Vüqar Bayramov: “Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolu artacaq”

Vüqar Bayramov: “Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolu artacaq”

“Avropa enerji mənbələrinin dversifikasiyasına nail olmağa çalışır və Azərbaycan Avropa üçün yeni alternativ enerji mənbəyidir”.

 

Bunu APA-ya açıqlamasında prezident İlham Əliyevin andiçmə mərasimində çıxışında Azərbaycanın Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirməsi və Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilməsi ilə bağlı fikirlərinə münasibət bildirən iqtisadçı ekspert Vüqar Bayramov deyib.

 

Cənub Qaz Dəhlizinin Avropa, xüsusən Mərkəzi və Cənubi Avropa ölkələri üçün əhəmiyyətindən bəhs edən V. Bayramov deyib ki, ilk mərhələdə 18 milyard kubmetrə qədər qaz nəql edilməsi nəzərdə tutulan bu kəməri genişləndirməklə gələcəkdə 30 milyard kubmetr qaz nəql etmək mümkündür. “Cənub Qaz Dəhlizi” layihələrindən “Şahdəniz-2”, “Cənubi Qafqaz Kəməri” və TANAP-ın bu ilin ikinci yarısında istifadəyə veriləcəyini  və TANAP-la Türkiyəyə Azərbaycan qazının nəql ediləcəyini nəzərə çatdıran ekspert TAP-ın tikintisinin başa çatmasından sonra Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunun daha da artacağını diqqətə çatdırıb.

 

V. Bayramov Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizlərində də Azərbaycanın aparıcı mövqedə olduğunu vurğulayıb. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Şərq-Qərb Nəqliyyat Dəhlizinin formalaşdırılması istiqamətində mühüm addım atıldığını bildirən ekspert İranda dəmir yolunun tikintisi ilə Şimal-Cənub Nəqliyyat Dəhlizinin formalaşdırılması istiqamətində də addımlar atıldığını qeyd edib.

 

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi və Ələtdə azad iqtisadi zonanın yaradılması istiqamətində aparılan işlərin əhəmiyyətindən bəhs edən V. Bayramovun sözlərinə görə, ötən il Azərbaycan vasitəsilə daşınan qeyri-neft məhsulların həcmi 65% artıb: “Ələtdə limanın infrastrukturunun genişləndirilməsi yaxın illərdə Azərbaycan vasitəsilə yükdaşımanın həcmini 2 dəfəyə yaxın artıra bilər. Onu da qeyd edim ki, Azərbaycan Gürcüstan və Qazaxıstan yükdaşıma ilə bağlı vahid tarifin tətbiqi ilə bağlı razılıq əldə edib. Bu ilin yanvar ayında Ro-Ro terminalı da istifadəyə verildi. Bu, artıq Ro-Ro gəmilərinin yalnız Azərbaycan və Türkmənistan arasında deyil, Azərbaycan və Qazaxıstan arasında da istifadə edilməsinə şərait yaradacaq. Bu da Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən daşınan yüklərin daşınma vaxtının azalmasına imkan verəcək. Bütün bunlar göstərir ki, Azərbaycan beynəlxalq yükdaşımalar sahəsində HUB-a çevrilmək potensialına malikdir”.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər