Nəzakət Məmmədova: “Cənubi Qafqazın belə bir xəritəsi çəkilsə, onun üzərində də iri hərflərlə Heydər Əliyev yazılmalıdır”

Nəzakət Məmmədova: “Cənubi Qafqazın belə bir xəritəsi çəkilsə, onun üzərində də iri hərflərlə Heydər Əliyev yazılmalıdır”

1993-cü il. İyirminci yüzilliyin və ikinci minilliyin başa çatmasına cəmi 7 il qalır. Bu mühüm keçid dövründə ölkələr yeni üçüncü minilliyə artıq hazırlıqlı proqramlarla və yenilənmiş, dövrün tələblərinə və çağırışlrına adekvat olan strateji yol xəritələri ilə gedirlər.

 İki il əvvəl müstəqilliyinə qovuşan Azərbaycan isə xaos girdabında çırpınır. Ölkənin nəinki yeni Millenium üçün strategiyası, heç qarşıdakı aylarda fəaliyyətini tənzimləyə biləcək doğru-düzgün bir proqramı yoxdur, ya da işləmir.

1993-cü ilin 20 yanvar günündə ABŞ-da hakimiyyətə Klinton gəldi. İki gün sonra isə Müstəqil Dövlətlər Birliyi yaradılması barədə qərar qəbul edildi, Birliyin Nizamnaməsi qəbul olundu.

Doğrudur, həmin il dünyada yaddaqalan sülh təşəbbüsləri də baş verdi. Çexiya və Slovakiya arasında məxməri ayrılma nəticəsində keçmiş sosialist ölkə Çexoslovakiya iki dövlətə parçalandı. Roma Papası tarixdə ilk dəfə islam ölkəsinə səfər edərək Sudana gəlir.

ABŞ və Rusiya nüvə döyüş başlıqlarının 2/3 hissəsini ixtisar etmək barədə razılığa gəldilər. Parisdə kimyəvi silahların qadağan olunması konvensiyası da məhz 1993-cü ildə imzalandı.

Lakin kütləvi qırğın silahlarının, o cümlədən nüvə başlıqlarının ixtisarı dünyada müharibə riskini azaltmadı, əksinə daha da artırdı. Artıq dövlətlər arasında adi silah növlərindən istifadə etməklə hərbi əməliyyatların aparılması dünyanın bir çox qitələrində geniş vüsət almışdı. Balkanlarda Bosniya, Yaxn Şərqdə İraq NATO tərəfindən bombardmana məruz qalırdı. Abxaziya, Dağlıq Qarabağda adi silahlardan istifadə edilməklə qızğın müharibə gedirdi. Ermənistan və Azərbaycan dünya dövlətləri tərəfindən tanınaraq diplomatik əlaqələr qururlar. Lakin Dağlıq Qarabağın xeyli hissəsini işğal edən Ermənistan dünya birliyi tərəfindən təcavüzkar kimi tanınmır.

Qonşu Rusiyada da vəziyyət ürəkaçan deyil. Konstitusiya böhranı davam edir və Ali Sovetin deputatları Yeltsinin təklif etdiyi konstitusiya dəyişiklikləri təklifini rədd edərək, onun səlahiyyətlərinin məhdudlaşdırılmasına səs verirlər. Yeltsinin televiziya ilə müraciətində səsləndirdiyi 379 saylı əmrini Konstitusiya Məhkəməsi qanunzidd elan edir. Prezidentə etimad referendumunun kecirilməsi barədə qərar qəbul olunur. Lakin bu referendum təkcə Rusiyada yox, bir neçə ay sonra Azərbaycanda da keçirilir və xalq prezidentə etimadsızlıq göstərir. Heydər Əliyev Ali Sovetin sədri, sonra isə ümumxalq səsverməsi yolu ilə ölkənin prezidenti seçilir. Azərbaycanı yeni – üçüncü minilliyə aparan Lider məhz o olur.

Lakin buna hələ bir neçə ay var. Hələ ki, 1993-cü ilin aprel-iyun aylarıdır. Azərbaycan bir ölkənin düşə biləcəyi ən ağır vəziyyətdədir. Müharibə gedir, torpaqlar erməni silahlı birləşmələri tərəfindən işğal olunur. Kəlbəcərin işğalı nəticəsində Ermənistanla Dağlıq Qarabağ erməniləri arasında möhkəm əlaqə yaranır, ermənilər strateji üstünlüyə nail olurlar.

Hakimiyyət daxilində isə nüfuz savaşları pik həddinə çatıb. Prezident vəziyyət üzərində nəzarəti itirib. Artıq hakimiyyətdaxili nüfuz savaşı təkcə siyasi kuluarlarda baş verən intriqalarla yox, sərəncamında silahlı birləşmələr olan tərəflərin bu silah, cəbbəxananı bir-birinə qarşı çevirməsiylə müşahidə olunur. Hələ formalaşmamış, nizami qoşun hissələrinə çevrilə bilməmiş silahlı dəstələr düşmənlə döyüş meydanından çıxarılaraq Bakıya istiqamətlənir. Həm də Gəncədən keçməklə. O Gəncə ki, dövlətçiliyimizin ilk bayrağı onun səmasında dalğalanıb. İndi həmin şəhərdə hikkəli bir polkovnikin qiyam bayrağı dalğalanır.

Qardaş qanı axması labüd idi. Ən dəhşətlisi isə bu işlərdə xarici ölkələrin iştirakı ehtimalı da yüksəkdir. Qonşu dövlətlərin kəşfiyyat qurumları, hərbi-siyasi çevrələri Azərbaycana marağını gizlətmir, onu öz təsiri altına salmaq, siyasi peşəkarlıq və dövlətçilik təcrübəsi olmayan iqtidarı devirmək istəyirlər. Bu, həm də Azərbaycanın müstəqilliyinin itirilməsi demək olardı. Bütün dünyaya sübut edilməyə çalışılırdı ki, Azərbaycan xalqı müstəqil dövlətə malik olmağa layiq deyil, bu xalqın dövlət idarə etmək təcrübəsi, dövlətçilik təfükkürü zəifdir.

Xalqın dahi oğlu Heydər Əliyev 1993-cü il iyun ayında qiyamı yatırmaqla və dövlətçilikdə davamlılığın olmasına çalışmaqla Respublikanın süqut etməsinin qarşısını aldı. O, bununla bütün dünyaya sübut etdi ki, 10 il əvvəl necə dünyanın iki fövqəldövlətindən birinin rəhbərlərindən biri idisə, bu gün də dünyanın ən strateji bölgələrindən biri olan Respublikanı süquta yetməkdən xilas etməyə, onu inkişaf və tərəqqiyə aparmağa qadirdir.

Heydər Əliyev təkbaşına hələ ayaq üstündə dayana bilməyən bir ölkənin əks-kəşfiyyatı, diplomatiyası, ordusu oldu. O, Azərbaycanı özünə tabe etmək istəyən, müstəqilliyini və suverenliyini əlindən almaq istəyən bütün məkrli dövlətlərin, beynəlxalq güc mərkəzlərinin və onların əlində alət olan daxili satqınların planlarının üzərindən bir xətt çəkdi.

Deyilənə görə, bir zamanlar İngiltərənin müstəmləkələr Nazirliyində Yaxın Şərqin xəritəsi asılmış və üzərində iri qırmızı hərflərlə dahi alman kəşfiyyatçısı Vasmusun adı yazılmışdı. Çünki o, təkbaşına bir imperiyanın bütün planlarını alt-üst etmişdi.

Yəqin ki, Cənubi Qafqazın belə bir xəritəsi çəkilsə, onun üzərində də iri hərflərlə Heydər Əliyev yazılmalıdır. Bu bölgədəki status kvonu dəyişən, Azərbaycanın müstəqilliyini qoruyub-saxlayan və böyük gücləri öz planlarından imtina edərək onun dövləti ilə hesablaşmağa vadar edən dahi Heydər Əliyevin!

Doğrudur, bu gündən həmin dövrə nəzər salanda təsəvvürə gəirmək belə çətindir ki, dünyanın nəhəng enerji layihələrinin əsas təşəbbüskarı, nüfuzlu, söz sahibi, güç mərkəzlərindən birinə çevrilmiş olan, güclü ordusu, iqtisadiyyatı, gələcəyə dair böyük hədəfləri olan bugünkü Azərbaycan bütün bunlara həmin xaosdan, uçurumun lap kənarından cəmi 25 il ərzində necə qurtulub gəlmişdir. Lakin həmin Qurtuluş taktikasının və Tərəqqi strategiyasının memarının kim olduğunu düşünəndə bunu dərk etmək asanlaşır. Dahi Heydər Əliyev!

Həmin dövr olduqca mürəkkəb, aradan qaldırılması imkansız kimi görünən xaos mərhələsi idi. Hər bir dövlətin tarixində bü cür dövrlər olub. Müstəqillik əldə etdikdən sonra bir çox dövlətlərin inkişaf və tərəqqiyə gedən yolu məhz belə xaosdan keçə bilər. Dünya tarixində belə hallar olub. Lakin heç də bütün dövlətlər bu mərhələni rahat, qısa müddətə keçə bilməyiblər. Bu günə gəlib çatan ölkələr, o cümlədən Avropa ölkələri bu mərhələni yüzilliklər boyunca keçməli olmuşlar, bəziləri isə ümümiyətlə adlarının dünya xəritəsinə yazılması ilə silinməsi arasında çox qısa bir zaman məsafəsi aşa bilmişdir.

Azərbaycan isə həmin dövru – anarxiyadan inkişafa keçid dövrünü cəmisi 2 ildən sonra Heydər Əliyev sayəsində geridə qoydu. Bu, doğrudan da fantastik bir rəqəmdir. İki ilə heç bir böhran, xaos, anarxiya həll oluna bilməz. Dünyanın siyasi tarixində bu, doğrudan da fenomenal hadisədir. Heydər Əliyev kimi dahi şəxsiyyət üçün isə zaman məfhumu Eynşteynin isbat etdiyi nisbilik nəzəriyyəsi çərçivəsində baş verdi. Zaman, məkan, şərait yox, O, bütün bunları özünə tabe etdi. Bununla da zamanın və məkanın fövqündə duran Dahi şəxsiyyət olduğunu bir daha sübut etdi!

Azərbaycan xalqının tarixində böyük, uca, yolgöstərən insanlara müxtəlif titullar verilib. Həm də bu titullar öz səmimiliyinə, dəyərinə görə ondan yüzilliklər sonra təsis olunmuş Nobel mükafatından qat-qat üstündür. Azərbaycan xalqının ilk ozanı, salnaməçisi Dədə Qorquddan Səfəvilər İmperiyasının banisi Xətainin ustadı, dövlətçiliyin ideoloqlarından biri Hüseyn bəyə Lələ deyilməsi ilə dövlət xadiminə olan xalq arasında nəvazişli münasibət bitmişdi. Sonrakı yüzilliklərdə heç kəs bu sevgini bu dərəcədə qazana bilməmişdi. Lakin 1993-cü ildən sonra sadə və dahi, dövlətçiliyimizin banisi Heydər Əliyevə yaşından asılı olmayaraq hər bir azərbaycanlı şəfqətlə Baba adlandırmağa başladı və bu, Ulu Öndərə ümumxalq sevgisinin təzahürü idi.

 Nəzakət Məmmədova Beynəlxalq Əlaqələr üzrə ekspert

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər