Prezident və xanımı Lənkəranda yeni yolun açılışını etdi – Fotolar (Yenilənib)

Prezident və xanımı Lənkəranda yeni yolun açılışını etdi – Fotolar (Yenilənib)

Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran rayonuna səfərləri çərçivəsində Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yolun texniki göstəriciləri barədə məlumat verdi.

Bildirildi ki, yolun uzunluğu 22 kilometrdir. Hirkan-Daştatük-Biləsər avtomobil yolu uzun müddət təmir olunmadığı və burada yola asflat qatı vurulmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Bu isə xüsusən payız-qış mövsümündə nəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. Rayonun 7 yaşayış məntəqəsini birləşdirən Hirkan-Daştatük-Biləsər avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin Sərəncamına əsasən dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,1 milyon manat vəsait ayrılıb. Görülən işlər nəticəsində Hirkan-Daştatük-Biləsər avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun şəkildə yenidən qurulub.

Məlumat verildi ki, yolun hərəkət hissəsinin eni 6 metrdir. Çiyinlər də daxil olmaqla yol yatağının eni isə 8-10 metr təşkil edir. Yol boyunca müxtəlif diametrli suötürücü borular tikilib, zəruri yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib, avtobus dayanacaqları inşa edilib.

Avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “7 nömrəli Yol İstismarı” MMC tərəfindən yüksək keyfiyyətlə aparılıb. Dağlıq ərazidə yerləşən, eləcə də Hirkan Milli Parkı ərazisindən keçən Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun tikintisi 7 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edəcək.

Prezident İlham Əliyevə Astara rayonunun Ojakəran–Tüləküvan–Təngərüd avtomobil yolunun tikintisi barədə də məlumat verildi. Bildirildi ki, 9 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən bu yolun uzunluğu 11 kilometrdir.

Dövlətimizin başçısının Sərəncamı ilə bu yolun tikintisinə 3,4 milyon manat vəsait ayrılıb. Avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Dağlıq ərazidə yerləşən Ojakəran–Tüləküvan–Təngərüd avtomobil yolunun tikintisi əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın, kənd təsərrüfatının, habelə turizmin inkişafında mühüm rol oynayacaq. Yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verən yolun tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “49 nömrəli Yol İstismarı” MMC tərəfindən həyata keçirilib.

Dövlətimizin başçısı Astara rayonunun Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının tikintisi ilə də maraqlandı.

Məlumat verildi ki, 12 min nəfər əhalinin yaşadığı və 38 yaşayış məntəqəsini birləşdirən kəndlərarası avtomobil yollarının yenidən qurulması məqsədilə ümumilikdə 11,5 milyon manat vəsait ayrılıb. Yolların tikintisi yüksək səviyyədə həyata keçirilib. Həmin yolların ümumi uzunluğu 27,4 kilometrdir. Bu yollar da iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub, sərnişin və yük daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək. Bu, həmçinin yerli və xarici turistlərin ərazidə yerləşən istirahət mərkəzlərinə rahat getmələrinə və tarixi mədəniyyət abidələri ilə tanış olmalarına şərait yaradacaq.

Dövlətimizin başçısına və xanımına Astaraçay üzərində tikiləcək körpü və körpüyə qədər olan yolun planı barədə də məlumat verildi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hirkan-Daştatük-Biləsər avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdilər.

Sonda xatirə şəkli çəkdirildi.

***

14:29

Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı müəssisənin rəmzi açılışını bildirən lenti kəsdilər.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya ölkəmizdə xalçaçılığın inkişafı və bu müəssisənin fəaliyyəti barədə məlumat verdi.

Qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı son illərdə görülən işlər bəhrəsini verir. Bu sahənin inkişafına xüsusi diqqət göstərən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq bir çox bölgələrdə xalça fabrikləri açılıb. “Azərxalça” ASC-nin ilkin olaraq Horadiz şəhərində, Ağdam, Ağstafa, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Quba, Şəmkir və Tovuz rayonlarında xalça emalatxanalarının tikintisi nəzərdə tutulmuşdu. Artıq Horadiz, Şəmkir, Quba, Xaçmaz və İsmayıllıdakı müəssisələr Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Bu müəssisələri xammalla təmin etmək üçün Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiya həcmi 18 milyon dollar olan “Yunəyrici-boyaq” fabrikinin, Horadiz, Şəmkir, Quba və Xaçmazda regional yun və boyaq tədarükü məntəqələrinin inşası davam etdirilir. Artıq Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Sabunçu, Lənkəran, Abşeron, Kürdəmir, Biləsuvar, Goranboy və Tərtər rayonlarında xalça emalatxanalarının tikintisi və təchizatı işlərinə başlanıb. Bundan başqa, İsmayıllı rayonunda daha bir xalça istehsalı emalatxanası tikilir.

Dövlətimizin başçısı Lənkəranda xalça emalatxananın tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması üçün 2018-ci ilin dövlət büdcəsindən vəsaitin ayrılması barədə Sərəncam da imzalayıb. 2019-cu ildə əlavə olaraq 10 şəhər və rayonda bu cür müəssisələrin tikintisi nəzərdə tutulub. “Azərxalça” ASC-nin artıq istifadəyə tam hazır olan Lənkəran filialı da bu sırada mühüm yerlərdən birini tutur.

Bildirildi ki, “Azərxalça” ASC-nin Lənkəran filialının binasının ümumi sahəsi 1300 kvadratmetrdir. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 199-cu kilometrliyində yerləşən filialın binasının tikintisinə bu ilin martında başlanılıb. Tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 13 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla – müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.

Qeyd olundu ki, müəssisədə çalışan toxucular Lənkəran şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş tədris-hazırlıq kurslarına cəlb edilib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da işini davam etdirəcək. Bu kursun məzunları “Azərxalça” ASC-nin sertifikatını alacaqlar. Xalça satışı salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgisi və satışı da həyata keçiriləcək.

Sonra dövlətimizin başçısı və birinci xanım müəssisənin kollektivi ilə görüşüb söhbət etdilər.

Xalçaçılar Sevda Cəbrayılova, İradə Əliyeva, Nargilə Qəhrəmanova və başqaları ölkəmizdə qədim xalçaçılıq sənətinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər.

Sonda xatirə şəkli çəkdirildi.

***

13:09

Lənkəran Olimpiya İdman Kompleksinin açılışı olub.

Avropa.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım Lənkəran Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdilər.

Gənclər və idman naziri Azad Rəhimov kompleksdə yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma ətraflı məlumat verdi. Bildirildi ki, kompleksin tikintisinə 2013-cü ildə başlanılıb.

Prezident İlham Əliyevin sərəncamları ilə Lənkəran Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsinə ümumilikdə 15 milyon manat vəsait ayrılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb. Kompleks müasirliyi ilə diqqəti cəlb edir. Bu, ölkəmizdə idmançıların ixtiyarına verilən sayca 44-cü Olimpiya İdman Kompleksidir. Ümumi ərazisi altı hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb.

Diqqətə çatdırıldı ki, 788 tamaşaçı yerlik universal idman salonunda idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək mümkündür. Belə komplekslərin yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsində mühüm əhəmiyyət daşıyır.

Kompleksin əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Əlli üç yerlik mehmanxananın üçmərtəbəli binasında idmançıların qalması və istirahəti üçün hər cür imkan var. Mehmanxanada birnəfərlik, ikinəfərlik, üçnəfərlik, VIP otaqlar və 70 yerlik konfrans zalı mövcuddur. Lənkəran Olimpiya İdman Kompleksinin ağır atletika və trenajor zalında idmançılar üçün hərtərəfli şərait yaradılıb. Məşqçilərin otaqları da məhsuldar fəaliyyət üçün hər cür imkana malikdir. Boks zalında məşqlərin keçirilməsi və yarışların təşkili üçün mükəmməl şərait var. İdmançılara həkim nəzarəti də yüksək səviyyədə təşkil olunub. Güləş zalı Beynəlxalq Güləş Federasiyasının standartlarına uyğun tikilib. Bu zalda 90 tamaşaçı yeri var. Güləşçilərin məşqlərinin yüksək səviyyədə keçirilməsi üçün ən xırda incəliklər belə nəzərə alınıb. Qeyd edildi ki, Lənkəran Olimpiya İdman Kompleksinə daxil olan restoran və mətbəxdə də xidmətin müasir səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Buradakı üzgüçülük hovuzu ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25 metr, eni isə 12 metrdir. Ölkəmizdə yeniyetmə və gənclərin idmanın üzgüçülük növünə də marağı ildən-ilə artır. Bu zalda üzgüçülük yarışlarını 135 nəfər izləyə biləcək.

Müasir standartlara cavab verən futbol meydançasında keçiriləcək yarışları tribunalardan 1300-ə qədər tamaşaçı izləyəcək. Burada mini futbol meydançası da idmançıların ixtiyarına verilib. Basketbol və voleybol meydançaları idmansevərlərə dəyərli töhfədir. Kompleks, həmçinin qaz, su-kanalizasiya, elektrik, rabitə xətləri ilə təchiz olunub. Həyətdə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, istirahət guşələri yaradılıb.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər