Paşinyan iki od arasında: Erməni baş nazir hansı addımları ata bilər? – Bizim şərh

Paşinyan iki od arasında: Erməni baş nazir hansı addımları ata bilər? – Bizim şərh

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Qarabağ münaqişəsi ilə bağlı yeni açıqlama ilə çıxış edib. Avropa.info-nun məlumatına görə, Elmar Məmmədyarov bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bölgənin dayanıqlı inkişafı üçün ən vacib məsələlərdən biridir: “Erməni həmkarımla keçirdiyim iki görüş, Azərbaycan Respublikasının prezidenti ilə Ermənistan baş naziri arasında baş tutmuş söhbət və bağlı qapılar arxasında eşitdiklərimiz bizə irəli getmək imkanları barədə müsbət impuls verir”.

Nazir qeyd edib ki, Ermənistanda qarşıdan gələn seçkilərdən sonra bu ölkənin sülh və sabitliyə nə dərəcədə hazır olduğu daha aydın olacaq, bu isə Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarması deməkdir: “Azərbaycan dəfələrlə bəyan etdiyi kimi, substantiv və nəticəyə yönəlik danışıqlara hazırdır”.

Görünən budur ki, baş nazir Paşinyana növbədənkənar seçkilərə qədər növbəti dəfə vaxt verilib. Hər halda rəsmi Bakı danışıqlara hazır olduğunu bəyan edir və buna görə də Ermənistandakı proseslərin yekunlaşmasını gözləyir.

Paşinyanın baş nazir seçilməsi ilə danışıqlarda taym-aut götürüldü. Paşinyan ölkədə apardığı repressiya siyasətinə haqq qazandırmaq üçün Qarabağ münaqişəsi ilə bağlı radikal bəyanatlar səsləndirir. Lakin yeni baş nazir erməni cəmiyyətinin ümidlərini doğrulda bilmir.

Bu gün Ermənistandakı vəziyyət Sarkisyanın hakimiyyəti dövründəki vəziyyətdən heç nə ilə fərqlənmir. Əksinə, vəziyyət daha da ağırlaşmaqdadır. Məsələn, Paşinyanın davranışlarına əsasən, demək olar ki, onun əsas məqsədi hakimiyyətdəki mövqelərini möhkəmləndirməkdən ibarətdir, Qarabağ, əslində onu o qədər də maraqlandırmır. Onu da qeyd etmək lazımdır ki, hazırda iqtisadi inkişafa nail omaq üçün Ermənistanın özünün resursları yoxdur. Azərbaycan və Türkiyə ilə sərhədlər bağlıdır. İqtisadiyyatı birbaşa Azərbaycanla bağlı olan Gürcüstanın Ermənistana verə biləcəyi heç nə yoxdur, İran və dünya dövlətləri arasındakı münasibətlər isə hər kəsə məlumdur. Bu baxımdan Ermənistanın kimdənsə yardım almaq imkanı yoxdur. Rusiyaya qarşı nankorluq edən İrəvan Qərb qarşısında diz çökməyə hazırdır. Onun səsləndirdiyi fikirlərdə sətiraltı məna olaraq ortaya çıxır ki, əsas vurğu Qərbin üzərindədir.

lavrov paşinyan

Görünür, Qərbdəki bəzi əsas dairələr Paşinyanı dəstəkləyir. Lakin Paşinyan Qarabağ danışıqları ilə bağlı cəmiyyətə mesaj verməlidir. O, Qarabağın danışıqlarda tərəf kimi iştirakını istəyir, əks halda, ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina edəcəkləri ilə hədələyir. Bu baxımdan, yenə də sual yaranır:

Paşinyan hansı addımları ata bilər?

İrəvan qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyini” tanıya bilər. Paşinyan nəzərə almalıdr ki, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlardan çıxan tərəf məğlub olacaq. Ermənistan bu formatdan çıxmaq istəyirsə, onun bir yolu qalır — Azərbaycanla razılıq əldə etmək.

Bir sözlə, Ermənistanın Qarabağla birgə Qərbə inteqrasiyası mümkün deyil. Rusiyanın da artıq münasibəti fərqlidir. Beləliklə, Paşinyan iki od arasında qalıb. Rusiya ilə münasibətlər və Qərbyönümlü siyasətin həyata keçirilməsi kimi aşağıdan gələn tələblər ciddi bir sıxıntıya çevrilməkdədir. Paşinyanın özü millət vəkili olarkən Rusiyanı tənqid edən siyasətçi kimi tanınıb və Serj Sarkisyandan Rusiyadan uzaqlaşıb, Qərbə üz tutmağı tələb edən bir neçə simadan biri olub.

İndi baş nazir Paşinyan Rusiya təsirindən çıxmağı düşünsə də, bunun mümkünsüz olduğunu başa düşür və çıxış yolu axtarır. Bu baxımdan, İrəvanın Qarabağ danışıqlarında güzəştə getmək niyyəti müşahidə edilir.

Əlavə etmək lazımdır ki, Nikol Paşinyan mitinqlər zamanı verdiyi vədlərə əməl edə bilmir və o, xilas kəməri kimi Azərbaycanın dövlət başçısı ilə görüşməyə can atır. Onun bir qədər əvvəl səsləndirdiyi “danışıqlarda biz yox, Qarabağ iştirak etməlidir” şüarı artıq mənasızlaşıb. Bunu Paşinyan da dərk edir və Bakıdan qarşılıqlı müzakirələri bərpa etməyi xahiş edir.

Erməni baş nazir gözəl anlayır ki, Ermənistan ilə Azərbaycan arasında qüvvələr nisbəti birmənalı olaraq Bakının xeyrinədir və İrəvan istəsə belə, müharibə variantını ağlından keçirə bilməz. “Nə hərb, nə sülh” vəziyyəti də uzun müddət davam edə bilməz. Ermənistanın işğalına son qoyulmayınca, vəziyyət gərgin olaraq qalacaq. Cəbhədə toqquşmalar davam edərsə, Bakının ötən ilin aprel əməliyyatını təkrarlamaqdan başqa yolu qalmayacaq. Savaş başlayarsa, Paşinyan öz diletant bəyanatları ilə uzun müddət tab gətirə bilməyəcək. Bu baxımdan, onun üçün yeganə yol Bakının və vasitəçilərin şərtlərini qəbul etməkdən keçir.

Ermənistandakı seçkidən sonra Paşinyanın vəziyyəti müsbətə doğru dəyişməyəcək. İrəvan özünü dalana salıb və artıq çıxış yolu tapa bilmir…

Avropa.info-nun ekspert qrupu

 

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər