Avropa Şurası Azərbaycanı niyə hədəf seçib? – Rəsmi Bakının müstəqil siyasi kursuna görə üzləşdiyi təzyiqlər (Bizim şərh)

Avropa Şurası Azərbaycanı niyə hədəf seçib? – Rəsmi Bakının müstəqil siyasi kursuna görə üzləşdiyi təzyiqlər (Bizim şərh)

Avropa Şurası və bəzi Qərb qurumları yenidən Azərbaycanı hədəf seçib. Təzyiqlərin əsas səbəbi kimi demokratik dəyərlərlə bağlı problemlər göstərilsə də, bütün bunların baş vermə səbəbinin bir Şərq ölkəsində insan haqlarının vəziyyətinin acınacaqlı durumda olması ilə heç bir əlaqəsi olmadığını siyasətlə az çox təması olanlar gözəl dərk edirlər.

Belə olan təqdirdə, yenə eyni sual yaranır – Bakıya hansı təkliflər edilib ki, ondan imtina bu dərəcədə aqressiya yaradıb?! Yəqin ki, bu suala cavab verə bilməkdən ötrü Azərbaycan ətrafında yaranan geosiyasi durumu təhlil etmək gərəkdir. Yəqin ki, söhbət ABŞ üçün Azərbaycan cəmiyyətinin demokratikləşməsindən daha vacib məsələdən gedir.

Xəzər dənizinin ABŞ geosiyasətində olduqca mühüm rol oynadığını əlavə şərh etməyə ehtiyac yoxdur. Son zamanlar Vaşinqton bu bölgədə daha da möhkəmlənmək üçün konkret addımlar atmaq niyyətindədir. Enerji layihələri ilə zəngin olan Xəzər hövzəsi amerikalı ideoloqların qənaətinə görə, Rusiya və İran üçün bağlı olmalıdır. Amerikanın Xəzər hövzəsində NATO bazasını yerləşdirmək cəhdləri Vaşinqtonu daha fəal gedişlər etməyə sövq edir. Bu baxımdan, ABŞ hərbi bazalarının Xəzərə qısa bir zamanda buraxılması tələb olunan məsələlərdən ola bilər. Bu məsələdə Bakının tutacağı mövqe Vaşinqton-Moskva savaşının qalibini müəyyən edə bilər. Rəsmi Bakı supergüclərin qarşıdurmasından faydalanmaq niyyətindədir və istəmir ki, gələcəyi ayrı bir ölkədən asılı olsun.

Demokratiya ilə bağlı təzyiqlər də Azərbaycanı Rusiya və İranla əməkdaşlığa sövq edir. Bu təzyiqlərdən yayınmaq üçün Bakı İran və Rusiya ilə əməkdaşlığa gedə bilər. Tehran və Moskva demokratiyanın yayılmasını Amerika təsirinin artması kimi qəbul edir. İrəvandakı etirazlar anti-Rusiya hakimiyyəti ilə sonuclandı. Bu hadisənin fonunda da Bakının önəmi artır.

Son günlər Avropa Şurasının bəzi strukturlarının Azərbaycanla bağlı tənqidlərini Bakıya təzyiq kimi dəyərləndirilə bilərik. Qərb Bakıya həm İran məsələsində NATO ilə əməkdaşlıq, həm də Rusiya məsələsində birmənalı qərbpərəst mövqe tələb edir və nümunə kimi Yaxın Şərqdəki proseslər göstərilir. Lakin indi belə bir sual meydana çıxır. “Ərəb inqilabları” həmin ölkələrdə demokratik dəyişikliklərə gətirib çıxartdımı və yaxud silah yolu ilə gələn hakimiyyətlər nə dərəcədə demokratik ola bilər? Əlbəttə ki, Yaxın Şərq diktatorlarının yıxılması təqdir olunan haldır. Lakin bunun demokratiyanın təntənəsi kimi qələmə verilməsi də anlaşılan deyil. Tarix boyunca, silahlı yolla hakimiyyətə gələn heç bir siyasi qüvvə demokratik ənənələrə sahib çıxmayıb. İnqilab isə daima yeni diktatorlara yol açıb. Bu gün devrilən ərəb diktatorları da bir zamanlar xalqlarının müəyyən hissəsinin müdafiəçisi kimi silaha əl ataraq hakimiyyətə gəlmiş, darmadağın olunan demokratik təsisatları isə bərpa etmək barədə fikirləşməyiblər. Onlar, sadəcə olaraq, supergüclərə istədiklərini vermiş, saxlanma müddətləri bitdikdən sonra isə devrilməyə məhkum olublar.

Yaranmış vəziyyətdə imperialist olduğunu nümayiş etdirən ABŞ-la imperiyaçı təfəkkürdən əl çəkməyən Rusiya arasında heç bir fərq görünmür. Odur ki, Bakı öz neytrallığını nümayiş etdirir və müstəqil siyasi kursuna görə ona təzyiqlər artır…

Avropa.info-nun ekspert qrupu

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər