“Toy, yas mərasimləri qarın otarmaq yeri deyil” – Deputat Naxçıvanda toylarda yemək qadağası ilə bağlı danışdı

“Toy, yas mərasimləri qarın otarmaq yeri deyil” – Deputat Naxçıvanda toylarda yemək qadağası ilə bağlı danışdı

Cəmiyyətin öz mədəni həyatını doğru qura bilməyən cəmiyyətlərin inzibati yolla sağlam yaşam tərzinə alışdırmaqdan başqa yol qalmır.

Avropa.info xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa toy və yas mərasimlərindəki israfçılq halları ilə bağlı Facebook səhifəsində yazıb.

“Naxçıvanda toylarda israfçılığın qarşısının alınması üçün verilən qərar barədə xəbər doğru olsaydı, birmənalı dəstəkləyərdim. Ancaq Bakıdakı Naxçıvan nümayəndəliyinin bu xəbəri təkzib etdiyi barədə rəsmi məlumatı indicə oxudum. Bununla belə, düşünürəm ki, öz mədəni həyatını doğru qura bilməyən cəmiyyətlərin inzibati yolla sağlam yaşam tərzinə alışdırmaqdan başqa yol qalmır”- F.Mustafa qeyd edib.

Onun sözlərinə, toy, yas mərasimləri qarın otarmaq yeri deyil, yeni qurulan ailələrə, həyatdan köçənlərin yaxınlarına dəstək yeridir: “Kimsəni xərcə, sıxıntıya salmadan əylənmək də olar, kədərlərinə şərik olmaq da. Nəhayət ki, bu vəhşi toy adətimizdən, qeyri-mədəni yas mərasimlərimizdən qurtulmanın yolu tapılmalıdır. Hələ toy səviyyəsində keçirilən xınayaxdı, çiyər axşamı kimi tədbirlər də maddi və vaxt israfının mənasız formalarıdır. Yüksək məbləğə toya dəvət edilən müğənninin canlı səsini duymaq olmur, ancaq təkcə özünü nümayiş etdirməyə görə azərbaycanlı ona səxavətlə pul ödəyir”.

O əlavə edib ki, harınlar üçün, şöhrətpərəstlər üçün kifayət qədər alternativlər var: “Las-Veqas, Kanar adları, Mardan Palas, onlarla başqa qapalı ehtişamlı məkanlar, buyurub toylarını, məclislərini keçirsinlər, atəşfəşanlıq etsinlər, pullarını istədikləri qədər israf etsinlər. Normal ailə qurmaq istəyən sadə çoxluq üçün bu mərasimlər sadələşdirilməlidir, pullar yeni qurulan ailənin dirçəldilməsi üçün sərf olunmalıdır. Şadlıq evləri mafiyasının əsarətindən milləti qurtarmaq lazımdır. Yas mərasimləri də hansısa ailənin üzüntü içində olan insanları üçün dəstək və kədərə şərik olma xarakteri daşımalıdır. Yoxsa borc içində batıb gələnləri yola salmağa müqəddəs vəzifə kimi baxan bir obrazdan insanlarımızı qurtara bilməyəcəyik. Sevinmək də lazım, kədərlənmək də, bu insan təbiətinə aid bir gerçək duyğulardır, ancaq sevinc və kədəri bir tərəfə buraxıb özünə mənasız yerə əzab vermək, özünü maddi sıxıntıya soxmaq axmaqlıqdan başqa bir şey deyildir”.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər