Oqtay Əsədov İtaliya Senatının sədri ilə görüşüb

Oqtay Əsədov İtaliya Senatının sədri ilə görüşüb

Oktyabrın 18-də Milli Məclisin sədri Oqtay Əsədov İtaliya Senatının sədri xanım Maria Elizabetta Alberti Kasellatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Avropaşinfo-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə bildirilib ki, İtaliya ölkəmizin Avropada və dünyada mühüm tərəfdaşlarından biridir. Müstəqillik illərində İtaliya ilə sıx dostluq telləri qurulub. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar münasibətlərimizin daha da dərinləşməsi üçün yaxşı imkanlar yaradıb.

Azərbaycanın Birinci Vitse-prezidenti xanım Mehriban Əliyevanın ötən ay İtaliyaya səfəri zamanı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı İtaliya Senatındakı konfransda iştirakı və səfər çərçivəsində keçirilən tədbirlər iki ölkənin bir-birinə verdiyi qarşılıqlı dəyərin bariz nümunəsidir.

O. Əsdov əlavə edib ki, bu günədək ölkələrimiz arasında 44 sənəd imzalanıb. Biz 2014-cü il iyulun 14-də İtaliya Senatında “Strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin qəbul edilməsinə böyük əhəmiyyət veririk. Heç də təsadüfi deyildir ki, İtaliya Avropada həm də ölkəmizin ən mühüm ticarət tərəfdaşıdır. Təkcə cari ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3,7 milyard ABŞ dolları həcmində olub. Biz bu göstəricini gələcəkdə daha da yüksəltmək niyyətindəyik. Qarşılıqlı biznes forumlarının mütəmadi keçirilməsi, Hökumətlərarası Komissiyanın fəaliyyəti bu fikri söyləməyə əsas verir. Bu gün Azərbaycanda müxtəlif sahələrdə 50 İtaliya şirkəti fəaliyyət göstərir.

Görüş zamanı Əsədov onu da qeyd edib ki, Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən Azərbaycanda təsdiq olunmuş 2,5 trilyon kubmetr qaz ehtiyatı var: “Bu, 100 il ərzində bizə və tərəfdaşlarımıza kifayət edəcək səviyyədədir. Gələcəkdə TANAP və TAP boru kəmərləri Azərbaycanın təbii qazını Avropa bazarına çıxaracaqdır. Ölkəmiz Qərblə münasibətlərdə etibarlı tərəfdaş olduğunu təcrübədə dəfələrlə nümayiş etdirib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi iri transmilli layihələr bunun əyani sübutudur”.

Əsədov qanunverici orqanlar arasında yüksək səviyyəli səfərlərin əhəmiyyətini vurğulayaraq hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Bildirildi ki, deputatlarımız nüfuzlu beynəlxalq təşkilatlarda sıx təmasda olur, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparırlar. Oqtay Əsədov İtaliya Senatının 2010-cu ildə qəbul etdiyi “Cənubi Qafqazda vəziyyətlə bağlı” qətnaməni çox mühüm sənəd kimi dəyərləndirdi. Qətnamədə Cənubi Qafqazda sülhün bərqərar olunmasında ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verilməsinin əhəmiyyətini vurğuladı.

Səmimi qəbul üçün minnətdarlığını bildirən İtaliya Senatının sədri xanım Maria Elizabetta Alberti Kasellati ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, parlamentlər səviyyəsində əlaqələrin gələcəkdə də inkişaf etdirilməsinin vacibliyinə toxunaraq, hər iki ölkə deputatlarının mütəmadi görüşlərinin əhəmiyyətli olduğunu deyib. Avropa İttifaqının üzvü kimi İtaliyanın Azərbaycanla həyatın müxtəlif sahələrində əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib.

Senatın sədri qeyd edib ki, onun ölkəsi Azərbaycanla təkcə neft-qaz sahəsində deyil, kənd təsərrüfatı, elm, təhsil, mədəni sahələrdə də əlaqələri dərinləşdirmək niyyətindədir.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər