Bakı ikinci “Cümhuriyyət paradı”na hazırlaşır

Bakı ikinci “Cümhuriyyət paradı”na hazırlaşır

Sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsinin 100-cü ili tamam olur.  Bu münasibətlə Bakıdakı Azadlıq Meydanında hərbi parad keçiriləcək. Bir neçə gündür parada hazırlıq işləri də gedir. 

Müdafiə Nazirliyi paradda nələrin olacağı haqda hələ ki rəsmi məlumat verməyib.

Cümhuriiyət tarixinin araşdırıcısı Nəsiman Yaqublu Modern.aza açıqlamasında paradı alqışladığını vurğulayıb, amma daha detallı məlumata malik olmadığını deyib.

“Rəsmi şəkildə mənə dəvət gəlməyib. Təbii ki, özüm gedib iştirak edəcəm, yəqin ki, heç kimə qağada qoyulmaz. Bu çox əhəmiyyətli hadisədir. Bakının qurtuluşunun 100 illiyi ilə bağlı hərbi parad keçirilir və burada Türkiyənin də dövlət başçısınının iştirakı gözlənilir”.

Tarixçi bildirib ki, bu tədbir ərəfəsində onların bir kitabı da çap olunub.

“Kitabın adı “Qafqaz İslam Ordusunun Azərbaycanda izləri”dir. Kitabın təqdimatını çox ehtimal ki, paraddan sonra Türkiyənin Azərbaycandakı səfirliyində keçirəcəyik”.

N.Yaqublu deyib ki,  Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi ilə bağlı Bakıda keçiriləcək parad sayca ikincidir.

“Belə bir tədbir ilk dəfə 1918-ci il sentyabrın 15-də keçirilib. O vaxt hərbi parad “Qurd Qapısı” deyilən ərazidən başlayıb, indiki Biləcəriyə qədər uzanıb. İndiki Bakı Dövlət Universitetinin ərazisi əvvəllər “Qırmızı qışlaq” adlanan yer idi. Oradan da keçmək şərti ilə Qafqaz İslam Ordusu Bakıya təntənəli şəkildə daxil olub və komandan Nuru Paşa həmin paradı keçirib. Budəfəki parad Qafqaz İslam Ordusunun şəninə keçirilən ikinci belə tədbirdir. Qafqaz İslam Ordusu buna haqq edir, Azərbaycanın bir çox bölgələrinin, o cümlədən Bakının azad edilməsində Nuru Paşanın böyük rolu olub. Mənə elə gəlir ki, 100 illik ərəfəsində, hadisələrin gedişatında biz Bakının gözəl bir yerində Nuru Paşaya, yəni Bakının xilaskarı olan bu insana abidə qoymalıyıq”.

Tarixçinin sözlərinə görə, TRT televiziyası Qafqaz İslam Ordusu haqqında ayrıca bir film çəkir:

“Həmin filmdə mən də iştirak etmişəm, Qafqaz İslam Ordusu haqqında danışmışam. Aldığım məlumata görə, sentyabrın ya 14-ü ya da 15-i Türkiyənin Prezident iqamətgahında həmin filmin təqdimatı keçiriləcək”.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər