“Bu mənim Kəbəyə son baxışım oldu” – Avropa.info-nun əməkdaşı müqəddəs Məkkə şəhərindən yazır (Video/Fotolar)

“Bu mənim Kəbəyə son baxışım oldu” – Avropa.info-nun əməkdaşı müqəddəs Məkkə şəhərindən yazır (Video/Fotolar)

Bu ilin yanvar ayının 31-də Səudiyyə Ərəbistanının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfirliyinin təşəbbüsü ilə bir qrup elm, incəsənət xadimi və media təmsilçiləri ümrə (kiçik həcc) ziyarəti üçün Səudiyyə Ərəbistanına yola düşüb.

Avropa.info-nun əməkdaşının da iştirak etdiyi nümayəndə heyəti fevral ayının beşində səhər saat on bir radələrində Mədinə şəhəri ilə vidalaşıb ümrə ziyarətini yerinə yetirmək üçün Məkkə şəhərinə, Kəbəyə yola düşüb.

Bir neçə saatlıq yoldan sonra nəhayət ki, dağların arasından Məkkə şəhəri görünməyə başladı və biz Məkkənin ərazisinə daxil olduq. Bir az irəlilədikdən sonra Məkkənin simvolu halına gəlmiş Saat Qülləsi parlaq işıqları ilə gözümüzə görünməyə başladı. Ta uzaqlardan insanı salamlayan bu möhtəşəm tikili artıq neçə ildir ki, ziyarətçilərə yol göstərir, onların qəlbini sevinclə doldurur.

Mehmanxanaya yerləşdikdən və bir az dincəldikdən sonra ümrə ziyarəti üçün Allahın evi, Kəbəyə yollandıq. Ehramda olan zəvvarların girişi üçün nəzərdə tutulmuş 88-ci qapıdan məscidə daxil olduq. Gözlərimiz Kəbəni axtarır, onu görməyə can atırdı. Nəhayət bir neçə dəqiqəlik yoldan sonra Kəbəni görmək bizə nəsib oldu. İbrahim (ə.s) peyğəmbərin inşa etdiyi bu evə bütün dünyadan müsəlmanlar axın edir.

Kəbəni tavaf edərkən gözümün qarşısında canlanan bir digər mənzərə isə Peyğəmbər Kəbənin qarşısında namaz qılarkən Məkkə müşriklərinin onun belinə dəvə içalatını qoyması oldu. “Sən nə etmişdin ki, insanlar sənə qarşı bu qədər qəddar ola bildir Ey Allahın Rəsulu? Məgər sən onları zülmətlərdən nura çıxarmaq istəmirdinmi?”

Kəbəni yeddi dəfə tavaf etdikdən sonra Safə və Mərvə təpələri arasında yeddi dəfə gedib gəlmək üçün oraya üz tutduq. Bu iki təpə arasında bir iki dəfə gedib gəldikdən sonra susayaraq yaxınlıqda qoyulmuş Zəmzəm suyundan içdik. İbrahim (ə.s.) peyğəmbərin həyat yoldaşı, Həcər anamız da məhz su tapmaq üçün bu iki təpə arasında gedib gəlmişdi. Beləcə həmin gün Ümrə ibadətimizi başa vurub otelə döndük. Onu da deyim ki, insan Kəbəyə baxdıqca gözünü ondan çəkmək istəmir və elə hey ona baxmaq istəyir.

Məkkədə olarkən də proqramın tşkilatçıları qonaqlar üçün bir neçə ekskursiya təşkil etdi. Ekskursiyalardan birincisi Kəbənin arxitektura muzeyi idi. Burada Kəbəyə və ətrafındakı məscid kompleksinə aid qədim əşyalar qorunub saxlanılır. Muzeydə Kəbənin qədim pilləkəni, mehrabın naxışları, Kəbənin qədim taxta qapıları, Zəmzəm quyusunun kənarındakı çərçivə və sair kimi qədimi sənət nümunələri qorunub saxlanılır.

Proqram çərçivəsində zəvvarlar üçün təşkil olunan bir digər ekskursiya da Kəbə örtüyünün hazırlandığı fabrikə idi. Burada əvvəlcə xaricdən gətirilən və xüsusi olaraq hazırlanmış ipək saplar rənglənir. Daha sonra bu saplardan xüsusi ölçüdə və qalınlıqda parça toxunur. Bundan sonra isə həmin parçanın üzərinə əllə Qurandan müəyyən ayələr yazılır. Qeyd edim ki, Kəbənin üzərini örtən bu örtük hər il həcc mövsümündə yenisi ilə əvəz olunur.

Ertəsi gün isə Məkkədən kənarda, Taif şəhəri yaxınlığında yeləşən bir istirahət kompleksində qonaqlara ziyfət verildi. Oraya gedərkən biz Həcc zamanı zəvvarların gecələdiyi Müzdəlifə, şeytanın daşlandığı yer və Arafat dağı ilə tanış olduq. Bundan sonra yolumuzun üzərində olan bir digər yer isə Rəhmət dağı idi. Rəvayətə görə Adəm atamızla Həvva anamız yerə göndərildikdən uzun bir zaman sonra məhz burada, bu dağın üzərində görüşmüşlər. İstirahət kompleksində isə qonaqlar üçün yarışlar, rəngarəng proqramlar təşkil olunmuşdu.

Amma yenə də bizi narahat edən bir məsələ var idi. Hər kəs burada bir neçə gününün qaldığından, bu müqəddəs şəhərlə ayrılmalı olduğundan gileylənirdi. Hamının üzündə, baxışlarında bir kədər hiss olunurdu.

Nəhayət fevral ayının 9-da hazırlıqlarımızı gördük. Səhər tezdən yola düşəcəkdik. Kəbəy son dəfə baxmaq üçün Məscidu`l-Harama yola düşdük. Məscidin dördüncü mərtəbəsindən bir müddət Kəbəyə baxdıqdan sonra onun fotoşəklini də çəkdim. Bu mənim Kəbəyə son baxışım oldu.

Vüsal ƏLİYEV

Bakı-Məkkə-Bakı

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər