin parçalanması nəticəsində yaranır. Bu həm də evi tikən zaman istifadə olunan tikinti materiallarında ola bilər. Əslində betonda, qumda, sementdə bu qaz var, amma normadadır. Tikinti materialları FHN tərəfindən yoxlanılır, qaz normadan artıq olduqda təhlükə ortaya çıxır. Ona görə də tikinti materiallarının sertifikatı olmalıdır. Mineral bulaqlar vasitəsilə də bu qazın insan orqanizminə daxil olması mümkündür. Talış zonasında, kiçik Qafqazda biz suları da yoxlayırıq. Orada radonun qatılığı çoxdur. Bundan başqa, evlər tikiləndə əvvəllər bünövrə qoyulur, ortası torpaq qalırdı. Amma indi tövsiyə olunur ki, torpağın üzəri betonlansın. Bizim təkliflərimizdən biri budur ki, otağın havasını gündə 2-3 dəfə dəyişməyə çalışmalıyıq, qoy radon varsa, yığılmasın”.

İsrar etsək ki, Ç.Əliyev konkret təhlükə olan ərazilərin dəqiq adlarını verməkdən imtina etdi. Bildirdi ki, konkret yaşayış məntəqələrinin adlarını açıqlasa insanlar arasında panika yarana bilər.

“Hazırda biz kitabça hazırlamışıq və o bəzi rayonlarda əhaliyə paylanılıb. Kütləvi informasiya vasitələrində tez-tez marifləndirmə xarakterli çıxışlar edirik. Əgər biz desək ki, Gəncədə hansı küçədə bu təhlükə yüksəkdir, o zaman insanlar arasında qorxu yarana bilər. Çünki radon elədir ki, bəzən aktiv olur, zəlzələ olduqda aktivləşmə düşür, normaya gəlir. Biz anomal zonalarda həkimlərlə görüşüb onlara vəziyyəti izah eləmişik və onlar da əhaliyə başa salırlar. Radiofobiya deyilən bir şey var. Bəzən elə insanlar olur ki, özlərini qorxudurdular. Bu onların psixikasına mənfi təsir edir. Biz geoloquq, ölçürük, nə problem varsa, onu həkimlər deməlidirlər”, – deyə Ç. Əliyev bildirir.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin saytında radon qazı və onun insan orqanizmi üçün təhlükəsi barədə izahat xarakterli material yerləşdirilib. Həmin materialı da oxuculara təqdim edirik:

Radon nədir?

Radon rəngsiz, iysiz radioaktiv qazdır. Suda və orqanizmin piyli toxumasında asanlıqla həll olunur. Xüsusi avadanlıqlar vasitəsilə aşkar olunan radon qazı uranın zaman-zaman başqa radioaktiv elementlərə çevrilməsi nəticəsində yaranır və qaz şəklində olduğu üçün hər yerə yayıla bilir. Radonun əsası olan uran təbii radioaktiv maddə olaraq qayalıq, torpaq və s. yerlərdə az miqdarda da olsa müşahidə olunur. Radon, əsasən, uranla zəngin olan mədənlərdə, mağaralarda daha çox yayılır. Radioaktiv yayılma təhlükəsi zəif olsa da radon təbii radiasiya mühitinin 50 faizini təşkil edir. Radon əsasən uranın çoxluq təşkil etdiyi mağara və mədənlərdə qranit və vulkanik süxurlarda yüksək miqdarda olur və səhhətə ciddi təklükə törədir. Radona içməli suda da təsadüf edilə bilər.

Radon evlərə haradan gəlir?

Radon qazı evlərə yerin altından – bünövrədən sızıb zirzəmilərə dolur və zamanla divardakı çatlar, evə qalxan borular vasitəsilə yayılır. Bu səbədən də evin zirzəmisində və birinci mərtəbəsində radona daha çox təsadüf olunur. Bundan başqa, radon daş, qum və torpaq tərkibli tikinti materialları, yerin alt qatlarından çıxarılan içməli su vasitəsi ilə də məişətə daxil ola bilər. Müxtəlif səbəblərdən evlərdə olan radonun səviyyəsi ildən-ilə, mövsümdən-mövsümə, gündən-günə dəyişir.

Radonun səhhətə təsiri

Radonun ən ciddi təsiri radiaktivlikdən gələn alfa şüalanmasıdır. Əgər insan radon qazı qarışmış hava ilə uzun müddət nəfəs alarsa zəhərlənməyə və az dozalı daxili şüalanmaya məruz qalacaq. Orqanizmin bu maddə ilə zəhərlənməsi heç bir əlamətlə hiss olunmur, lakin illər sonra zəhərlənmiş insan ciddi xəstəliklərdən əziyyət çəkir. Radon suya, toz və dumana qarışaraq qida və nəfəs yolları vasitəsilə insan orqanizminə asanlıqla daxil olur, immun sistemi, qan yaradan hüceyrələri, sümük iliyini, ağ ciyərləri və nəfəs yollarını zədələyir. Bu isə ağciyər xərçənginə, qan xəstəliklərinə və genetik xəstəliklərə səbəb olur. Radonun siqaret çəkən insanlarada xərçəng xəstəliyi törətmə ehtimalı daha çoxdur. 

Radondan qorunmağıyolları

Adi halda radon qazına hər yerdə rast gəlinir ki, onun həcmi norma daxilində olduqda təhlükəli hesab edilmir. Ərazinin radonla çirklənməsi radon asperatorları ilə müəyyən olunur. Qapalı mühitdə radon qazının həcminin normadan artıq olması təhlükəli hesab olunur. Radon təbii qaz olduğundan havalandırma yolu ilə ərazidən kənarlaşdırılır. İçməli sudan isə radonu sönmüş sadə kömür filtrləri ilə təmizləmək olar. Radondan qorunmaq üçün evlər tez-tez havalandırılmalı, zirzəmilərin döşəməsi izolə edilməli, divarlarında xüsusi havalandırma dəlikləri qoyulmalı, birinci mərtəbədə döşəmədəki və divarlardakı çatlar qapanmalıdır. İkinci mərtəbədən aşağıdakı evlərdə radonun səviyyəsi ölçülməlidir. Bunun üçün aidiyyəti qurumlara rəsmi müraciət oluna bilər.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər