“Ali məktəblərə qəbul sadələşdirilsin” – Deputatdan təklif

“Ali məktəblərə qəbul sadələşdirilsin” – Deputatdan təklif

“Bu yaxınlarda Dünya Bankının hesabatı ilə tanış oldum. Orada göstərilirdi ki, Azərbaycan əhalinin təhsillə əhatə səviyyəsinə görə region dövlətlərindən iki dəfə geridə qalır. Amma bu, şəxsən mənimçün yenilik olmadı. Düşünürəm ki, sizinçün də yenilik deyil. Ona görə ki, bu məsələni mən özüm bir neçə dəfə Milli Məclisdə hökumət üzvlərinin diqqətinə çatdırmışam”.

Avropa.info xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev bu fikirləri Milli Məclisdə “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə çıxış edərkən söyləyib.

O bildirib ki, konseptual baxımdan qanunun lehinə səs verəcək və qanunu təqdim edən İsa Həbibbəyli və onun komandasına təşəkkür edib.

Q.Həsənquliyev onu narahat edən problemlərə də diqqət çəkib: “Bu gün Azərbaycanda ümumi təhsilin əsas problemi öz həllini tapmayıb. Ölkəmizdə əsas problem repetitorluqdur. Bunun necə aradan qaldırılması ilə bağlı qanunda hər hansı tənzimləyici rolu görmürük. İstənilən ali məktəbdə auditoriyaya girin, sorğu keçirin ki, kim repititorun yanına getməyib və ali məktəbə daxil olub? Qrupda bir-iki belə tələbə ola bilər. Bu, valideynlərin büdcəsinə ciddi ziyan vurur. Bəzi hallarda hətta valideynlər uşaqlarını lazımi şəkildə qidalandırmırlar, amma istəyirlər ki, uşaqları ali təhsil ala bilsin”.

Deputat deyib ki, orta məktəb müəllimlərinin əmək haqqının minimum həddi ən azı orta aylıq əmək haqqından az ola bilməz: “Repititorluq dövlət tərəfindən qəbul olunursa, deməli, qanunvericiliklə tənzilmlənməlidir. Yox, qəbul olunmursa, deməli, bunun aradan qaldırılması istiqamətində addımlar atılmalıdır”.

Q.Həsənquliyev deyib ki, təhsildə ikinövbəli tədris də ən ciddi problemdir: “Dünyada bu, çoxdan yığışdırılıb. Bunun üçün Azərbaycanda yeni məktəblər tikilməlidir. Məktəb tikintisi stimulaşdırılmalıdır. Xüsusilə də vergi güzəştləri yolu ilə. İkincisi, xeyriyyəçilik stimullaşdırılmalıdır. Bu, qanunlarda öz əksini tapmalıdır. Biz bu tipli məsələləri fundamental baxımdan qanunvericilik səviyyəsində həll etmədən ciddi dəyişikliklərə nail ola bilməyəcəyik”.

Deputat bildirib ki, ölkəmiz həm alimlərin, həm ali təhsillilərin sayına görə regionda geri qalır: “Bu gün Fransada “sarı gödəkçəlilər”in ən tələblərindən biri budur ki, ali məktəblərə qəbul sadələşdirilsin. Azərbaycanda da ali məktəblərə qəbul sadələşdirilməlidir. Ali məktəblərə qəbul yalnız orta məktəblərin buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq aparılmalıdır. Bütün sivil dünyada belədir. Biz niyə bu addımı ata bilmirik, baaş düşə bilmirəm. Biz bu kimi fundamental məsələləri həll edə bilməsək, başqa nə qədər mükəmməl qanunlar qəbul etsək də, təhsilin inkişafına öz töhfəsini verə bilməyəcək”.

Q.Həsənquliyev bir məqama da diqqət yönəldib: “Biz onsuz da geriyə doğru addım atmışıq. Mərhum prezident Heydər Əliyevin vaxtında, 1995-ci ildə qəbul olunmuş Konstitusiyaya görə, ali təhsilə qədər olan təhsilin mərhələsi icbaridir. Sonradan biz özümüzdən təhsil haqqında qanuna bir müddəa artırdıq: tam orta təhsillə bağlı. Yəqni artıq 9-cu sinifdən uşaqlar təhsili yarımçıq saxlayıb gedə bilərlər. Biz heç olmazsa, bu qanunda ümumi təhsilin, tam orta təhsilin icbari olması məsələsinə biz yenidən qayıtmalıyıq”.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər