“Bəlkə silahı Ermənistana kreditlə yox, nəğd pula sataq?…” – Rusiyadan mesaj

“Bəlkə silahı Ermənistana kreditlə yox, nəğd pula sataq?…” – Rusiyadan mesaj

Rusiyada hakimiyyətə yaxın “Nezavisimaya qazeta”nın bu günkü redaksiya məqaləsində Ermənistana güzəştli kreditlə silah satışından və əvəzində İrəvanın indiki rəhbərliyinin NATO, Qərblə yaxınlaşmaq səylərindən bəhs edilir. Virtualaz.org xəbər verir ki, məqalədə silahların Ermənistana daha kreditlə yox, nəğd pula təklif edilə biləcəyinə eyham vurulur.

“Kreditlə silah təchizatı adi məsələdir. Hərbi-texniki əməkdaşlığa cəlb edilmiş ölkələrin praktiki olaraq hamısı bu üsuldan istifadə edir. Səbəblər isə müxtəlif ola bilər, amma hamısı siyasidir: məhz bu yolla silah istehsal edən ölkə onu satmaq üçün dövlət ixrac krediti ayırırsa deməl krediti alan ölkə müttəfiq də olmasa ən azından çox yaxın partnyor, dost kimi nəzərdən keçirilir. Ermənistan da uzun illərdir Rusiya üçün məhz belə idi. Yerevan Moskvadan siyasi dəstək də alırdı, hərbi dəstək də. Kremlin Dağlıq Qarabağa dair mövqeyi də kifayət qədər aydın idi. Məhz buna görə də 2015-ci ildə Rusiya Ermənistana 200 milyon dollar silah krediti ayıranda heç kim təəcüblənmədi. Ötən ay həmin kredit müqaviləsi çərçivəsində Ermənistana silah təchizatı yekunlaşıb”-qəzet yazır.

Xatırladılır ki, həmin kredit müqaviləsi çərçivəsində Ermənistan Rusiyadan “Smerç” reaktiv yaylım atəşi sistemləri, “İqla-S” daşınan zenit-raket kompleksləri, “Avtobaza-M” radiotexnki kəşfiyyat sistemi, TOS-1A “Solntsepyok” ağır odsaçan sistemləri və digər silahlar alıb.

Lakin qəzet qeyd edir ki, Ermənistanın indiki rəhbərliyi kredit hesabına müsair silahları Rusiyadan aldığı halda son vaxtlar Qərblə münasibətlərini möhkəmləndirməyə çalışır. Bu kontekstdə Nikol Paşinyanın NATO sammitində iştirak etmək üçün Brüsselə səfər etməsi, Avropa İttifaqı ilə danışıqları xatırladılır.

“Üstəlik KİV-lər xəbər verir ki, erməni tərəfi Cənubi Qafqazda vahid qaz nəqli sisteminə qoşula və Ermənistanın NATO-nun, ABŞ-ın strateji tərəfdaşı kimi nəzərdən keçirildiyi “yol xəritəsi”ni qəbul edə bilər”-məqalədə deyilir.

“Nezavisimaya qazeta” Ermənistanın indiki rəhbərliyinin günahları sırasında KTMT-nin baş katibi Yuri Xaçaturovu Rusiya ilə məsləhətləşmədən cinayət məsuliyyətinə cəlb etməsi, hətta barəsində ev dustaqlığı qərarı çıxarmasını (sonradan bu qərar dəyişdi, Xaçaturov Moskvaya qayıtdı) xatırladır. “Axı belə hərəkətlər KTMT-yə elə zərbə vurur ki, onu blokun üzvlərinə qarşı birbaşa təcavüzlə müqayisə etmək olar.

Hələ bu yandan Ermənistan müdafiə naziri David Tonoyan jurnalistlərin qarşısında Rusiyadan alınan silahları tərifləyir, onların modernizə edildiyini və müasir silahlar olduğunu deyir. Və dərhal da əlavə edir ki, Ermənistanla Rusiya arasında hərbi müttəfiqlik müqaviləsinə yenidən baxıla, bəzi bəndlər oradan çıxarıla bilər. Bəlkə daha sadə davranmaq -müasir silahları kreditlə yox, hansı ki, tarixi təcrübəyə əsasən bu cür kreditlər axırda geri qayıtmır, nəğd pula satmaq lazımdır? O zaman hər şey ədalətli olardı, qarşılıqlı inciklik yaranmazdı”-məqalədə vurğulanır.

Xatırladaq ki, bundan əvvəl “Kommersant” Rusiyanın Ermənistana güzəştli silah kreditinin ikinci tranşını-100 milyon dolları ayırmaqdan imtina edə biləcəyini yazmışdı.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər