Vaşinqtonda Saakyan şousu: ABŞ işğalçı rejimin rəhbərinə nədən qucaq açır? – Bizim şərh

Vaşinqtonda Saakyan şousu: ABŞ işğalçı rejimin rəhbərinə nədən qucaq açır? – Bizim şərh

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri” Bako Saakyan ABŞ-a səfəri və Konqresdə qondarma rejimi təbliğ edən tədbir keçirməsi ciddi etiraza səbəb oldu. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xarici İşlər Nazirliyinə çağırılıb, ona etiraz notası təqdim edilib.

Həmçinin Azərbaycanın ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını çatdırıb. Xarici İşlər Nazirliyinin 12 mart açıqlamasında bildirilir ki, notada Bako Saakyanın Ermənistan pasportu ilə viza alıb ABŞ ərazisinə daxil olmasının, Birləşmiş Ştatların müvafiq təsisatlarında qondarma separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalını dəstəkləmək üçün ABŞ ərazisində maliyyə toplamaq məqsədi daşıyan tədbirlər keçirməsinə icazə verilməsinin beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə, ABŞ-ın rəsmi mövqeyinə zidd olduğu qeyd edilib, bu addım Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyət kimi qiymətləndirilib:

“Bu təəccüblü addımı ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyinin dəyişməsi kimi qiymətləndirir və qərəzli hesab edirik. Postsovet məkanında olan digər separatçı rejimlərə münasibətdə xüsusi sanksiyalar tətbiq olunduğu halda Azərbaycana qarşı hərbi təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin nümayəndələrinin ABŞ ərazisinə daxil olmasına imkan yaradılması ikili standartların təzahürüdür. BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi ABŞ Təhlükəsizlik Şurasının konsensusla qəbul edilmiş müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsinə və bu xüsusda Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına çalışmalıdır. ABŞ-ın bir tərəfdən münaqişənin danışıqlar yolu ilə həllinə çağırış etməsi, digər tərəfdən qondarma rejimin təbliğinə imkan yaratması və Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərə göz yumması ABŞ-ın qərəzsizliyi və obyektivliyi barədə ciddi suallar yaradır. ABŞ-ın bu addımı danışıqlar prosesinə ciddi şəkildə xələl gətirir, regionda gərginliyin artmasına xidmət edir və davamlı sülh və təhlükəsizliyin təmin olunması istiqamətində olan səylərə ciddi zərər vurur. Bu kimi addımı ilə ABŞ Azərbaycan xalqının gözündə və ictimai rəydə ona olan münasibətə əsaslı dərəcədə zərbə vurub. ABŞ-ın bu kimi davranışına cavab olaraq Azərbaycan Respublikası ABŞ-la münasibətlərində qarşılıqlılıq prinsipindən çıxış edəcək”.

Beləliklə, işğalçı rejimin liderinin Vaşinqtonta qəbulu Azərbaycan -Amerika münasibətlərinə mənfi təsir edən hadisədir. İrəvanın yaxın dostu olan Rusiya bunu etmir. ABŞ-ın bu addımında xristian təəssübkeşliyi az rol oynamır. Yəqin bunun nəticəsidir ki, Abxaziya, Cənubi Osetiya, Krım separatçılarının Amerikaya, Qərbə yolu çoxdan bağlı olduğu halda, ABŞ-da sərbəst şəkildə Dağlıq Qarabağdakı qondarma rejimin “lideri” Bako Saakyan Vaşinqtonda görüşlər keçirir. Bu, Azərbaycanın ABŞ-a olan etimadını sarsıdır.

Azərbaycan Qərbin bir sıra enerjidaşıyıcıları layihələrində fəal iştirakçıdır. Bu, Bakının siyasi çəkisini artırır. Lakin artıq Qərbə “xilaskar Sem dayı” kimi baxanların sayı kəskin şəkildə azalıb. Daha çox müxalifət partiyaları Qərbə inteqrasiya kursunu müdafiə edir, ABŞ və Avropa ölkələri ilə müttəfiq münasibətləri qurmağa çalışır. Azərbaycan regiondakı geostrateji mövqeyinə baxmayaraq, hələ də ABŞ-ın xarici siyasətində prioritet deyil.

Doğrudur, ABŞ-ın burada maraqları var və bunları mövcud hakimiyyətin vasitəsilə də təmin edirlər. Bu baxımdan, işğalçı rejimin rəhbərinin Vaşqintona səfəri elə Birləşmiş Ştatların maraqlarına vurulan zərbə kimi dəyərləndirilə bilər…

Avropa.info-nun ekspert qrupu

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər