Özünü “vəzifəyə” təyin edən bu dekan… – ADU-dan sərt reaksiya

Özünü “vəzifəyə” təyin edən bu dekan… – ADU-dan sərt reaksiya

Bu gün Azərbaycan Dillər Universiteti ölkəmizin ali təhsil ocaqları arasında öz yüksək adını və nüfuzunu daha da artırmaq, universiteti tədris və elmi istiqamətlərdə müasir tələblərə uyğun səviyyəyə qaldırmaq əzmi ilə yaşadığı zamanda, bir sözündə belə həqiqət olmayan, bu təhsil ocağının məzunu və əməkdaşı Vüsalə Ağabəylinin şər və böhtan dolu iftiraları ilə üzləşib.

Avropa.info xəbər verir ki, bu sözlər Azərbaycan Dillər Universitetinin yaydığı bəyanatda qeyd olunub. Sözügedən bəyanatda ADU-nun filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəylinin universitet rəhbərliyi ilə bağlı yaydığı iddialara cavab verilib:

“Özünün də təhsil aldığı, müəllim və dekan kimi fəaliyyət göstərdiyi ADU-nun müəllimlərini savadsız, tələbələrini biliksiz adlandıran şəxs indi isə bütün iftira və yalanlarla dövləti aldatmağa cəhd göstərir. Eyni zamanda ADU-nun Müdafiə Şurasını müdafiə olunan işlərin 90 faizinin saxta və müəyyən maddiyyat qarşılığında təşkil olmasında ittiham edir. Bununla bağlı Müdafiə Şurasının üzvləri öz etirazlarını yazılı şəkildə universitet rəhbərliyinə bildirib və bu şəxsin cəzalandırılmasını tələb ediblər.

Bu gün Vüsalə Ağabəyli tələbənin savadsız olmasına birbaşa məsul şəxs özü olduğu halda, vəzifə borcunu yerinə yetirmədiyinin günahını başqa şəxslərdə axtarır. Artıq belə bir məqamda nə ADU-nun yüzlərlə ləyaqətli əməkdaşı, nə də tələbələri səbirli ola bilirlər. Buna görə Universitetin mətbuat xidməti olaraq bizə ünvanlanan müraciətləri ümumiləşdirərək və V.Ağabəylinin ölkəmizin Birinci xanımı, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya ünvanlanan yalanlarla dolu məktuba öz münasibətimizi bildirməyi lazım bildik.

Vüsalə Ağabəyli bir dekan kimi çalışdığı müddətdə öz işinin öhdəsindən nəinki gəlib, hətta öz vəzifəsindən sui-istifadə edərək tələbələrin problemlərinə etinasız yanaşıb, onların dekana ünvanlanan ərizələrinə, haqlı xahişlərinə belə göz yumub. Onlarla tələbənin ərizəsi hansısa gizlin məqsədlə bu gün də baxılmamış qalmaqdadır. Bununla bağlı hər həftə iştirak etdiyi rektoratlarda, ayda bir dəfə qatıldığı elmi şuralarda bir dəfə də olsun tələbələrin ona olan müraciətlərini dilə gətirməyib, qeyri-məlum səbəbdən tələbə müraciətlərini cavabsız qoyub.

Rektorun əmri ilə təşkil olunan açıq dərsləri öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək universitetdə qəbul edilən qaydalara məhəl qoymadan təşkil edib, o, dərslərdə 10 dəqiqə iştirak etməklə və nəticəni açıq dərsi deyən müəllimin iştirakı olmadan müzakirə edərək qərəzli şəkildə müəllimləri qeyri-kafi qiymətləndirib. Bununla da universitet kollektivi arasında süni şəkildə narazılıq yaratmağa çalışıb.

Özü-özünü təkzib edən şikayətçi “Virtual kafedra” anlayışının da fərqinə varmayıb və özünün gizlin arzusunda olduğu kafedraya “virtual” olsa belə başqasının ictimai əsaslarla rəhbərlik etməsini də həzm edə bilməyib.

Öz tərcümeyi-halını da məktuba əlavə edən V.Ağabəyli nədənsə 2002-2005-ci illərdə çalışdığı “Xural” qəzetindəki fəaliyyətini yazmağı “unutsa da”, yazı üslubunda və hərəkətlərində YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızının dediyi kimi, “Xural”ı unutmayıb.

Heç bir seçki keçirilmədən seçkili vəzifə olan R.Behbudov-134 üzrə ərazi ilk YAP Təşkilatının Qadınlar Şurasına özü-özünü sədr “təyin” edən V.Ağabəyli bu məqamda da ölkəmizin birinci xanımını, bununla da dövləti aldatmağa cəhd edib. Başqa bir yalan da odur ki, məktubunda tələbəliyinin birinci kursundan YAP üzvü olduğunu bildirən V.Ağabəyli öz bioqrafiyasında bunun məhz 2011-ci ildə (27 yaşında) baş verdiyini qeyd edib.

Qaranlıq karyera yüksəlişinə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin yaratmış olduğu Yeni Azərbaycan Partiyasını da alət etmək ancaq öz nailiyyətinə özünün belə inanmadığı, saxtakar şəxslərin işi ola bilər. Biz bu gün ADU-nun filologiya və jurnalistika fakültəsinin dekanı, özünü ictimaiyyətə ADU YAP Qadınlar Şurasının sədri kimi təqdim edən Vüsalə Ağabəylinin simasında buna şahid oluruq. Əslində, Qadınlar Şurasının sədri seçkisinin keçirilməsi ilə bağlı da hansısa sənəd və ya protokol yoxdur. Buna görə onun belə bir ictimai-siyasi vəzifəni tutması ilk ərazi təşkilatı və ADU-da YAP üzvü olan ziyalı qadınlar tərəfindən də tanınmır. Bu haqda YAP Nəsimi rayon təşkilatının sədri, Millət vəkili hörmətli Məlahət İbrahimqızı da mətbuatda öz fikrini ifadə edib.

Ona bu seçkili vəzifə yalnız həvalə edilib. V.Ağabəyli isə ötən 2 il ərzində belə bir vəzifənin adından sui-istifadə edib, lakin bu sahədə heç bir fəaliyyət göstərməyib. Hətta ona partiya üzvləri tərəfindən irad bildirilməsinə baxmayaraq, yenə də öz işinə etinasız yanaşıb və yeri düşdükcə öz fəaliyyətsizliyinə rəğmən, partiyanın adından sui-istifadə edib. Bununla bağlı rəsmi şəxslərə yalan informasiya verməkdən, öz fəaliyyətsizliyində digər şəxslərə böhtan atmaqla onları günahlandırmaqdan belə çəkinməyib.

Şəxsinə ADU-da ögey münasibətdən bəhs edən V.Ağabəyli təkcə 2017-2018-ci illərdə Gürcüstan, Macarıstan, Türkiyə, Finlandiya və İspaniyada universitetin rəhbərliyinin göndərişi ilə müxtəlif beynəlxalq proqramlarda, həmçinin ölkəmizdə keçirilən gənc alimlərin, müəllimlərin qurultaylarında, forumlarda, seminarlarda və konfranslarda iştirak edərək, universiteti təmsil edib.

Universitet rəhbərliyinin V.Ağabəyliyə “ögey” münasibəti yalnız öz vəzifəsindən sui-istifadə edib müəllimlərin açıq dərsini qaydaları pozaraq və qərəzli şəkildə dəyərləndirilməsində, bir də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə etinasız münasibət göstərdiyinə görə baş verib. Bu məqamda belə rəhbərlik yenə də humanist davranaraq. V.Ağabəyliyə yalnız töhmət verilməsilə kifayətlənib.

Müraciətində vaxtilə ona dərs demiş öz qocaman müəllimlərinin belə müxtəlif kafedralara rəhbərlik etməsini həzm edə bilməyən bu şəxs onların Universitetdəki nəcib fəaliyyətini “hegemonluq”, özlərini isə “təhsildən bixəbərlər” adlandırmaqdan çəkinmir. Bu, müəllim etikasına xələl gətirən bir davranış deyil, bəs nədir?!

İşində buraxdığı nöqsanlara görə aldığı tənbeh cəzasını özünə qarşı böyük ədalətsizlik aktına çevirən ərizəçi bu halı bütün əməkdaşlara qarşı hesab edir, halbuki onun müxtəlif vəzifəli şəxslərə, xüsusən ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı bu yalan və böhtan dolu müraciətə universitetin bütün kollektivi qarşı çıxır, bu halı qətiyyətlə pisləyirlər. Bu məsələ ilə bağlı Universitetin rəsmi saytına hər gün onlarla müraciətlər daxil olur.

Universitetin auditoriyalarının maddi-texniki təminatı ilə bağlı isə son bir ildə görülən işlər, dərs prosesinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə alınan avadanlıqlar, yaradılan yeni auditoriyalar isə sanki şikayətçinin fəaliyyət göstərdiyi universitetdə olmayıb. Bu faktları universitetin bütün tələbə və əməkdaşları təsdiqləyir. Bir də ki, görünən dağa nə bələdçi?!

V.Ağabəylinin rəhbərlik etdiyi dekanlığın ADU-nun anbarından aldığı ləvazimatların həcmi isə öz imzası ilə yazılan və icra edilən təqdimatlardan görünür. O ki qaldı, birinci kurs tələbələrinin aldıqları bədii ədəbiyyatların pulunun ödənilməsinə, bu ancaq ADU-nun Sosial Fondu vasitəsilə olub, bunun üçün heç kəsin adına pul yazılıb silinməyib. Bu yalnız V.Ağabəyli tərəfindən deyilən ağ yalan, böhtan və iftiradır. Asanlıqla yoxlana bilən faktdır.

Bu gün özünü dekan kimi təqdim edən şəxsin tutduğu vəzifəyə seçilməsi belə doğru-düzgün aparılmayıb. Belə ki, dekan seçkiləri heç bir kafedrada müzakirə edilməyib və protokollaşdırılmayıb. Dekan seçilərkən isə V.Ağabəylinin elmi adı belə olmayıb.

Bu qədər saxtakarlıqla özünə “uğurlu karyera” quran şəxs indi özünü günahsız bir “təhsil fədaisi” kimi ictimaiyyətə sırımaqdadır və bunun üçün qarşı tərəfi də öz yalan və böhtanları ilə çirkaba batıracağını düşünür. Düşdüyü durumda öz həmkarlarından dəstək görməyən şikayətçi tələbələri öz oyununa alət edərək, sosial şəbəkələrdə onları iğtişaşa səsləməkdən belə çəkinmir. ADU kollektivi buna göz yuma bilməz, bununla bağlı çox sərt tədbirlər görmək əməkdaşlar tərəfindən universitet rəhbərliyi qarşısında qaldırılıb.

Universitet haqqında yalan və böhtan informasiya yayan bu şəxslərin niyyəti ADU-nu 2 il əvvəlki duruma salmaq, tələbələri nəinki universitetə qarşı, hətta dövlətə qarşı qaldırmaqdan ibarətdir. ADU rəhbərliyi isə tələbələrin daha əvvəl qurulmuş “imtahan oyununa” salınmasına qarşıdır və atılan bütün addımlarda tələbə-müəllim münasibətlərinin doğru-düzgün qurulmasına çalışır.

ADU-da atılan hər bir addım, görülən hər bir iş Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü təhsil siyasətinə, multikulturalizm siyasətinə və Azərbaycançılıq məfkurəsinə uyğun şəkildə qurulub. Bunun bariz nümunəsidir ki, bu gün ADU-da həm tədrisin keyfiyyəti yüksəlir, həm də beynəlxalq təcrübə mübadilə proqramları vasitəsilə universitetə gətirilir. Bu prosesi ləkələməyə, ADU kimi nüfuzlu təhsil ocağını öz müəllim əxlaqına zidd yalan, böhtan və iftiraları ilə gözdən salmağa çalışan şəxslər öz qanunazidd əməllərinə haqq qazandırmaq üçün dövləti aldatmaqdan belə çəkinmirlər.

ADU Mətbuat xidmətinin ictimaiyyətə ünvanlanan bu müraciətini onlarla universitet əməkdaşı imzalayır”.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər