ABŞ məhkəməsindən “Azərbaycanın Dostları Assosiasiyası”nın rəhbəri, FETÖ-çü Kamal Öksüz haqda skandal qərar – Ermənistanda həbs olunmuşdu

ABŞ məhkəməsindən “Azərbaycanın Dostları Assosiasiyası”nın rəhbəri, FETÖ-çü Kamal Öksüz haqda skandal qərar – Ermənistanda həbs olunmuşdu

ABŞ Ədliyyə Nazirliyinin tələbi ilə keçən ilin avqust ayında Ermənistanda həbs olunan FETÖ üzvü Kamal Öksüz məhkəmədə hakim qarşısına çıxarılıb.

Avropa.info xəbər verir ki, Vaşinqton DC regional məhkəməsində baxılan və hakim Tanya Çutkanın apardığı məhkəmə işində iddiaçı tərəf Öksüzün “ABŞ Konqresi üzvlərinin 2013-cü ildə Azərbaycana etdiyi səfər barədə” Konqresə yalan məlumat verdiyini bildirib.

Prokuror Öksüzün vaxtilə sədrlik etdiyi Avrasiya Amerikalıları Turkuaz Şurasının qeyri-kommersiya təşkilatı kateqoriyasında olmasına baxmayaraq, “lobbiçilik” etdiyini və bu halın qanunlara zidd olduğunu qeyd edib.

Öksüzün vəkili isə müvəkkilinin törətdiyi cinayətin fərqində olduğunu, bundan peşman olduğunu və məhkəmə ilə əməkdaşlıq etdiyini deyib.

Məsələ ilə bağlı həbs cəzası ala biləcəyi qeyd edilən Öksüz hakim Çutkan tərəfindən 2 il şərti həbs cəzasına və 20 min dollar pul cəzasına məhkum edilib. Öksüz cəza olaraq ictimai işlərdə 100 saat çalışacaq. Bununla da ABŞ məhkəməsi FETÖ-çü Öksüzü həbsdən qurtarıb.

Proses ərzində prokurora müxtəlif suallar verən hakimin müdafiə tərəfindən heç nə soruşmaması diqqət çəkib. Məhkəmədə “demokratiya və demokratik təşkilatları müdafiə vəzifəsindən” danışan hakim Çutkanın Öksüzün Konqresə yalan deməsi barəsində danışmaması suallara səbəb olub.

Ermənistanda həbs olunduqdan sonra ABŞ-a ekstradisiya olunan Öksüz keçən il dekabr ayında hakim qarşısında verdiyi ilk ifadədə özünə qarşı ünvanlanan bütün ittihamları qəbul etmiş və ilk ifadəsindən sonra 50 min dollar zaminlə həbs-qətimkan tədbiri seçilmədən azad edilmişdi.

ABŞ Ədliyyə Nazirliyi 2013-cü ildə ABŞ Konqresi üzvlərinin Azərbaycana etdiyi bir səfərin maliyyələşdirilməsi ilə bağlı qanunların pozulmasına görə Öksüzü ittiham etmişdi.

Nazirlik Ermənistandan ABŞ-a ekstradisiya olunduqdan sonra Konqres heyətinin Azərbaycana etdiyi səfər xərclərinin mənbəyini gizlətdiyini və Konqresin Etika Komitəsində məsələ ilə bağlı ifadə verdiyini ilk sorğusunda qəbul etdiyini bildirmişdi.

Texas ştatındakı FETÖ şəbəkəsinə məxsus Avrasiya Amerikalılar Turkuaz Şurasının sabiq sədri Öksüz ABŞ-n ittihamları və ekstradisiya tələbi nəticəsində 2018-ci ilin avqustunda Ermənistanda həbs olunmuşdu. “Azərbaycanın Dostları Assosiasiyası” adlı bir quruma da rəhbərlik edən Öksüzün , FETÖ-nün Türkiyədə həyata keçirmək istədiyi dövlət çevirilişi cəhdindən sonra, ABŞ vətəndaşlığı aldığı, adını Kevin olaraq dəyişdirdiyi də üzə çıxmışdı. 

Öksüz barəsində hazırlanan iddianamədə maliyyə sənədlərini  təhrif  etmək, Konqresə yalan ifadə vermək daxil 5 ittiham irəli sürülmüşdü. Etika Komissiyası 2015-ci ildə səfərdə iştirak edən 10 Konqres üzvü və 30-dan çox müavinin Konqres qaydalarını “bilərək pozması”na dair sübutların olmadığına qərar vermişdi.

ABŞ-ın qeyri-kommersiya təşkilatları Konqres üzvlərinin səfərlərinə sponsorluq edə bilir, ancaq səfər xərclərinin mənbəyinin düzgün sənədləşdirilməsi lazımdır.

Türkiyə polisi Öksüzün ekstradisiyasına dair Ermənistan İnterpolundan məlumat tələb olunması və məsələnin yaxından izlənməsi barədə bəyanat yaymışdı.

Türkiyə əleyhinə çıxışları ilə tanınan amerikalı senatorlarla yaxın münasibəti olan Öksüzün adı FETÖ-nün ABŞ-da uzun illərdir yaşayan şəxsləri arasında çəkilirdi. Türk mediası Öksüzün Virciniya ştatının Arlinqton şəhərində qiyməti 1,7 milyon dollarlıq evinin video kadrlarını paylaşmşdı.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər