MKİ-nin yeni başçısı ABŞ kəşfiyyatının Bakıda rezidenti olub – Foto

MKİ-nin yeni başçısı ABŞ kəşfiyyatının Bakıda rezidenti olub – Foto

Prezident Donald Trampın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) yeni direktor təyin etdiyi Cına Haspel, MKİ-nin keçmiş məxfi agenti Edvard Snoudenin dediyi kimi, yalnız terrorizmdə şübhəli bilinənlər üstündə işgəncələrdə iştirak etməyib, həm də Azərbaycanda və başqa ölkələrdə qurumun rezidenti olub.

Virtualaz.org bildirir ki, bunu məşhur bloqer, Hərbi-Siyasi Jurnalistika Mərkəzinin hərbi analitiki Boris Rojin Livejournal resursunda dərc edilmiş araşdırmasında təsdiq edir.

Beləliklə, prezident Trampın MKİ-yə rəhbər gətirdiyi bu qadın kimdir?-deyə bloqer soruşur.

Cına Haspel 1 oktyabr 1956-cı ildə doğulub. Kəşfiyyata işə 29 yaşında düzəlib.

Bloqer ingilisdilli Colonelcassad resurslarından istifadə edərək aydınlaşdırıb ki, Haspel xidmətinin ilk illəri ərzində dünyanın bir çox görməli guşələrini görüb, necə deyərlər, “operativ turizmlə” məşğul olub.

Onun xidmət dəftərçəsində çoxsaylı qısamüddətli ezamiyyətlərdən başqa MKİ-nin Efiopiyada (1987-1989), Türkiyədə (1990-1992, 2000 – 2002) və Azərbaycandakı (1996-1998) rezidentliyində 8 il işlədiyi barədə qeydlər də var.

Yeni direktorun adı MKİ-nin Tailandda qurulan və ABŞ-ın xaricdə ilk həbsxanası hesab olunan məhbəsə rəhbərlik etməkdə, Əl-Qaidə təşkilatına üzvlükdə şübhəli bilinən iki Səudiyyə Ərəbistanı vətəndaşına işgəncə verməkdə hallanır.

Yeri gəlmişkən, sabiq ABŞ prezidenti Barak Obama MKİ-nin məxfi həbsxanalarını məhz bu səbəblərdən qapatmışdı.

61 yaşlı Hapsellə bağlı daha bir neçə maraqlı məqam. O, MKİ-nin Vaşinqtondakı məxfi əməliyyatlarına dəstək verən Milli Klandest Xidmətində də direktor müavini işləyib.

Ötən il o, “qara məkan” kimi tanınan məxfi həbsxanada işgəncə iddialarına rəğmən, MKİ direktoru Pompeonın müavini postuna gətirilib. Həmin vaxt Pompoe Cina Haspeli “nümunəvi kəşfiyyat əməkdaşı” olaraq təqdim edib.

Donald Tramp Cina Haspelə MKİ direktoru vəzifəsini təklif etməsindən qürur duyduğunu deyib. Amma onun bu vəzifəyə gəlməsi üçün ABŞ Senatının razılığı lazımdır. Senatın Kəşfiyyat Komitəsinin respublikaçı rəhbəri Riçard Burr Haspelin namizədliyini dəstəkləməyə hazır olduqlarını bildirib. Demokrat senator Ron Viden isə deyib ki, Haspel ABŞ kəşfiyyat qurumunun rəhbərliyinə gətirilsə, hökumət onun keçmişdəki narahatlıq doğuran fəaliyyətinin üstünü örtə bilməyəcək.

2002-ci ildə Əl-Qaidə şübhəlisi olan Əbu Zübeyd və Əbdürrəhman Əl Naşri MKİ-nin Tailandda olan məxfi həbsxanasında dindirilmə zamanı ciddi işgəncələrə məruz qalıb. İnsan haqları təşkilatları bu işgəncələrin xanım Cina Haspelin rəhbərlik altında icra olunduğunu bəyan edir.

Məxfiliyi qaldırılan MKİ sənədlərində təkcə Əbu Zübeydin bir ayda 83 dəfə “vaterboardinq” işgəncəsinə məruz qaldığı ortaya çıxıb. Bu işgəncə metoduna görə dindirilən şəxsdə suda boğulma hissi yaradılıb.

Bundan başqa, Əbu Zübeydin yatmasına imkan verilməyib və o, digər sərt işgəncələrə məruz qoyulub.

Uzun işgəncələrdən sonra MKİ əməkdaşları Zübeydin işə yaramayacağı qənaətinə gəliblər. Sonradan MKİ-nin bu dosyeləri yoxa çıxıb. Ancaq ABŞ mediası iddia edir ki, sənədlərdə işgəncə əmrlərini Cina Haspelin verdiyi təsdiqlənir.

Haspel özü isə iddiaları rədd edir, sənədlərin müvafiq əmrlər əsasında yox edildiyini bildirir.

ABŞ-ın insan haqları təşkilatı “Reprieve”nin rəhbəri Maya Foa Hapselin MKİ rəhbərliyinə uyğun namizəd olmadığını deyib və Trampı həyatda uğursuz olan şəxslərə etimad göstərdiyinə görə tənqid edib.

Yeni MKİ direktoru haqqında daha bir maraqlı fakt odur ki, Cina Haspelin Avropa Birliyi ölkələrinə girişi şübhə altındadır. Burada onun həbs olunması ehtimalı var.

Bu iddia ilə MKİ və NASA-nın sabiq əməkdaşı Edvard Snouden çıxış edib: “İnsanlara işgəncə verən yeni MKİ direktoru Cina Haspel barəsində Avropa Konstitusiya və İnsan Haqları Mərkəzi Almaniya prokurorluğuna müraciət edib. Həbs riski olduğu üçün Cina Haspel məxfi xidmətlərin rəhbərləri ilə görüşmək üçün Avropa Birliyinə səfər edə bilməyəcək”.

Beləliklə, Avropa Konstitusiya və İnsan Haqları Mərkəzi alman hakimlərdən Haspel haqqında həbs qərarı çıxarmağı tələb edib.

Mərkəz eyni zamanda Haspel haqqında Almaniya və Avropa Birliyi ölkələrinin həbs qərarı çıxarmasını tələb edir.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər