Çoxlarının təpəsindən tüstü çıxaran qadağalar: “Yox bir, hava udmağı da qadağan eləsinlər…”

Çoxlarının təpəsindən tüstü çıxaran qadağalar: “Yox bir, hava udmağı da qadağan eləsinlər…”

Artıq bir neçə gündür ki, Azərbaycanda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qüvvəyə minib. Qanunda tütündən istifadə (siqaret çəkmə) ilə bağlı çox ciddi məhdudiyyətlər yer alıb.

Belə ki, təhsil və tərbiyə müəssisələrində, səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində, restoran, kafe, barlar da daxil olmaqla, ictimai-iaşə obyektlərində, piyada keçidlərində, sərnişin avtobuslarında və taksilərdə, liftlərdə, avtovağzallarda, dayanacaqlarda, yanacaqdoldurma məntəqələrində və digər yerlərdə siqaret çəkmək qadağan olunur.

İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu ilə qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə 30 manat məbləğində cərimə nəzərdə tutulur.

Virtualaz.org saytının əməkdaşları siqaret qadağasının necə işlədiyini izləmək Bakının müxtəlif yerlərində, o cümlədən, restoran və kafelərdə, dayanacaqlarda, müxtəlif iaşə obyektlərinin qarşısında və Bakı Beynəlxalq Avtovağzalında müşahidə apardı. Məlum oldu ki, sakinlərin bir hissəsi qanundan xəbərdardır, amma çoxları, o cümlədən kafe və restoran sahiblərinin əksər qismi qadağalardan hələ bixəbərdir.

“Kim istəsə, siqaret çəkə bilər, cərimə-filan yoxdur…”

Qapısını döydüyümüz ilk obyekt Mirmahmud Kazımovski küçəsində yerləşən çay evi oldu. Hava soyuq olduğundan müştərilər həyətdə deyil, qapalı ərazidə əyləşmişdilər. Qapını açar-açmaz damağında siqaret olan müştəri ilə üz-üzə gəldik. Kafedə çalışan Elvin adlı işçi isə belə bir qadağadan xəbərsiz olduğunu dedi: “Belə qanundan xəbərimiz yoxdur. Bizim kafedə kim istəsə siqaret çəkə bilər, cərimə-filan yoxdur”.

6-cı mikrorayonda yerləşən Respublika Əlillərin Bərpa Mərkəzində isə mühafizəçi içəridə siqaret çəkilməsinə icazə verilmədiyini desə də, həyətdə hər kəsin rahat siqaret çəkə biləcəyini deyir.

“Binanın içərisində heç kim siqaret çəkmir. Qadağadır, hətta yazıb divarlara da vurublar. Amma həyətdə siqaret çəkməklə bağlı qadağadan xəbərimiz yoxdur. Əlil adamlardır, bəs harada siqaret çəksinlər?”, – deyə mühafizəçi bildirdi.

Bakı Beynəlxalq Avtovağzalında da heç nə dəyişməmişdi. Avtovağzal ərazisində heç yerdə siqaret çəkmənin qadağan olması ilə bağlı lövhəyə rast gəlmədik. Həm sürücülər, həm də marşrut gözləyən sərnişinlər siqareti siqaretə calayırdılar. Niyə avtovağzalda siqaret çəkdiyini soruşduğumuz avtobus sürücüsü isə təəccüblə qarşısındakı zibil qabını göstərdi: “Görmürsüz, burada zibil qabları da qoyublar? Biz içəridə, qapalı yerdə, avtobusun salonunda siqaret çəkmirik ki! Açıq havadır, bura elə siqaret çəkmək üçündür də…”

“Yox bir, hava udmağı da qadağan eləsinlər…”

Sərnişinlərdən də oxşar cavab aldıq. Qanundan xəbərsiz olduqlarını deməklə yanaşı narazılıq ednələrdə tapıldı: “Açıq havada siqaret çəkməyi necə qadağan eləmək olar? Yox bir hava almağı da qadağan eləsinlər. Əgər həqiqətən belə qanun qəbul ediblərsə, çox səhv ediblər”, -deyə Quba sakini Mahmudağa Əfəndiyev bildirir.

Mərkəzdən kənarda yerləşən kafe və çayxanaların demək olar ki, hamısında qadağadan xəbərsiz olsalar da, şəhərin mərkəzində yerləşən kafe və restoranların əksəriyyəti artıq yeni ildən siqaretə icazə vermədiklərini dedilər.

“Kim istəyir, çıxıb bayırda çəksin”

“Fisincan” restoranında isə qadağalardan xəbərdardırlar, “Tütün haqqında qanun”un qəbulundan sonra siqaret çəkməyə icazə vermədiklərini deyirlər. Restoran inzibatçısının sözlərinə görə, amma bununla bağlı onlara rəsmi göstəriş verilməyib: “Biz mətbuatdan restoran və kafelərdə siqaretə qadağa qoyulması ilə bağlı məlumat almışıq. Amma bizə hər hansı rəsmi göstəriş, təlimat verilməyib, heç kim deməyib ki, bunu tətbiq edin. Amma qanunu bilməmək insanı məsuliyyətdən azad etmir. Ona görə də, biz öz müştərilərimizə bildiririk ki, içəridə siqaret çəkmək olmaz. Əgər kimsə istəsə, çıxıb bayırda çəkir”, – deyə inzibatçı bildirir.

“Gallery art cafe”nin əməkdaşı isə qadağanın bütün kafe və restoranlara aid olmadığını dedi: “Həmin qadağa bütün kafe və restoranlara aid deyil. Bizdə siqaret çəkməyə icazə var. Amma kafenin hər yerində siqaret çəkmək olmaz,bunun üçün xüsusi otaq ayrılıb və orada xüsusi havalandırma sistemi quraşdırılıb”, – həmsöhbətimiz bizə həmin xüsusi otağı göstərir.

Əslində xüsusi otaq deyilən yer digər ərazilərdən kiçik arakəsmə ilə ayrılmışdı. Bundan başqa, kafedə demək olar ki, bütün stollara külqabı qoyulmuşdu.

Restoran və kafelərə siqaretlə bağlı xəbərdarlıq edilməyib

“Pizza İnn”restoranının Vasif adlı administratoru da yeni qanundan sonra restoranın girişində, hətta stolların üsrəindəki salfetlərdə belə siqaretin qadağan olması ilə bağlı məlumat qeyd olunduğunu deyir: “Yeni qərardan sonra biz restoranda siqaret çəkilməsini qadağan eləmişik. İçəridə əvvəl də siqaret çəkmək qadağan idi, amma əvvəl terrasda çəkmək mümkün idi. İndi terrasda icazə verilib-verilmədiyini dəqiq bilmədiyimizə görə, orada da siqareti qadağan eləmişik. İçəri girən hər kəs qapıda bu elanla qarşılaşır. Bundan başqa, bütün masaların üzərində siqaret çəkməyin qadağan olunduğunu bildirən xəbərdarlıq elanı vurulub”, deyə müsahibimiz bildirir.

Bəzi publarda isə qapıya siqaretin qadağan olduğunu bildirən elan vurulmuşdu. Məsələn, “Castle pub”da belə bir elana rast gəldik. Amma söhbət etdiyimiz pub sahibləri bu qadağanın onlara şamil edilməsindən narazılıq edirdilər. Onların sözlərinə görə, publara çoxu pivə ilə yanaşı siqaret çəkmək üçün gəlir. Əgər siqaret olmayacaqsa, bu pubların müştərilərinin yarıdan çoxunun itirilməsi deməkdir.

Qəlyanxanaların aqibəti necə olacaq?

Maraqlıdır ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması” qanunu ilk əvvəl qəlyanxanaların statusuna aydınlıq gətirməli idi. Lakin şəhərin mərkəzdən kənarda yerləşən əksər qəlyanxanalarını işlək gördük. “Əcəmi” metro stansiyasının yaxınlığında yerləşən “Qəlyan evi”ndən qanuna dəyişiklikdən xəbərsiz olduğunu dedilər. Meyvəli tütün qoxusu hər dəfə açılan qapıdan ətrafa yayılırdı.

Nəsimi rayonunda yerləşən “Star life” qəlyan evinin əməkdaşı da onlara hər hansı rəsmi xəbərdarlıq edilmədiyini dedi: “Hələ ki,bizə heç bir qadağa qoyulmayıb. Ona görə də, qəlyan hazırlayırıq. Əgər xəbərdarlıq olunsa, biz də yığışdırarıq”.

Xatırladaq ki, müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər