Prezidentdən fərman – Bu ailələrə 11 min manat ödəniləcək

Prezidentdən fərman – Bu ailələrə 11 min manat ödəniləcək
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. 
Avropa.info xəbər verir ki, fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə veriləcək.
Birdəfəlik ödəmə bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıdakı hərbi qulluqçuların Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.
Birdəfəlik ödəmə bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsin müraciəti və notariat qaydasında təsdiq olunmuş sənədlər əsasında verilir.
Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə verilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödəmənin verilməsinə dair müraciəti bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş sənədlərlə birlikdə qəbul edib, onu müraciətlərin vahid elektron reyestrinə daxil etsin və müraciətin daxilolma tarixini və reyestr nömrəsini əks etdirən qəbzi müraciət etmiş şəxsə təqdim etməli, hərbi qulluqçunun adının bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıda olub-olmamasını müəyyən edib, bu Fərmanın digər tələbləri nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsinə və ya bundan imtina edilməsinə dair qərar verməli, birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilmiş şəxslər barədə məlumatları vəsaitin ayrılması məsələsinin həll edilməsi üçün, mütəmadi olaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi formaya əsasən həmin Nazirliyə təqdim etməli, müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, birdəfəlik ödəmələrin nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürülməsini təmin etsin və bu barədə həmin şəxslərə məlumat verməlidir.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər