Türkiyənin növbəti möhtəşəm diplomatik qələbəsi – İdlibdən Qarabağa yol varmı ? (Mürtəza Bünyadlının yazısı)

Türkiyənin növbəti möhtəşəm diplomatik qələbəsi – İdlibdən Qarabağa yol varmı ? (Mürtəza Bünyadlının yazısı)

Sentyabrın 17-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin Soçidə Suriyanın İdlib bölgəsindəki böhranın danışıqlar yolu ilə həll edilməsi istiqamətində əldə etdiyi razılıq Ankaranın regional təhlükəsizliyin təmin olunması istiqamətindəki diplomatik qələbəsi hesab etmək olar. Məhz Ankaranın ciddi diplomatik səyləri nəticəsində Suriyada növbəti humanitar fəlakətdən qaçmaq mümkün oldu.

Baxmayaraq ki, Soçi görüşünün başlanğıcında və sonunda Putin İdlib məsələsində ciddi problemlərin olduğunu dilə gətirib. Bununla belə tərəflər İdlibdə təhlükəsizlik bölgəsi yaradaraq, birgə nəzarət həyata keçirməsi barədə razılıq əldə edib. Bu isə faktiki olaraq Suriya probleminin həllində tamamilə fərqli situasiya yaradır.

İlk olaraq onu qeyd etmək lazımdır ki, Rusiyanın belə bir təklifə elə də asanlqıla razılıq verdiyini düşünmək sadəlöhvlük olardı. Çünki Rusiya son ana qədər İdlibdə hərbi əməliyyatların keçirilməsində maraqlı idi. Lakin Türkiyənin israrı Moskvanı ciddi düşünməyə vadar etdi. Son günlərdə Türkiyə bölgəyə xeyli sayda canlı qüvvə və hərbi texnika yeritməsi bunun bariz göstəricisi idi. Rusiya geri çəkilməyəcəyi təqdirdə, Türkiyə Suriyada  açıq döyüşdə iştirak edəcəkdi.

MOSKVANI RAZILAŞMAYA VADAR EDƏN SƏBƏBLƏR

Razılıq əldə edilməsəydi, Suriya münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində yaradılan Astana prosesi iflasa uğrayacaqdı. 2017-ci ilin sentyabr ayında Astana prosesi çərçivəsində İdlib bölgəsinin təhlükəsizliyi qarantı rolunda çıxış etmək Türkiyəyə həvalə olunub. Həmin qərara əsasən, Suriyadakı bütün müxalif qüvvələrə öz ailələri ilə birlikdə İdlibə yerləşməsinə şərait yaradılır. Bu məsələdə Ankaranın mövqeyi nəzərə alınmasaydı, Türkiyə prosedən uzaqlaşacaqdı. Bu da Rusiya və İranın xeyirinə olan məsələ deyildi.

İkinci bir məqam isə ondan ibarətdir ki, bir çox qüvvələr Ankara-Moskva-Tehran formatındakı əməkdaşlığı pozmaq üçün İdlib böhranından yararlanamaq istəyirdi.

Üçüncü amil Ankara-Moskva arasında son illərdə yaranan isti münasibətlərin mövcudluğudur. Bir sıra məsələlərdə ciddi fikir ayrılıqlarının olmasına baxmayaraq, bu gün Türkiyənin Rusiya ilə birlikdə ABŞ-a dirəniş göstərməsi Moskva üçün hava-su kimi lazımdır. Moskva indiki mərhələdə Türkiyəni itirmək istəmir.

Dördüncüsü, Türkiyə ilə Rusiya arasındakı mövcud enerji və hərbi-texniki əməkdaşlq məsələləri, beşincisi, Moskvanın özünü dünyaya, böhranın nə qədər mürəkkəb olmasına baxmayaraq sülhsevər, humanist ölkə kimi göstərmə amilləri Rusiyanı belə bir təklifə razılıq verməyə vadar etdi.

BİRGƏ NƏZARƏT NECƏ HƏYATA KEÇİRİLƏCƏK?

Görüşdən sonra Putinin İdlibdəki silahlı qruplaşmaların Hələbə, Rusiyanın Homadakı aviabazasına təhlükələr yaratması barədə verdiyi açıqlamalara diqqət yetirsək, görərik ki, birgə nəzarət İdlibin cənub bölgəsində həyata keçiriləcək. Rusiyanın məqsədi Hələblə Dəməşq və Lazkiyə arasındakı M4, M5 beynəlxalq magistral yola nəzarət etmək, Homadakı aviabazanın təhlükəsizliyini təmin etməkdir. Çünki Rusiya dəfələrlə İdlbidəki müxalif qruplar tərəfindən Homadakı Hmeymim aviabazasına pilotsuz uçan aparatlarla hücumlar təşkil edildiyini bəyan edib. Hələ bir neçə ay bundan əvvəl Hmeymimdəki aviabazaya edilən hücum nəticəsində bir neçə Rusiya qırıcı təyyarəsi və canlı qüvvəsi məhv edilmişdi.

MÜXALİF QÜVVƏLƏRİN TƏRKSİLAH EDİLMƏSİ

Razılaşamaya əsasən, Türkiyə İdlibdəki müxalif qüvvələri oktyabrın 10-dək tərksilah etməlidir. Türkiyə müxalifətin tərksilah edilməsində Azad Suriya Ordusu və oradakı müxalif qüvvələrin bu ilin əvvəllərində formalaşdırdığı Milli Azadlıq Cəbhəsinin dəstəyindən istifadə etməyə çalışacaq. Artıq Türkiyə İdlibdəki müxaliflərlə təmaslara girərək, danışıqları aparır.

İdlibdə tərksilah olmağa razılıq verməyən qüvvələrə və onların ailələrinə ərazini tərk etmək üçün həm humanitar dəhliz yaradılır, həm də tampon ərazi seçilir. Bu isə Çobanbeyi ərazisidir.

Bəzi güclərin isə Türkiyənin İdlib məsələsində əldə etdiyi diplomatik uğura qısqanclıqla yanaşdığından prosesə kölgə salmaq üçün təxribatlardan istifadə edəcəyi istisna deyil və buna hazır olmaq lazımdır. Ona görə də bu proses çox ağrılı keçə bilər. Hətta təxribatlar yolu ilə Türkiyə-Rusiya münasibətlərini pozmağa da cəhdlər ola bilər. Odur ki, əldə edilən uğurları davam etdirmək və Türkiyənin mövqeyinin möhkəmlənməsi üçün bütün hallara hazır olmaq lazımdır.

RUSİYA – TÜRKİYƏ ƏMƏKDAŞLIĞININ UĞURULU FORMATININ CƏNUBİ QAFQAZA TƏSİRİ OLA BİLƏRMİ?

Ankaranın diplomatik qələbəsi və Moskva ilə dil tapa bilməsi digər bölgələrdəki problemlərin həllinə də təsir göstərə bilər. Suriyada Türkiyə ilə Rusiya arasında uğrulu əməkdaşlıq formatı yaranarsa, bu nəticədə Cənubi Qafqazdakı proseslərə də öz təsirini göstərə bilər. Uğurlu Ankara-Moskva əməkdaşlığı Cənubi Qafqazdakı münaqişələrin, xüsusən də Qarabağ probleminin həllinə ümidlərı artırır. Xüsusən də, Bakıda keçirilən parad zamanı Azərbaycan prezidenti İlham Əliyevin mesajları və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ məsələsi Azərbaycanla yanaşı, Türkiyənin də problemidir” deməsi diqqətdən qaçmamalıdır. Lakin, bütün hallarda bu problemlərin həlli Türkiyə ilə Rusiya arasında uğrulu əməkdaşlıq formatının davam edib-etməyəcəyindən aslı olacaq.

Mürtəza Bünyadlı
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər