BANM Poltava Milli Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir

BANM Poltava Milli Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov iki ali təhsil müəssisəsi arasında əməkdaşlığı genişləndirmək məqsədilə Ukraynanın Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin (PMTU) rektoru, iqtisad elmləri namizədi, professor Vladimir Onişenko və universitetin Elmi-pedaqoji, sosial işlər və beynəlxalq əməkdaşlıq üzrə prorektoru Svetlana Sivitskaya ilə görüşüb.

BANM-dan Trend-ə verilən məlumata görə, görüş zamanı rektor Elmar Qasımov Ali Məktəbin fəaliyyəti, inkişafı və ən son uğurları haqqında məlumat verərək, BANM-ın Ukraynanın ən aparıcı universitetlərindən biri ilə əməkdaşlığından məmnun olduğunu bildirib. Görüşdə keçən il BANM və PMTU arasında imzalanmış əməkdaşlıq haqqında ikitərəfli Anlaşma Memorandomunun reallaşdırılması ilə bağlı görülən işlər və müxtəlif sahələr üzrə yüksək ixtisaslı mühəndis mütəxəssislərin hazırlanması ilə bağlı məsələlər müzakirə edilib.

Qeyd edək ki, tərəflər arasında Anlaşma Memorandumu magistratura və bakalavr proqramları üzrə təhsil və metodik materialların mübadiləsi, hər iki universitetin müəllim və tələbələrinin iştirakı ilə konfranslar və seminarların təşkil edilməsi, birgə tədqiqatlar, tələbə və müəllimlərin mübadiləsi və digər layihələri özündə birləşdirir.

Müzakirələr zamanı həmçinin, gələcək mühəndislər üçün təlim proqramlarının keyfiyyətinin yaxşılaşdırılması və ən müasir mühəndislik problemlərini həll edəcək yeni nəsil texniki mütəxəssislərin hazırlanması, habelə Azərbaycan və Ukrayna universitetlərinin müəllimlərinin peşəkar səviyyəsinin artırılması və elmi potensialının gücləndirilməsi üçün bu və digər addımların həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Görüşün sonunda tərəflər arasında müzakirə olunan məsələlər üzrə fəaliyyət planı və atılacaq addımlar barədə razılıq əldə edilib. Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin rektoru Vladimir Onişenko BANM-ın rəhbərliyinə göstərilən diqqət və qonaqpərvərliyə görə təşəkkür edib.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər