“Sürix protokolları” və Ermənistanın şıltaqlığı: Rəsmi İrəvan Rusiyanın təzyiqlərindən qorunmağa cəhd edir – Bizim şərh

“Sürix protokolları” və Ermənistanın şıltaqlığı: Rəsmi İrəvan Rusiyanın təzyiqlərindən qorunmağa cəhd edir – Bizim şərh

Türkiyə Xarici işlər Nazirliyi Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyanın Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların təsdiqlənmə prosesindəki gecikmənin məsuliyyətinin Ankaraya aid olduğu istiqamətindəki iddialarının həqiqəti əks etdirmədiyini açıqlayıb.

Avropa.info xəbər verir ki, nazirlikdən edilən yazılı açıqlamada, Nalbadyanın Türkiyə ilə Ermənistan arasında 2009-cu ildə Sürixdə imzalanan protokolların təsdiqlənmə prosesindəki gecikmənin məsuliyyətinin Türkiyəyə aid olduğu istiqamətindəki iddialarının həqiqəti əks etdirmədiyi və beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəldiyi bildirilib.

Türkiyə XİN bildirir ki, həmin protokollar Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində idi. Lakin Ermənistan Konstitusiya Məhkəməsi 2010-cu ildə protokolların şərtlərinə uyğun olmayan bir sıra ön şərtlər və məhdudlaşdırıcı qərarlar çıxardı. Ardından Ermənistan prezidenti Serj Sarkisyan 22 aprel 2010-cu il tarixində protokolların təsdiqinin təxirə salındığını ictimaiyyətinə açıqlayıb. Erməni diasporunun protokollara qarşı çıxdığı və protokolları ratifikasiya etməməsi üçün Ermənistan hökumətinə təzyiq etdiyi də məlum olan bir həqiqətdir.

Türkiyə XİN-in verdiyi məlumata görə, protokollar hələ də Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər Komissiyasının gündəliyindir və bunun təsdiq edilməsi üçün Cənubi Qafqazda sülh atmosferi və sülh mühiti olmalıdır. Bu konteksdə BMT Təhlükəsizlik Şurasının qərarları həyata keçrilməli, Dağlıq Qarabağ problemi həll olunmalı və Azərbaycanın ərazi bütövlüyü təsdiqlənməlidir. Hər bir halda Ermənistan Azərbaycan torpaqlarının işğalına son verməlidir. Nalbandyanın sözügedən çıxışında dilə gətirdiyi “soyqırım” iddiaları da həqiqəti əks etdirmir.

Türkiyə XİN

Türkiyə XİN

Avropa İnsan Haqları Məhkəməsinin qərarlarında da təsbit edildiyi kimi, 1915-ci il hadisələri ifadə azadlığı kontekstində bir mübahisə mövzusudur. Pis niyyətli dairələrin sözügedən tarixi hadisələrə dair birtərəfli addımları bölgəmizdə sülh və sabitliyə xidmət etmir. Ermənistandan gözləntimiz, mübahisəli tarixi mövzuları bir kənara qoyub, yaxın tarixin ən mühüm insanlıq cinayətlərindən biri olan Xocalı Soyqırımının hesabını verməsidir” deyə bəyanatda bildirilir.

Bəlli olduğu kimi, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil. Ermənistan-Türkiyə sərhədi isə 1993-cü ildən, rəsmi Ankaranın öz təşəbbüsü ilə qapadılıb. Bu, bir neçə amillə – Ermənistanın Türkiyəyə qarşı israrla uydurma “soyqırım” mövzusunu qızışdırması, ona ərazi iddiası irəli sürməsi və bir də Azərbaycana qarşı təcavüzü, onun torpaqlarının işğalını davam etdirməsi ilə bağlı idi. İki ölkə münasibətlərində ilk fəallıq 2008-ci ilin 6 sentyabrından – Türkiyə prezidenti Abdulla Gülün Ermənistan prezidenti Serj Sərkisyanın dəvəti ilə ilk dəfə olaraq İrəvana gəlib futbol matçına birgə baxması ilə başladı. Bu səfər “futbol diplomatiyası” adlandırılan prosesə, yəni aktiv Türkiyə-Ermənistan dialoquna, o sırada İsveçrənin vasitəçiliyi ilə iki ölkə XİN-ləri arasında aradakı problemləri aradan qaldırmağa hesablanmış danışıqlara stimul verdi.

2008-də start götürən “futbol diplomatiyası” sanki Türkiyə və Qərbin həmin ilin avqustunda Rusiyanın Gürcüstanda tətbiq elədiyi arxaik “top-tüfəng diplomatiyası”na kontrast cavabı idi. Sözsüz ki, bu zaman yüksək səviyyədə dialoqun sürətləndirilməsi üçün təqvimi futbol görüşlərindən istifadə iki ölkə arasında çoxillik düşmənçilik, etimadsızlıq və əsəbi atmosferin götürülməsinə müəyyən dərəcədə yardım edirdi.

Bundan əlavə, öncədən futbol matçları arasında bir illik fasilə Türkiyə-Ermənistan dialoqlu prosesi üçün “futbol diplomatiyası”nın sonuna, yəni 2009-cu ilin oktyabrına bəzi siyasi nəticələr əldə eləmək üçün müvəqqəti çərçivə yaradırdı. Onu da vurğulayaq ki, Azərbaycan ərazilərini işğal edən bir ölkə ilə Türkiyənin sərhədlərini açması İrəvan üçün “xilas kəməri” kimi də dəyərləndirilə bilər. Lakin bu məsələ olduqca soyuqqanlı təhlil tələb edir. Məhz emosiyasız yanaşma sübut edir ki, “Sürix protokolları” Ermənistan və Türkiyə üçün olduğu kimi Azərbaycan üçün də mənfəətlidir. İlk növbədə Vaşinqtonun dəstəyi ilə sərhədlər açılarsa, Türkiyə Avropada ona qarşı irəli sürülən mənasız iddialardan birini aradan qaldırmış olacaq.

Digər tərəfdən, Ankara Avropa Birliyinə inteqrasiya yolunda əsas şərt kimi Ermənistanla diplomatik münasibətlərin qurulması, soyqırımı iddiası ilə bağlı birgə komissiya yaradılması, Cənubi Qafqazda güc balansını dəyişib Türkiyənin öz təsirini genişləndirməsinə nail ola bilər. Protokolların imzalanmasından sonra Ankaranın apardığı siyasət Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinin diqqət mərkəzinə çıxarılmasıdır. Rəsmi İrəvan Kremlə deyil, Ankaraya yönəlik siyasət yeridərsə, bu addım Qarabağ probleminə və Azərbaycanla münasibətlərə əhəmiyyətli təsir edə bilər.

Məsələyə soyuqqanlı yanaşma onu deməyə əsas verir ki, Ermənistan indiyə qədər Qarabağ danışıqlarında ona görə güzəştə getmirdi ki, bunun qarşısını Rusiya alırdı. Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması isə imkan yarada bilər ki, Türkiyə gələcəkdə Ermənistanda nüfuz dairəsi formalaşdırsın, növbəti dəfə Qarabağ danışıqlarında irəliləyiş fürsəti yarananda Ermənistan Rusiyanın diktəsilə deyil, daha sərbəst qərar verə bilsin. Adıçəkilən protokollar Ermənistanı təcriddən xilas edə bilər. Odur ki, İrəvanın şıltaqlığını Rusiyanın təzyiqlərindən qorunmaq üçün atılan addım hesab etmək olar…

Avropa.info-nun ekspert qrupu

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər