“Ana harayı” abidəsi önündə hazırlıqlar başlayıb – Fotolar

“Ana harayı” abidəsi önündə hazırlıqlar başlayıb – Fotolar

Fevralın 26-da 20-ci əsrin ən dəhşətli qətliamının – Xocalı soyqırımının 27-ci ili tamam olur. Artıq Xətai rayonu ərazisində yerləşən Xocalı parkında və ətraf küçələrdə müəyyən abadlıq işlərinə başlanılıb. Faciənin dəhşətlərini özündə əks etdirən fotolar, stendlər, gül kolları əraziyə gətirilib.

Musavat.com xəbər verir ki, Xocalı parkına da xeyli sayda gül və çiçək dəstələri gətirilib. Parkın qazon örtüyü dəyişdirilib, yenilənib. Ağacların dibi şumlanıb, eləcə də park ətrafında, yol kənarlarında təmir işləri də aparılır.

Məlumat üçün qeyd edək ki, Xocalı soyqırımı iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Bu qanlı faciədən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçib, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeridib, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutub.

Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613 nəfəri, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilsə də, bəşəriyyət əleyhinə bu cür ağır cinayətə beynəlxalq miqyasda hələ hüquqi qiymət verilməyib.

Qeyd edək ki, fevralın 5-də prezident İlham Əliyev Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında sərəncam imzalayıb.

Sərəncamda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə bağlı tədbirlər planını hazırlayıb onun həyata keçirilməsini təmin etmək tapşırılıb.

Əli Rais,
Musavat.com

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər