“Qarabağ” Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək

  • İdman
  • 20 Sentyabr, 2018 [11:14]
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək

Bu gün Azərbaycanın UEFA Avropa Liqasındakı yeganə təmsilçisi “Qarabağ” qrup mərhələsində ilk oyununu keçirəcək.

Ağdam təmsilçisi Portuqaliyada “Sportinq”in qonağı olacaq.

Lissabondakı “Joze Alvalade” stadionunda baş tutacaq görüş iki ölkə klubunun ilk dueli kimi tarixə düşəcək.

“Sportinq” 2018/2019 avrokubok mövsümündə debüt matçına çıxacaq, mübarizəyə Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsindən başlayan “Qarabağ” isə qrupa düşənə qədər 8 oyun keçirib.

2017/2018 mövsümündə ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bütün hallarda avrokubokların qrup mərhələsində iştirak edib. Ötən mövsüm Çempionlar Liqasında mübarizə aparan “köhlən atlar” Avropa Liqasının qrup mərhələsində 4-cü dəfə iştirak edəcək.

“Qarabağ”ın cari mövsüm qitənin ən nüfuzlu klub turnirində yolunu Belarus BATE-si kəsib – 0:1, 1:1. Əvəzində Avropa Liqasının pley-off mərhələsində Moldovanın “Şerif” komandasından iki oyunun nəticəsində güclü olan (0:1, 3:0) “Qarabağ” qrupa vəsiqə qazanıb. Ölkə çempionu avrokuboklarda heç vaxt qrupdan çıxa bilməyib. Komanda 9 səfər oyunundan yalnız 2-də qalib gəlib. “Qarabağ” Ukraynanın “Dnepr” (2014/2015) və Yunanıstanın PAOK (2016/2017) komandalarını 1:0 hesabı ilə məğlub edib. Ölkə çempionu cari avrokubok mövsümündə səfərdə cəmi 2 qol vursa da, yalnız “Şerif”ə uduzub.

“Sportinq” isə 2017/2018 mövsümündə Portuqaliya çempionatında 3-cü yeri tutaraq, Avropa Liqasına vəsiqə qazanıb. Üstəlik, sonuncu Avropa Liqasının 1/4 finalçısı olan lissabonlular ölkə kubokunun finalında “Aviş”ə uduzub – 1:2.

Portuqaliya təmsilçisi turnir Avropa Liqası adlanandan bəri – 2009/2010 mövsümündən daimi iştirakçıya çevrilib. Son 7 yarışa qatılan komanda bunlardan 5-də qrup mərhələsində çıxış edib. Lissabonlular 2011/2012 mövsümündə bütün ev oyunlarında qalib gələrək, yarımfinalçı olublar. Portuqaliya nəhəngi burada İspaniya təmsilçisi “Atletik”lə bacarmayıb – 2:1, 1:3. “Şirlər”in yolunu ötən mövsümdə də İspaniya klubu – bu dəfə “Atletiko” kəsib – 0:2, 1:0.

“Sportinq” Avropa Liqasının qrup mərhələsində yalnız bir dəfə evdə uduzub. Komanda 2015/2016 mövsümündə Rusiya “Lokomotiv”inə 1:3 hesabı ilə yenilib. Lissabon təmsilçisi Avropa Liqasında evdə keçirdiyi oyunlardan 10-da qalib gəlib, 4 dəfə heç-heçə edib və 1 matçda uduzub.

“Qarabağ”ın futbolçusu Simeon Slavçev 2014 – 2018-ci illərdə müqavilə üzrə “Sportinq”ə məxsus olub. Lakin bolqarıstanlı yarımmüdafiəçi Lissabon təmsilçisinin əsas komandasında oyun keçirməyib və əsasən icarəyə verilib.

“Sportinq”in hücumçusu Lük Kastanyos Hollandiyanın “Tvente” komandasının heyətində “Qarabağ”a qarşı oynayıb. Hollandiyalı forvard Avropa Liqasının 2014/2015 mövsümünün pley-off mərhələsinin cavab oyununda Ağdam təmsilçisinə qol da vurub. O, evdəki görüşdə hesabı açsa da, matç 1:1 hesabı ilə yekunlaşıb və evdə qolsuz heç-heçə edən Azərbaycan çempionu ilk dəfə qrupa düşüb.

Avropa Liqası

Qrup mərhələsi, I tur

23:00. “Sportinq” (Portuqaliya) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Fransua Leteksiye, Siril Münyö, Mehdi Rahmuni, Bertran Juanno, Frank Şnayder və Kərim Abed (hamısı Fransa)

Hakim-inspektor: Elmir Pilav (Bosniya və Herseqovina)

UEFA nümayəndəsi: Patrik Filipek (Çexiya)

Lissabon “Joze Alvalade” stadionu.

 

 

 

report

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər