Baş redaktor redaksiyada baş verən qarətdən danışdı

Baş redaktor redaksiyada baş verən qarətdən danışdı

Bakıda “Yeni zaman” – “Novoye vremya” qəzetinin redaksiyası naməlum şəxslər tərəfindən soyğunçuluğa məruz qalıb.

Bu barədə Avopa.info-ya açıqlamasında qəzetin baş redaktoru Şakir Ağayev məlumat verib.

Onun sözlərinə görə, hadisə oktyabrın 11-dən 12-nə keçən gecə baş verib: “Mən həmin vaxt xaricdə idim. Naməlum şəxslər qapını qıraraq redaksiyaya daxil olub. Əvvəlcə həmin şəxslər işçilərin dolablarını dağıdıblar. Daha sonra şüşəni qırıb qapını açmaqla mənim otağıma daxil olublar. Mənim otağımda seyfi açmağa cəhd ediblər. Lakin seyfi aça bilməyib açar yerini yararsız vəziyyətə salıblar, otağımı alt-üst ediblər. Mənim otağımdan əsasən suvenirlərin, hədiyyələrin bəzilərini oğurlayıblar”.

Ş.Ağayev bildirib ki, redaksiya əməkdaşları oktyabrın 12-də səhər saatlarında məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat veriblər. Hadisə yerinə dərhal Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları gəlib və hadisə yerinə baxış keçiriblər.

Baş redaktor bildirib ki, məsələ ilə bağlı şəxsən Daxili İşlər Nazirliyinə də məlumat verib: “Mən nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxladım. O bildirdi ki, polis cinayətkarların tezliklə tapılmasına çalışacaq. Bundan başqa, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova da məlumat verdik. Artıq Mətbuat Şurasının sədri daxili işlər naziri, general-polkovnik Ramil Usubova da müraciət edib ki, məsələni cənab nazir şəxsən nəzarətə götürsün”.

Ş.Ağayev bildirib ki, rəhbərlik etdiyi qəzet hər zaman dövlətə və dövlətçiliyə xidmət edən müstəqil mətbu orqandır:

“Biz hər zaman milli maraqları hər şeydən üstün tutmuşuq. Azərbaycanın milli maraqlarını, Azərbaycanın ən böyük dərdi olan Dağlıq Qarabağ problemini rus dilində dünya ictimaiyyətinə, xüsusən də Rusiyaya, Rusiya cəmiyyətinə çatdırmaq üçün qəzetimiz önəmli rol oynayıb. Qəzetimiz rus dilində nəşr olunduğu üçün Rusiya-Azərbaycan əlaqələrinin inkişafında, əlaqələrin yüksək inkişaf etməsində müstəsna xidmət göstərib. Belə bir halda bizim redaksiyada bu cür hadisənin baş verməsi məyusedicidir. Biz redaksiya adından cənab nazir, general-polkovnik Ramil Usubovdan xahiş edirik ki, məsələni şəxsi nəzarətinə götürsün, cinayəti törədənlər tezliklə tapılıb cəzalandırılsınlar. Bu, Azərbaycanda inkişafda olan, cənab Prezident İlham Əliyev tərəfindən həmişə təkan verilən, həmişə yardım edilən mətbuat sahəsinə, həmçinin söz və mətbuat azadlığına vurulan bir zərbədir. Hesab edirəm ki, bu hadisə cənab nazirin nəzarətində olacaq və cinayətkarlar tezliklə tapılıb cəzalandırılacaq”.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər