Bakının bəzi supermarketlərində idxal ərzaqların çeşidi kəskin azaldı – “Nəyə görəsə bəzi firmalar bizə mal vermək istəmir…”

Bakının bəzi supermarketlərində idxal ərzaqların çeşidi kəskin azaldı – “Nəyə görəsə bəzi firmalar bizə mal vermək istəmir…”

Bakının bəzi supermarket şəbəkələrində idxal ərzaq məhsulların çeşidi  son vaxtlar kəskin azalıb. Azalma əsasən xaricdən, daha çox Rusiya, Ukrayna və digər ölkələrdən idxal olunan məhsullarda müşahidə olunur. Xüsusən, çay, qənnadı məhsulları, sosiska və kolbasa məmulatlarında bir neçə ay əvvələ qədər müşahidə olunan çeşid bolluğu yoxdur.

Əmtəələrin qıtlaşmasını alıcılar da təsdiqləyirlər. Onların sözlərinə görə, uzun müddət aldıqları idxal markalarını yerli mallar əvəzləyir. Məsələn, qənnadı məmulatları arasında  Rusiya istehsalı olan şokoladlar azalıb. Ukraynanın “Roshen” firmasına məxsus konfetlərin cəmi bir neçə çeşidi var.

Virtualaz.org bu problemi araşdırmaq üçün bəzi tanınmış supermarket şəbəkələrinə baş çəkib. Supermarket  rəhbərləri məhsul qıtlığını təsdiqləsələr də, bunu müxtəlif səbəblərlə izah edirlər. Məsələn, Nizami küçəsində yerləşən “Avromart” mağazasının inzibatçısı Rəşad Quliyev deyir ki, bu bayram günlərində onlara mal gətirən firmaların işləməməsi və digər səbəblərlə əlaqədardır: “Dekabrın 26-27-si ərəfəsində mağazaya adətən yeni mallar gəlmir. Bu da ondan irəli gəlir ki, bəzi firmalar işçilərə bir həftədən çox istirahət veriblər. Bu da bizdən asılı olan məsələ deyil. İdxal məhsullarında da eyni vəziyyətdir. Xarici ölkələrdən gələn məhsullarda bəzən gömrükdə yubanmalar olur. Malın ödənişini edirik, orada gecikdirirlər”.

O, İtaliya istehsalı olan “Bio” yarmasını göstərərək davam edir: “Bu malları biz gömrükdən keçiririk. İtaliya istehsalı olan “Bio” yarması 3 günə də gələ bilər, 10 günə də. Buna görə biz müştəriyə cavab verə bilmirik. Amma yerli məhsullarla bağlı belə problem az olur”.

R. Quliyev bildirir ki, bu problem yanvar ayının 10-dan sonra düzələcək.

“Fresco” supermarketlər şəbəkəsinin “28 May” filialından isə bildirdilər ki, bəzi idxal ərzaqları firmalar onlara verməkdən imtina edirlər. Səbəbi isə onlara aydın deyil: “Bizdə çeşidlər kifayət qədər çoxdur. Elə əvvəlki qaydada işləyirik. Sadəcə olaraq, bəzi firmalar deyirlər ki, bizdə hansısa məhsul yoxdur. Hansı səbəbə yoxdur, bilmirik. Amma deməzdim ki, çeşid azalıb, köhnə brendlər gedir, əvəzində təzələri ilə işləyirik”.

“Bolmart” supermarketlər şəbəkəsinin  baş ofisindən isə onlarda belə problemin olmadığını dedilər. Mağazanın özünü təqdim etmək istəməyən rəsmisi bildirdi ki, onlar çeşid azlığı deyil, çeşid bolluğundan əziyyət çəkirlər: “Başqa mağazalrda necədi, deyə bilmərəm, amma biz çeşid bolluğundan əziyyət çəkirik. Hər gün yeni məhsullar yaranır. Azalma ilə bağlı problemlə üzləşməmişik. Əksinə, bizdə 35 mindən çox məhsul çeşidi var. Az qalmışıq başımızı itirək”, – deyə müsahib qeyd edir.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər