İqtisadi killer Perkins, Vaşinqtona meydan oxuyan Ərdoğan və üçüncü dünya savaşının küləkləri – Azər Rəşidoğlu yazır

İqtisadi killer Perkins, Vaşinqtona meydan oxuyan Ərdoğan və üçüncü dünya savaşının küləkləri – Azər Rəşidoğlu yazır

Azərbaycanın ardınca Türkiyə də erkən prezident seçkiləri ilə bağlı qərar verdi. Yerli və xarici siyasi müşühidəçiləri bunun səbəbləri maraqlandırır. Hazırda hər iki ölkədə dövlət başçılarının reytinqi yüksəkdir, deməli, erkən seçkinin keçirilməsində xarici amillər də mövcuddur.

ABŞ – Rusiya qarşıdurması fonunda yaxın vaxtlarda dünyanın siyasi münasibətlər sistemində heç də sadə olmayan dövrün başlaya biləcəyini ehtimal edə bilərik.

Suriyada “burnu əzilən ruslar” onları gözləyən iqtisadi problemləri proqnozlaşdıra bilirlər. Lakin Moskvanın hədəfində daha çox yayda keçiriləcək futbol üzrə Dünya Çempionatını sakit yola verməkdir. Siyasi təhlilçilərin təxminlərinə görə, payıza doğru Rusiya Suriyadakı məğlubiyyətinin əvəzini çıxmaq üçün yaxın qonşularına təzyiqlərini artıra bilər. Kreml ideoloqları anlayırlar ki, ilk xarici məğlubiyyət prezident Putin əleyhinə ciddi narazılıq dalğasına səbəb ola bilər.

Moskva hansı ölkələri təhdid edə bilər? İlk ağla gələn üç ölkə var – Türkiyə, Gürcüstan və Azərbaycan. Bu baxımdan, hər üç ölkədə sabitliyin pozulması və xaosun yaradılması ssenarisi də nəzərdə tutula bilər.

Burada bir nüansı xatırlatmaq yerinə düşür. Azərbaycanda keçiriləcək prezident seçkilərindən öncə, Prezidentin köməkçisi Əli Həsənovun da iştirak etdiyi, Mətbuat Şurasının  media kapitanları ilə keçrilən tədbirlərinin birində jurnalistlər tərəfindən belə bir tezis səsləndirildi ki, “Azərbaycana qarşı xarici dairələrdə planlaşdırılmış bir plan mövcud imiş. Görünən budur ki, xaricdən gələn bu təzyiq kampaniyasını öncələmək üçün hökumət erkən seçki qərarı verib”.

Bəzi araşdırmaçılar isə hesab edirlər ki, ilk baxışdan Avropadan gələn təzyiqləri, əslində, elə Kreml idarə edirmiş və bu planlar barədə məlumatı olan rəsmi Bakı vaxtında adekvat addımlar atıb.

Maraqlıdır ki, Azərbaycanın ardınca Türkiyə də eyni qərarı verdi. Bəs Ankaranı təhdid edən plan nədir? Türkiyə mətbuatının yazdığına görə, ABŞ bu ölkəyə qarşı xaos planı hazırlayır və Suriyada hazırlanan 65 minlik PKK-PYD terrorçu ordusu bu amil üçün istifadə edilə bilər. Pentaqon 2019-cu il üçün Konqresdən bu terrorçu birləşmənin maliyyələşdirməsini istəyib.

Burada daha bir maraqlı məqam diqqəti çəkir. Rusiyadan Türkiyəyə ildə 15,75 mlrd. kubmetr qaz nəql edəcək “Türk axını” boru kəməri ilə ilk qaz 2019-cu ildə veriləcək. Layihənin dəniz hissəsi “Qazprom” şirkətinin törəməsi – “South Stream” şirkəti tərəfindən inşa olunur. Hər biri 940 km uzunluğundakı dənizaltı iki boru xətti Rusiyanın Anapa sahilindən başlayaraq Türkiyədə Kıyıköyə (Qara dəniz) qədər uzanacaq. Kəmərin Türkiyədə quru hissəsi isə “BOTAŞ” tərəfindən həyata keçiriləcək. Bu layihə reallaşarsa, Ankaranın Qərbdən asılığını azalda bilər.

Burada bir məqama da nəzər salmaq lazım gəlir. Türkiyə kimi ölkələr zaman-zaman Qərbin kreditlərindən asılı olub. SSRİ dağılandan sonra müstəqillik əldə edən ölkələrə qarşı da eyni siyasət yürüdülüb. Məşhur tədqiqatçı Con Perkins öz kitabında dünyanın bir neçə iri şirkət tərəfindən idarə edildiyini yazır. Ölkələrə Dünya Bankı tərəfindən verilən kreditlər məhz həmin şirkətlər tərəfindən yönəldilir. Nəticədə, kredit alan ölkələr borc içində boğulur və yeni kredit dilənməyə vadar olur. C. Perkinsin fikrincə, kredit içində çabalayan hakimiyyətlər elə vəziyyətə gətirilir ki, sözügedən şirkətlərin razılığı olmadan heç kəs prezident seçilə bilmir. Bu, dünyanın bir çox siyasi dairələrində yüksək dəyərləndirilən Perkinsin qənaətidir. İstisna deyil ki, Perkinsin iddialarında konspiologiya elementləri mövcuddur. Lakin bir çox hallarda sözügedən şirkətlərə bağlı olan nüfuzlu qurumlar tərəfindən kredit və qrantların kimlərə ayrıldığına nəzər yetirsək məsələ aydınlaşar.

Əslində, Türkiyə prezidenti Ərdoğan Perkinsin söz açdığı xətti baltalayır və əvəzində xaos və vətəndaş savaşı ilə təhdid edilir. Türkiyə”pul dilənən ölkə” imicini dağıtmaq istəyir və bu, Vaşinqtonda narazılıqla qarşılanır. Bu baxımdan, belə bir sual meydana çıxır – hazırda Ərdoğana hansı təzyiq formaları həyata keçirilə bilər? İlk növbədə iqtisadi zərbələrin endiriləcəyi ehtimal edilə bilər. Bu, yalnız Türkiyəyə qarşı deyil, qonşu ölkələrə də aiddir. C. Perkins iddia edir ki, 2019-cu ilə qədər bölgədə yalnız Amerikapərəst hakimiyyətlər mövcud olacaq və buna nail olmaq üçün “bank və kredit zərbələri”ndən istifadə ediləcək.

Onu da nəzərə alsaq ki, sosial şəbəkələrin əksəriyyəti ABŞ kəşfiyyatı ilə sıx bağlıdır, xaosa hesablanan kompromat savaşının da meydana çıxa biləcəyini ehtimal edə bilərik.Əslində, Vaşinqotun təzyiq metodlarından biri də sistem xaosuna nail olmaqdır. Bu baxımdan, istər Türkiyədə, istərsə Azərbaycanda müxalifət və vətəndaş cəmiyyətinin dirçəldilməsi son dərəcə vacibdir. Lakin burada bir məsələyə diqqət yetirək. Dünya Bankından tutmuş, irili-xırdalı bir çox bankları idarə edən transmilli korparasiyalar tərəfindən maliyyələşən vətəndaş cəmiyyəti institutlarının istifadə edilməsinin qarşısının alınması yenə də cəmiyyətlə birbaşa danışıqlardan keçir. Tənqid və hətta ən sərt formada tənqid demokratik inkişafın təməlidir. Lakin söhbət başqalarının sifarişinin aləti olmaqdan gedirsə, məsələ fərqli çalar alır.

Əslində, Türkiyə və yaxud Rusiyada baş verən proseslər Azərbaycana da təsir edir və bu baxımdan hər iki ölkədəki siyasi proseslər Bakıda maraqla izlənilir.

Beləliklə, Türkiyədə proseslər ən ağır dönəmə qədəm basır. ABŞ 2019-cu ilə yalnız öz pərəstişkarları ilə getmək istəyir. Ərdoğan bu oyuna qarşı çıxır və ssneari pozulur. Digər tərəfdən, Rusiya da ətrafına “diş qıcayır”. Deməli, söhbət Türkiyə və yaxud Azərbaycanda fəallaşanlan yeni təbəqədən getmir, oyuna daha böyük oyunçular qoşulur. İstənilən halda, 2018-ci ilin sonuna qədər dünyada ciddi proseslər cərəyan edəcək. Azərbaycanın yeganə strateji müttəfiqi olan Türkiyə vo-bank gedir. Bütün bunların fonunda Azərbaycanın da önəmi artır. Qarşıdan gələn mərhələdə siyasi beyin fırtlnasına ehtiyac yaranacaq. Romantik çağırışlar zamanı arxada qalıb. Dünyada üçüncü cahan savaşının küləkləri əsir. Romantik siyasətçilər dövrü bitmək üzrədir…

Azər Rəşidoğlu

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər