Bakıdan üzü şimala axın başladı… – Bahalaşmaya baxmayaraq

Bakıdan üzü şimala axın başladı… – Bahalaşmaya baxmayaraq

Artıq Azərbaycanda qış turizm mövsümü başlayıb. Turizm şirkətləri tərəfindən Quba, Qusar, Qəbələ, Şəki rayonları ilə yanaşı, Qax, İsmayıllı, Zaqatala rayonlarına da turlar təşkil olunur. Hər il olduğu kimi, bu il də turistlərə kanatla səyahət, aeroxizəkdə gəzinti, kvadrosikll turları, uşaqlar üçün xizəklər, qarda tubinq kimi əyləncə növləri təklif olunur.

Turizm şirkətləri bu il ötən illə müqayisədə qiymətlərin artdığını desələr də, bu otellərin müştəri sayına təsir etməyib. Ötən illərdən fərqli olaraq bu il rayonlara səyahət edənlər yerli turistlərdir. Üstəlik Bakıdan şimal bölgələrinə turist axınının artması müşahidə olunur. Bu da Azərbaycanda daxili turizmin ildən ilə canlandığını göstərir.

“Gilan” Turizm şirkətinin satış və marketinq müdiri Fərid Məcidovun virtualaz.org-a bildirdiyinə görə, Qəbələ otellərində indidən bütün yerlər tutulub.

“Bu gündən yanvar ayının 5-dək Qəbələdəki otellərdə bütün yerlər dolub. Çox nadir hallarda 1-2 yer tapmaq olar. Qiymətlərdə isə artım var, Qəbələdə otellər təxminən 15 faiz bahalaşıb. Amma bu turist sayına təsir etməyib. Onu da deyim ki, ötən illərdən fərqli olaraq sifarişçilərin əksəriyyəti ərəblər deyil, öz vətəndaşlarımızdır. Qəbələdə otel nömrələrini sifariş edənlərin 70 faizini demək olar ki, yerli turistlər təşkil edir”, – deyə F. Məcidov bildirir.

Satış müdirinin sözlərinə görə, azərbaycanlıların bu bayramı ölkə daxilində keçirmələrinə səbəb tətil günlərinin sayının az olmasıdır. Tətil cəmi 5 gün çəkdiyindən bu, ancaq Rusiya, Gürcüstan kimi qonşu ölkələrə getməyə imkan verir.

Qarşıdakı bayram günlərində xüsusi tur paketləri sifariş verənlərin əsasən Azərbaycan vətəndaşları olduğunu “Qlobus” turizm şirkətində də təsdiqləyirlər. Şirkətin əməkdaşı Aysel Səfərova deyir: “Çünki xarici turistlər bütün istirahət müddətini eyni yerdə qalmaq istəmirlər. Məsələn, iki gün Bakıda, iki-üç gün rayonda sonrakı, iki günü isə yenidən Bakıda qalmaq istəyirlər. Ona görə də bizim tur paketlərdən faydalananlar elə öz vətəndaşlarımızdır. Qiymətlərə gəlincə isə, Qubada 4 ulduzlu oteldə iki nəfər üçün 2 gecə qalmağın qiyməti 500 manatdan başlayır. Əgər oteli 5 ulduzlu istəyirlərsə, bu rəqəm xeyli baha, məsələn, 2000 manatdan yuxarıdır. Amma elə otellər var ki, orada qalmaq üçün qala gecəsinin qiymətini də ödəmək lazım gəlir. “Gala dinner”in qiyməti isə 170 manatdan başlayır”.

Bu il ənənəvi qış turizm xidmətlərinin qiymətlərində də bir qədər artım var. “Şahdağ” turizm kompleksindən verilən məlumata görə, bu oteldə kanatla səyahətin qiyməti böyüklər üçün 8, uşaqlar üçün 5 manatdır. Əvəllər 20 dəqiqəsi 31 manat olan kvadrosikl turu indi 41 manatdır. Qarda tubinqin qiyməti isə dəyişməyib, ötən ilki kimi – 3 dəfə 4, 5 dəfə isə 5 manatdır.

Şahdağda xizək avadanlıqlarından bir günlük istifadə qiymətləri də iki dəfəyə yaxın bahalaşıb. İndi böyüklər üçün bu qiymət 45-55 manat, uşaqlar üçünsə 38-43 manatdır. Bura əlavə gödəkçə, şalvar və dəbilqə də əlavə olunsa, ümumi paket üçün qiymət təxminən 30 manat artır…

Quba və Qusarda da əksər tanınmış otellərdə bayram günləri bütün yerlər doludur. Ən yüksək qiymətlər isə yenə də bir günlük villalardadır. Məsələn, dekabr ayının son günlərini Qubanın “Fətəli xan Villası”nda keçirmək istəyənlər 450 manat xərcləməlidirlər. “Quba Qəçrəş Villası”nda bir gün üçün qiymət 300, “Quba Family Villa”da isə 200 manatdır.

“Şahdağ” SPA otelində 1 nəfər üçün 1 günlük səhər yeməyi daxil qiymət 240 manatdır. Quba “Rixos” oteldə 2 günlük 2 nəfər üçün qiymət 200-220 manatdır. Oteldə bayram günləri üçün xüsusi olaraq təşkil edilən tur paketin qiyməti isə iki nəfər üçün 2100 manatdır. Bura 3 gün 4 gecə qalmaq, şou-proqramlar və sair daxildir.

Oteldə gecələməyə imkanı olmayanlar üçünsə şimal rayonlarına bir günlük turlar da təşkil olunur. Qiyməti bir nəfər üçün 15-30 manat arasında dəyişən turlara nəqliyyat xərci, yemək, foto çəkiliş və sair daxildir.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər