TANAP-ın açılışı – Azərbaycan prezidenti: “Biz 21-ci əsrin enerji tarixini yazırıq” – (Yenilənib)

TANAP-ın açılışı – Azərbaycan prezidenti: “Biz 21-ci əsrin enerji tarixini yazırıq” – (Yenilənib)

“TANAP ilk gündəmə gəldiyində bəzi dairələr buna yuxu dedi”.

Avropa.info-nun məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əskişəhərdə TANAP layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bəziləri layihənin gerçəkləşməyəcəyini düşünürdülər: “Lakin biz Azərbaycanla birlikdə səbr etdik və doğru bildiyimiz yolla hərəkət etdik. İndi bu qürur tablosuna şahidik. Qarşımızda yeni layihələr, yeni uğur hekayələri var. Azərbaycan prezidenti İlham Əliyevə göstərdiyi liderliklə bağlı bir daha təşəkkür edirəm”.

****

“Bu gün bölgə və ölkələr üçün tarixi addım atırıq”.

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əskişəhərdə TANAP layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Cənub Qaz Dəhlizi layihəsinin bel sümüyü olan və enerjinin “İpək yolu” adlandırılan TANAP-ın açılışı gerçəkləşdirilir.

“Bu nəhəng layihənin planlaşdırılan tarixdən əvvəl həyata keçirilməsində əməyi olanları təbrik edirəm. Layihənin gerçəkləşməsi Türkiyə və Azərbaycan arasında qarşılığı etimada söykənən əlaqələr sayəsində mümkün olub”, – deyə o qeyd edib.

****

Qardaş Türkiyədə yenidən olmaqdan məmnunam. Biz Azərbaycanda Türkiyənin Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə etdiyi uğurlara sevinirik”.

Avropa.info xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində söyləyib.

Dövlət başçısı deyib ki, Türkiyə hazırda dünya gündəliyini müəyyən edir: “Türkiyənin gücü bizim gücümüzdür. Bu gün dünyada bir-birini bu qədər dəstəkləyən ölkə tapmaq çətindir. TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının təzahürü, zəfəridir. Biz 21-ci əsrin enerji tarixini yazırıq. Bu, əməkdaşlıq, sabitlik layihəsidir. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan liderlərinin birgə siyasi iradəsi nəticəsində mümkün olub.

****

Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) enerji məsələlərin həlli üçün əvəzolunmaz infrastuktur layhəsidir.

Avropa.info xəbər verir ki, Eskişəhərin Seyidqazi rayonunda (Türkiyə) TANAP-ın birinci hissəsinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

“TANAP nəhəng Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir. İki həftə öncə Cənub Qaz Dəhlizinin açılışı həyata keçirilib.Cənub Qaz Dəhlizi 4 layihədən ibarətdir: “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP. Dörd layihənin 3-u yekunlaşıb. TAP-ın icra faizi 72%-dir. İnanıram ki TAP da iki ilə yekunlaşacaq. Beləliklə, Avropanın ən böyük infrastruktur layihəsi icra olunmuş olacaq. Bu tarixi nailiyyət imkan verəcək ki, Azərbaycan qazı qısa yolla, təhlükəsiz yolla Avropaya çatdırılsın”.

Dövlət başçısı qeyd edib ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir: “Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyə və Avropa bazarlarına çatdırılacaq. Bu sözün əsl mənasında enerji şaxələndirilməsinə dəstək göstərir. TANAP 7 ölkəni və bir çox şirkətləri birləşdirir. Bütün tərəflərə təşəkkür edirəm ki, qısa müddətdə bu işi yüksək keyfiyyətlə görə bildilər. Əgər 2000-ci illərin əvvəllərində yalnız Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı mövcud idisə, hazırda əməkdaşlıq edən ölkələrin sayı 7-dir. Gələcəkdə daha 3 ölkə bu əməkdaşlığa qoşulacaq. Azərbaycan qazının Avropa qitəsinə çatdırılmasında böyük işlər görməyə çalışmalıyıq”.

****

Avropa.info xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevvə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Petro Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, rəsmi şəxslər, şirkətlərin rəhbərləri iştirak edirlər.

TANAP ümumi investisiya dəyəri 40 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilən, uzunluğu 3 500 km-dən artıq olan Cənub Qaz Dəhlizi layihəsinin əsas komponentlərindən biridir. Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur.

TANAP Türkiyənin Gürcüstanla sərhəddində yerləşən Ardahan şəhərinin Posof rayonunun Türkgözü kəndindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdiriləcək.

TANAP-ın təməli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə 17 mart 2015-ci ildə Qarsda qoyulub.

Ümumi uzunluğu 1850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1340 km təşkil edir. Avropaya qaz veriləcək Faza-1 adlandırılan hissənin (Eskişəhər-Ədirnə -Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir. Faza-1 2019-cu ildə Avropa üçün qazı qəbul etməyə hazır olacaq.

TANAP-ın dəyəri 8 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilir. Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.

TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir.

 

 

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər