İrəvanla Moskva arasında qarşıdurma kəskinləşir – Mürtəza Bünyadlının yazısı

İrəvanla Moskva arasında qarşıdurma kəskinləşir – Mürtəza Bünyadlının yazısı

Erməni siyasi elitası baş nazir Nikol Paşinyanın Moskva səfərindən sonra İrəvanla Moskva arasındakı qarşıdurma və böhranın aradan qalxmasını gözləsə də, proseslər tamamilə bunun əksini ortaya qoydu. Paşinyanın Moskva səfərinin yekunları özünü çox gözlətmədi. İki ölkə arasında münasibətlər mülayimləşmək əvəzinə, daha da kəskin xarakter almağa başladı.

Ermənistan baş nazirinin səfərindən sonra İrəvanla Moskva arasındakı münasibətlərin kəskinləşməsi bir daha onun göstərir ki, Putinlə Paşinyan arasında gərgin müzakirələr gedib və nəticədə iki ölkə arasında gələcək müttəfiqlik və əməkdaşlıq məsələlərində ortaq məxrəc əldə olunmayıb.

Baxmayaraq ki, görüşdə Putin Paşinyana Ermənistanın iqtisadiyyatının 70 faizinin Rusiyadan asılı olması, xüsusən də strateji obyektlərin bu ölkəyə məxsus olması, sərhədlərinin rus əsgərlərinin müdafiə etməsi, hava-hücumundan müdafiəsini Moskvanın təşkil etməsi və sair kimi xatırlatmalarını Paşinyanın qulaqardına vurmasının təbii ki, bir bədəli olmalı idi. Və bu çox çəkmədi.

Paşinyanın Moskva səfərindən elə iki gün sonra Ermənistan milli təhlükəsizlik xidmətinin rəhbəri ilə xüsusi istintaq xidmətinin rəhbəri arasında sabiq prezident Robert Köçəryanın, KTMT baş katibi Yuri Xaçaturovun, sabiq müdafiə naziri Mikel Arutyunyanın Paşinyanın göstərişi ilə istintaqa cəlb edilməsi barədə telefon danışığnı geniş ictimaiyyətə çatdırıldı. Adı çəkilən telefon danışığının yayılması erməni cəmiyyətində bir “bomba” effekti verd. Telefon danışığının aduioyazının yayılması Paşinyanın imicinə çox böyük zərbə vurdu. Paşinyan komandası bu audiyazıdan nokauta düşməsə də, müvazinətini itirdi. Hələ özlərinə gələ bimirlər və bunun altından necə çıxacaqlarını bilmirlər.

Erməni ekspert və politoloqlar bu telefon danışığının gizli dinlənilməsini Moskvanın Paşinyana yüngül şilləsi kimi dəyərləndirdi. Erməni ekspertlər bu audiyazının yayılamsını Moskvanın və Robert Köçəryanın adamlarını işi olduğunu dilə gətirdi.

“Modus Vivendi” Analitik Mərkəzinin rəhbəri Apa Papyan deyib ki, bu audiyazının yayılması Paşinyan komandasının həddən ziyadə zəif olmasını göstərmək olub. A.Papyan “1 in.am” açıqlamasında bunun Köçəryan komandasının və Rusiyanın işi olduğunu ehtimal edib. Onun fikrincə, Paşinyan Putin üçün məqbul namizəd hesab edilmədiyindən, onun hakimiyyətinin iflasa uğramasında maraqlıdır.

Erməni ekspert xəbərdarlıq edib ki, əgər 2019-cu ilin yazınadək Ermənistanda yeni parlament seçkiləri keçirilməzsə, ölkəni istər daxili, istərsə də xarici cəbhədən ciddi sarsıntılar gözləyir.

O əlavə edib ki, ölkənin gələcəyi ilə bağlı optimist baxışı olmayan xaricədəki erməni iş adamları ölkəyə sərmayə qoymağa ehtiyat edirlər. Çünki erməni iş adamlarının Ermənistanı qeyri-sabit ölkə kimi dəyərləndirdiklərindən, ölkənin yaxın gələcəyi ilə bağlı çox bədbin yanaşmaları mövcudur.

İrəvanla Moskva arasında münasibətlərin kəskinləşməsinə səbəb olan amillərdən biri də KTMT baş katibi Yuri Xaçaturov məsələsidir. Paşinyan bu məsələni Putinlə müzakirə etdiyini deyib. Lakin bu məsələdə də ortaq məxrəcə gəlinməyib.

İrəvan Xaçaturovun baş katib postundan geri çağırılaraq, cinayət məsuliyyətinə cəlb olunması ilə yanaşı, onun yerinə digər bir ermənin təyin olunmasında təkid edib. Kreml isə bunu özlərinə qarşı demarş hesab edib. Kreml hesab edir ki, bu məsələ KTMT-yə üzv ölkələrlə müzakirə edilməlidir. Təbii ki, üzv ölkələrin də İrəvana elə də xoş münasibəti olmadığından bu məsələdə Moskvanın yanında yer alıblar.

Artıq KTMT baş katibi Yuri Xaçaturovun yaxın günlərdə vəzifəsindən gedəcəyi haqqında xəbərlər yayılıb. Ermənistanın “Jamanak” mətbu orqanı onun yaxın günlərdə tutduğu vəzifədən gedəcəyini yazsa da, onun yerinə Ermənistanın deyil, başqa ölkənin təmsilçisinin baş katib seçiləcəyi qeyd olunub.

“Jamanak”ın yazdığıan görə, KTMT-yə üzv olan bütün ölkələrin prezidentləri Ermənistan rəhbərliyinin tələbinə əsasən, Xaçaturovun vəzifədən getməsinə razılıq verib. “Bu məsələdə üzv ölkələr arasında hər hansı şübhə yoxdur ki. İrəvana bu vəzifəyə digər namizədin irəli sürülməsinə imkan verilməyəcək.

Böyük ehtimalla, KTMT baş katibi postuna Belarusun nümayəndəsi təyin olunacaq. Çünki KTMT-də baş katib postu vəzifəsi rotasiya əsasında həyata keçirilir və Ermənistandan sonra bu təşkilatda rəhbərlik Minskə keçəcək. Ona görə də KTMT baş katibi postuna Belarus öz namizədini irəli sürəcək”- mətbu orqanı yazır.

Nikol Paşinyan Yuri Xaçaturovun istefa verib məsuliyyətə cəlb olunmasında maraqlı olsa da, onun İrəvana gətirilməsi elə də asan olmayacaq. KTMT baş katibi postundan istefa verən Xaçaturov da Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunayn və digərləri kimi Rusiyada qalmağa üstünlük verəcək. İrəvan bu cəhdi isə boşa çıxacaq. Moskvada istəsə də belə, Kreml onu İrəvana vermək istəməyəcək və əksinə, ondan bir təzyiq vasitəsi kimi istifadə etməyə çalışacaq.

Burada digər bir məqam da ondan ibarətdir ki, KTMT-nin nizamnaməsinə uyğun olaraq, baş katib postuna İrəvanın təmsilçisi deyil, Belarusun nümayəndəsinin təyin olunacağı gözlənilir. İrəvan buna etiraz etsə də, bu etiraz nəticəsiz olacaq. Bu da öz növbəsində KTMT daxilindəki onsuz da mövcud gərgin durumu daha da gərginləşdirəcək və qurum daxilində daha ciddi çatların yaranmasına gətirib çıxaracaq. Bu hərkət isə Moskva tərəfindfən xoş qarşılanmayacaq. Moskva İrəvanı hərbi-siyasi təşkilat olan KTMT-nin imicinə vurduğu zərbəyə görə bağışlamayacaq və onu hansısa formada cəzalandıracaq. Odur ki, Y. Xaçaturov məsələsindəki uğursuzluq, onu məsuliyyətə cəlb edə bilməməsi, KTMT-də İrəvanın yeni təmsilçisi ilə əvəz edə bilməməsi Paşinyana növbəti ağır zərbə olacaq. Bu isə o deməkdri ki, Paşinyan komandası qarşıdakı mərhələdə yeni-yeni “sürprizlər” gözləyir.

Bu yeni “sürprizlər” isə onun hakimiyyətinin formalaşmadan və oturuşmadan nüfuzdan salınması ilə yanaşı, qeyri-peşəkarlığını, zəifliyini, bacarıqsızlığını göstərən faktlarla müşayiət olunacaq. Elə Paşinyanın rəqiblərinə də bu lazımdır ki, inqilab eyforiyasını puça çıxarıb, əks-inqilab prosesini sürətləndirsinlər.

Mürtəza Bünyadlı
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər