UNESCO-nun “Köçəri” rəqsini Ermənistana aid etməsinə rəsmi etiraz

UNESCO-nun “Köçəri” rəqsini Ermənistana aid etməsinə rəsmi etiraz

Cənubi Koreyanın Jeju adasında keçirilən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin iclasında populyar adətlərin və yaradıcılıq formalarının – ənənəvi mahnı, mərasim və bayramların UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün 34 yeni sifariş müzakirə edilib. İclasda Azərbaycanın təqdim etdiyi “Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi” YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Bununla yanaşı, həmin iclasda Azərbaycan milli rəqsi olan “Köçəri” Ermənistana məxsus rəqs kimi Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.

Avropa.info-nun modern.az-a istinadən məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib ki, “Köçəri” Azərbaycan və regionun digər xalqlarına məxsus rəqs növüdür:

““Köçəri” rəqsinin Ermənistana məxsus rəqs kimi Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsi onun  yalnız Ermənistana məxsus olduğu  anlamına gəlmir. “Köçəri” Azərbaycan və regionun digər xalqlarına məxsus rəqs növüdür”.

Müəllif Hüquqları Agentliyindən verilən məlumata görə, Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanır, mənimsənilir və erməni nümunələri kimi təqdim olunur:

“Azərbaycanın mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsidir və bunu ermənilərin tanınmış nümayəndələri açıqca etiraf edirlər. “Hələ 1868-ci ildə erməni ədəbiyyatşünası S.Palasanyan Sankt-Peterburqda erməni dilində nəşr etdirdiyi “Erməni nəğmələri” adlı kitabında yazırdı ki, “… biz hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümüzünkü hesab edirik və özümüzünkü kimi təqdim edirik”.

M.Nalbadyan adlı erməni müəllifi “Qədim şeir və nəğmələr haqqında” kitabında (bax. M. Nalbadyan. Əsərlər toplusu. 1-ci cild) öz növbəsində yazır ki, “ermənilərin əksər musiqi və nəğmələri türklərdən (azərbaycanlılardan) götürülüb. Mən ermənilərin yaşadığı bir çox yerlərdə olmuşam. Həmişə təmiz ermənicə olan bir şey eşitmək istəmişəm. Təəssüf ki, bu günədək mən buna nail olmamışam””.

Müəllif Hüquqları Agentliyi məlumatda qeyd edib ki,  Mahmud Kaşğarinin məşhur “Divani lüğət” kitabında “köçəri” sözü aşağıdakı mənalarda verilib:

“Koç-qoç, yəni erkək qoyun; köçmək, yəni bir yerdən, yaxud bir evdən başqa yerə getmək. Azərbaycan ərazisində islamdan öncəki vaxtlarda qəbirstanlıqlarda başdaşı üzərində “Daş qoç” və “Daş at” heykəlləri qoyulub. “Daş qoç”lu qəbirləri oğuz qəbirləri adlandırırlar. Sözün “koç-qoç” mənasında kəlməsi isə onun türk mənşəli olmasına heç bir şübhə yaratmır. Bununla belə “Köçəri” rəqsinin adı türk mənşəli “köç” sözündən götürülüb. “Köç” sözünün bütün formaları Azərbaycan türkcəsi, türk, türkmən və digər türk dillərində eyni mənanı daşıyır: bir yerdən başqa yerə köçmək; köçəri ailə, tayfa və ya qəbilə; sürgün, sürülmə, köçürülmə; həyatdan köçmə, yəni vəfat etmək; ər evinə gəlin köçmək və s”.

“Köçəri” rəqsi Azərbaycanda çox məşhur olan qədim “Yallı” rəqsinin bir növüdür, hətta Azərbaycanın ən qədim tarixi daş abidələrindən sayılan və eramızdan əvvəl 12-8-ci minillikləri əhatə edən Mezolit dövrünə aid Qobustan qayalarının üzərində də “Yallı” rəqsinin təsvirləri verilib”.

Məlumatda bildirilib ki, “Köçəri” rəqsi əsasən Azərbaycanın ən qədim diyarlarından biri olan Naxçıvanda geniş yayılıb:

“Azərbaycanlılar özlərinin ata-baba yurdlarından, yəni Qərbi Azərbaycandan (indiki Ermənistandan) tamamilə deportasiya edilməmişdən əvvəlki zamanlarda (1988-ci ilədək) onların ifa etdikləri çox populyar rəqs olub. Türkiyədə də bu rəqs populyardır. Beləliklə, “Köçəri” rəqsinin ermənilərin milli rəqsi kimi qələmə verilməsinin elmi və tarixi əsasları yoxdur. Sadəcə olaraq ermənilər Azərbaycan musiqisindən həmişə bəhrələniblər və indi də belədir. Ermənilərin tanınmış nümayəndələrindən və rus müəlliflərindən çoxlu sayda bu cür etiraflar, sitatlar və erməni plagiatçılığına dair yüzlərcə belə fakt misal gətirmək olar. Bütün bunlar barədə Kamran İmanovun ingilis, fransız, rus və rumın dillərində çap edilmiş “Erməni yadelli nağılları” kitabında ətraflı yazılıb”.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər